Əsas Səhifə > Dünya > Sinvar öldü, İsrail üçün yeni dəhşət gəlir

Sinvar öldü, İsrail üçün yeni dəhşət gəlir


Bu gün, 09:15
Sinvar öldü, İsrail üçün yeni dəhşət gəlir
İsrail HƏMAS və “Hizbullah” liderlərini aradan götürdü. Ekspertlər hesab edir ki, bu, İranı Yaxın Şərqdə xeyli zəiflədib. Xüsusilə İsmayıl Haniyə, Yəhya Sinvar, Şeyx Həsən Nəsrullahın ard-arada öldürülməsi İsrailin əl-qolunu açacaq.

İran İsraillə proksi qüvvələr üzərindən vuruşurdu. İndi İsraillə təkbətək, baş-başa qalıb. İsraillə İran arasında müharibənin tezliklə başlayacağı deyilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Vüqar Zifəroğlu deyib ki, Yəhya Sinvarın öldürülməsi Yaxın Şərqdə, İsrail-Fələstin münaqişəsində ciddi təhdidlər yarada bilər:

“Sinvar HƏMAS-ın siyasi hərbi qanadının təmsilçisi kimi qəbul edilirdi. Təbii ki, onun öldürülməsi nəticəsiz olmayacaq. Onun ölümü özünü HƏMAS daxilində hiss etdirəcək. Belə ki, HƏMAS liderlərinin ölümü daxildə mübarizəyə səbəb ola bilər.

Dünəndən başlayaraq bu məsələ artıq müzakirələrə səbəb olub. Haniyədən sonra Sinvar HƏMAS-ın ən nüfuzlu, xarizmatik lideri hesab olunurdu. Onun ölümü təşkilatda güc boşluğu yaradacaq. Bununla belə qısa müddətdə onun boşluğu doldurula bilər. Bir müddət mübarizəyə şahid olsaq da hesab edirəm bu, uzun çəkməyəcək.

Digər bir məqam ondan ibarətdir ki, Sinvarın İsrailə sərt mövqeyi olmasına rəğmən HƏMAS-ın siyasi və hərbi qanadı arasında balansı təmin etməyə çalışırdı. Onun ölümü sonrası isə bu balans da pozula bilər. Yəni HƏMAS İsrailə qarşı daha sərt addımlar ata bilər.

İsrail və ABŞ Sinvarın ölümünü sanki Qəzza və Fələstinə sülhün gəlməsi kimi şərh edirlər. Bu heç də belə deyil. Sinvarın öldürülməsi HƏMAS-ı aktivləşdirəcək. İsrail ilə Qəzza arasında intensiv atışmalara yol verəcək. Bundan başqa Sinvarın ölümü İranı, onun digər proksilərini aktivləşdirəcək. Misal üçün Həşdi-Şabi qrupu prosesə qoşula bilər”.
Geri qayıt