Əsas Səhifə > Dünya > Rusiyanın Qərbə mesajı və qəbul edilməyən şantaj

Rusiyanın Qərbə mesajı və qəbul edilməyən şantaj


18-01-2023, 08:14
Rusiyanın Qərbə mesajı və qəbul edilməyən şantaj
Yanvarın 14-də Dnepri raketlərlə vuruldu. Rusiyanın qanlı cinayətindən əvvəl isə Ukrayna üçün vacib və çoxdan gözlənilən xəbər gəldi: beynəlxalq tərəfdaşlar hücum silahları verəcəklər.

Məlumdur ki, Böyük Britaniyanın Baş naziri Rişi Sunak 14-ə qədər “Challenger 2” tankı, həmçinin 30 ədəd AS90 özüyeriyən artilleriya qurğusunun Ukraynaya göndərilməsi planını təsdiqləyib. Həqiqətən də söhbət Britaniyanın bizə ilk 4-6 döyüş tankını vermək niyyətindən gedir. Amma bu məsələdə tankların bu partiyasını yalnız ilk transfer kimi elan edən İngiltərə müdafiə naziri Ben Uollesin açıqlamasına diqqət yetirilməlidir. Çox güman ki, onlar hələ yoxlama aparmayıblar, həmçinin öz müdafiə qabiliyyətinə zərər vermədən Ukraynaya nə qədər tank ötürə biləcəklərini müəyyən etməyiblər.

Və bu məlumat rəsmi olaraq Britaniya hökumətinin saytında yalnız bazar günü ortaya çıxsa da, onlar başa düşməlidirlər ki, Rusiyanın Dneprə raket hücumu əslində işğalçının tankların Ukraynaya verilməsi qərarına cavabıdır.

Ruslar çoxdandır ki, tankların Ukraynaya verilməsinin müharibəni ağırlaşdıracağını deyirlər. Və belə bir gərginliyi nümayiş etdirməyə bilməzdilər.

Digər nüans odur ki, ruslar bu dəfə infrastruktur obyektlərinə dəqiq zərbələr endirə bilmədilər. İnsanlarımız xəsarət aldı, lakin əvvəlki raket hücumları ilə müqayisə etsək, 14-15 yanvarda Rusiya Federasiyası daha az hədəfi atəşə tutdu və daha az kütləvilik mü.ahidə edildi.

Bütün bunlar belə bir fikrə gətirib çıxarır ki, Dneprin atəşə tutulması Rusiyanın mesajı idi. Axı biz yeni silah növünün istifadəsini, ballistikanın potensial istifadəsini gördük. Beləliklə, Rusiya Federasiyası növbəti dəfə hədələri artırmağa çalışır.

Lakin Qərbin bunu şantaj kimi qəbul etmədiyini görürük. Axı ingilislər, polyaklar, fransızlar bizə silah ötürməyə hazırdırlar. Xatırladaq ki, Fransanın müdafiə naziri Sebastyan Lekornu Ukraynanın tezliklə AMX-10RC tanklarını alacağını bildirib.

Ümumiyyətlə, Rusiya eskalasiyasının döyüş sursatı, eləcə də spesifik raket növlərinin istifadəsi baxımından artımına nəzər salsaq, rusların nəyə eyham vurduğu aydın olar.

Amma məsələ ondadır ki, rusların gələcəkdə vəziyyəti gərginləşdirəcək aləti yoxdur. Gördük ki, artıq raketlərdən nüvə yükü daşıya bilən hissəni çıxarırlar və standart raket atırlar.

Sonra nə olacaq? Ruslar əvvəllər etdikləri hər şeyi davam etdirməyə çalışacaqlar: mülki hədəfləri atəşə tutmaq, qorxutmaq, İranla raketlərin ötürülməsi ilə bağlı danışıqlara nail olsalar, enerji infrastrukturunun kütləvi şəkildə atəşə tutulmasını davam etdirmək. Yeri gəlmişkən, qərbli həmkarlar arasında getdikcə Rusiya Federasiyasının da kimyəvi silahdan istifadə edə biləcəyi barədə danışılır. Belə bir ehtimal var, çünki bu da mümkün eskalasiya ssenarilərindən biridir.

Digər tərəfdən, rusların indi çox məhdud strateji manevr imkanları var. İrandan raket alsalar da, bu, az miqdarda olacaq. Fakt budur ki, İranda vəziyyət çox qeyri-sabit olaraq qalır. İranın Yaxın Şərqdə eskalasiya kursunu dəyişmədiyini görürük. O, həm İsrail, həm də Səudiyyə Ərəbistanı ilə, faktiki olaraq ABŞ-ın regiondakı bütün müttəfiqləri ilə gərginlik içərisindədir. Yəni ki, ilk növbədə İranın özünə raket lazımdır. Ona görə də Rusiyaya silah transferləri edilsə də, çox məhdud sayda olacaq.

Bundan əlavə, ABŞ-ın yeni sanksiyalar tətbiq etməsinin başqa bir amili də var ki, bu da İranın Rusiyaya təkcə silahları deyil, həm də ehtiyac duyduğu bütün resursları və komponentləri ötürməsinin qarşısını alacaq. Yəni ki, bu və ya digər şəkildə İran raketlərinin Rusiya tərəfindən qəbulu ehtimalı azalır. Ancaq Ukrayna yeni hücum silahlarını gözləməlidir.

Müəllif: Aleksandr Kraev - "Ukrayna Prizması" Xarici Siyasət Şurasının eksperti
Mənbə:UNİAN
Qeyd: tərcümə AYNA-ya məxsusdur.

Geri qayıt