Əsas Səhifə > Dünya > Ərdoğana qarşı əzik “6-lıq”
Ərdoğana qarşı əzik “6-lıq”7-01-2023, 10:35 |
Qardaş Türkiyədə keçiriləcək Prezident seçkiləri artıq indidən böyük müzakirə predmetinə çevrilib. Son on il ərzində dünya siyasətində mühüm fiqurlardan birinə, regionda isə əsas söz sahibinə çevrilən Türkiyə dövləti, dostlu-düşmənli hər kəsin diqqətindədir. Sevənləri və sevməyənləri ilə birlikdə. Hazırkı Prezident, 2003-cü ildən iqtidarda olan Rəcəb Tayyib Ərdoğan əleyhdarları var gücləri ilə onu çıxdaş etmək üçün ağıl və məntiq çərçivəsindən tutmuş ta ağlagəlməz hər şeyə qədər bütün yolları “dənəsələr” də, sonda görünən odur ki, hakimiyyət sükanını R.T.Ərdoğan idarə edir. Türkiyə cəmiyyətində də hazırkı iqtidara qarşı kəskin əks münasibətin olmaması, üstəlik, xarizma olaraq Ərdoğanın Türkiyənin çağdaş tarixində mühüm siyasi qüvvə kimi özünə möhkəm yer etməsi, Türkiyəni daha müstəqil siyasət aparan və sözü eşidilən dünya güclərinin siyahısına çıxara bilməsi ona olan ictimai dəstəyi də gücləndirib. Türkiyədəki müxalifət qüvvələri isə, bu vaxta qədər bütün seçkilərdə hələ ki, İstanbul və Ankara Bələdiyyə sədrliyini qazanmaqdan başqa heç bir uğura imza ata bilməyiblər. Həm ana müxalifət adlandırılan Cümhuriyyət Xalq Partiyası, həm də digər siyasi qruplaşmalar son 10 il ərzində keçirilən heç bir seçkidə mütləq qələbəyə sevinməyiblər. Xüsusilə, milliyyətçi siyasi düşərgənin əsas yuvası sayılan MHP-nin hazırkı prezident Ərdoğanı dəstəkləməsi həm parlamentdəki yerlərin, həm də ictimai rəyin AKP iqtidarının xeyrinə dəyişməsinə səbəb olub. MHP-nin Ərdoğan iqtidarını dəstəkləməsi, həm də birbaşa müxalifətin səslərinin parçalanmasına və təsir dairəsinin daralmasına gətirib çıxarıb. CHP lideri Kamal Kılıcdaroğlunun hər seçkidə lider olaraq önə keçmək əvəzinə, özünə olan inamsızlıqdan və seçkinin nəticələrindən qorxub arxa planda dayanması, son prezident seçkilərində namizədliyini irəli sürməməsi müxalifətə olan ictimai dəstəyi və siyasi inamı da yerlə bir edib. Bu adamın liderlik qabiliyyətinin olmaması, seçkilərdə məsuliyyəti öz üzərinə götürməməsi, Ərdoğana qarşı tribunalardan boş hay-küy salmaqdan başqa heç nəyə yaramaması CHP-nin hazırkı iqtidara qarşı güc göstərməsini də acı xəyala çevirir. Günü bu gün Türkiyə ictimai rəyində əsas fikir ondan ibarətdir ki, hazırkı müxalifət cəbhəsində Ərdoğana qarşı meydana çıxa biləcək xarizmatik lider yoxdur. Bu məsələdə ictimai rəy tam haqlıdır. Çünki hazırda anti-Ərdoğan cəbhəsində altı siyasi partiyanın birləşdiyi “6-lı masa” adlanan ittifaq, onların liderləri türklərin təbirincə desək, “rəisə” qarşı siyasi mübarizə aparmaq gücündə deyillər. “6-lı masa”da yer alan siyasi qüvvələrin öz aralarında da fikir müxtəlifliyi var. Əvvəla ondan başlayaq ki, altı siyasi partiyadan ikisinin rəhbəri Ərdoğanın keçmiş nazirləridir. Əhməd Davudoğlu və Əli Babacan Ərdoğan hökumətində önəmli siyasi karyera sahibi olublar, sonradan AKP iqtidarını tərk edərək ona qarşı müxalifət mövqeyinə keçiblər. Amma maraqlısı odur ki, bu iki siyasi fiqurun sürətlə təşkilatlanması, böyük və dəbdəbəli ofisə, güclü mühafizə xidmətinə, bahalı maşınlara sahib olması qətiyyən təsadüf sayıla bilməz. Ərdoğanın keçmiş kadrlarının bu şəkildə siyasi səhnəyə ATILMALARI, güclü media dəstəyi istər- istəməz “Davudoğlu və Babacan yenə Ərdoğanın “əlinə çalışır” fikrini gündəmə gətirir. Çünki hər iki adıçəkilən keçmiş nazirlərin zərrəcə də olsun Türkiyə cəmiyyətində sıfır səviyyəsində belə siyasi çəkisi yoxdur. O ittifaqdakı əsas siyasi fiqur sayılan İYİ partiya lideri Meral Akşener də keçmiş MHP-çidir, Türkiyə parlamentində vitse-spiker olub. CHP lideri K.Kılıcdaroğlundan fərqli olaraq bu xanım siyasətçi daha kəskin çıxışları, qətiyyətli mövqeyi ilə öndədir. Amma CHP-nin PKK terror təşkilatına yaxınlığı ilə seçilən HDP-yə, həbsdə olan Səlahəddin Dəmirtaşa loyal münasibəti M.Akşenerlə CHP arasında ciddi fikir ayrılıqlarına yol açıb. Üstəlik, Ərdoğan ilə açıq düşmənçilik aparan qərbdəki qüvvələrin hazırkı iqtidarı devirmək üçün məhz M.Akşenerə dəstək göstərdikləri də hiss olunur. Xüsusilə, mediada Ərdoğana qarşı açıq düşmənçilik edən Fətullah Gülən qruplaşmasının da xanım Akşenərə dəstək göstərdiyi deyilir. Lakin açıq şəkildə görünən odur ki, M.Akşenerin də “Rəisi” üstələmək şansı yoxdur. Həm də unutmaq olmaz ki, əgər Türkiyə siyasətində Ərdoğanı əzib keçəcək bir xarizmatik siyasətçi olsaydı, çoxdan qərbdəkilər onun imicini bəzəyib-düzəyib Ərdoğanla siyasi mübarizəyə atmışdılar. Son vaxtlar İstanbul Bələdiyyəsinin hazırkı sədri, CHP-çi Əkrəm İmamoğlu müxalifətin vahid namizədi kimi daha çox gündəmə gəlir. Bir çoxları İstanbul Bələdiyyəsinə keçirilən son seçkilərdə Ərdoğanın ən yaxın adamı, keçmiş Baş nazir Binəli Yıldırımı üstələyərək böyük səs çoxluğu ilə qələbə qazanan Ə.İmamoğlunun Ərdoğanla seçki yarışında daha şanslı namizəd olduğunu düşünsələr də, "6-lı masa" bu məsələdə də vahid qərarda deyil. Ə.İmamoğlunun öz partiyası onu bu seçkilərdə müxalifətin vahid namizədi kimi Ərdoğanla "döyüşə" atmaq istəmir. Əvəzində İYİ partiya sədri M.Akşener onun namizədliyində israr edir. Görünən odur ki, CHP Ə.İmamoğlunu hazırkı seçkilərdə Ərdoğanla mübarizəyə atmayacaq. Sanki Türkiyə müxalifətində Ərdoğan üzərində qələbə üçün hələ şəraitin yetişmədiyini düşünürlər. Deməli müxalifətin özü bu seçkilərdə qələbəsinə o qədər şübhə ilə yanaşır ki, əsas "silahını" açıq döyüşə atmır, sanki AKP iqtidarının məğlub olması üçün münasib şəraiti gözləyir. Bir sözlə, bu il keçiriləcək seçkilərdə əzik “6-lı masa”nın Ərdoğanı üstələyəcəyi mümkünsüz görünür. Həm də unutmaq lazım deyil ki, Ərdoğanın bu seçkilərdə məğlubiyyəti bütün bölgədəki prosesləri də kökündən dəyişməli olacaq. Vladimir Putinin şəxsi hakimiyyətindən başlamış Ukrayna böhranına qədər, yaxın Şərqdəki proseslərdən başlamış elə bizim Qafqaz bölgəsindəki hazırkı proseslərə qədər HƏR ŞEY DƏYİŞMƏLİ OLACAQ. Ərdoğan həm də hazırkı situasiyada Qərb üçün də önəmli siyasi aktordur. V.Putinlə şəxsi təmasları, Ukraynadakı proseslərə Vladimir Zelenskinin rəğbətini və etibarını qazanan lider kimi müdaxiləsi, taxıl böhranını aradan qaldırması onu bütün tərəflər üçün vacib oyunçuya çevirib. Türkiyə cəmiyyəti də hazırkı hökumətin bəzi nazirlərinin, siyasi mənsublarının adlarının korrupsiya və digər məsələlərdə hallanmasına baxmayaraq, Ərdoğan kursunu dəstəkləyir. Hazırkı ictimai rəy tablosu ən azından indilik belə görünür. Ərdoğanı üstələmək üçün Türkiyə müxalifəti hələ neçə seçki gözləyəcək, artıq onu zaman göstərəcək... Mətləb Salahov -DİA.AZ Geri qayıt |