Əsas Səhifə > Dünya > Türkiyə siyasi tarixində həlledici mərhələ
Türkiyə siyasi tarixində həlledici mərhələ6-01-2023, 10:45 |
Türkiyədə iyunun 18-nə təyin edilmiş prezident və parlament seçkilərinin tarixi ertələnə bilər. Bu ehtimalı bazar ertəsi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik açıqlayıb. O, bunu seçkilərin təyin edildiyi vaxtda əhalinin məzuniyyətdə olması ilə əlaqələndirib: “Bizim bu seçkiləri iyunun 18-də keçirmək iradəmiz var. Lakin bu, vətəndaşlarımızın xaricə məzuniyyətə getdiyi bir dövrə təsadüf edir. Odur ki, bəzi problemlər yarana biləcəyi üçün vəziyyətlə bağlı qiymətləndirmələr aparırıq”. Eyni zamanda AKP nümayəndəsi qeyd edib ki, səsvermə tarixinin mümkün dəyişdirilməsi növbədənkənar seçkilərin keçirilməsi kimi qiymətləndirilə biləcək bir qərar olmayacaq: “Bizim etdiyimiz qiymətləndirmələr erkən seçkilər kontekstində deyil. Bu məsələ ilə bağlı hələ yekun qərar yoxdur”. Xatırladaq ki, bir müddət öncə Türkiyədə erkən prezident və parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddialar gündəmə gəlsə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəti şəkildə bunu istisna etmişdi: “Türkiyədə erkən seçkilər olmayacaq. Seçki gələn ilin iyun ayında keçiriləcək. Özünüzü ora hazırlayın”. Türkiyədə hakim partiya səviyyəsində erkən seçkilər mövzusunun gündəmə gəlməsi ciddi müzakirələrə səbəb olub. Müxalifət təmsilçiləri hesab edir ki, Türkiyədə növbəti devalvasiya gözlənilir və məhz bu səbəbdən “Cümhur İttifaqı” seçkiləri tezləşdirməyə çalışır. DİA.AZ-ın məlumatına görə, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri Birliyi (TUİB) sədrinin müşaviri, Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Raqıp Sarı AYNA-ya açıqlamasında deyib ki, Türkiyədə erkən seçkilər nəticələrə təsir etməyəcək: “Hakim partiya rəsmisi Ömər Çelikin seçkilərin erkən keçirilə biləcəyinə dair açıqlaması ciddi maraqla qarşılanıb. Müxalifət hesab edir ki, seçkilərin ertələnmə səbəbi “Cümhur İttifaqı”nın situasiyasını nəzarətə almaq niyyətindən qaynaqlanır. Lakin mən bu iddialarla razı deyiləm”. “Əvvəla, bununla bağlı yekun qərar yoxdur. Digər tərəfdən, hətta belə bir qərar olsa belə, seçkilərin bir neçə ay irəli çəkilməsindən söhbət gedir. Bir neçə ay isə ciddi dəyişikliklərə gətirib çıxara bilməz. Bu mənada iyunda gözlənilən nəticələrin ondan bir neçə ay qabaq keçiriləcək seçkilərdə də təkrarlanacağı qənaətindəyəm. Belə bir qərarın olması əslində müxalifəti də narahat etməməlidir. Əgər onlar doğrudan da uğur qazanacaqlarına əmindirlərsə, seçkilərin hətta bu gün də keçirilməsinə hazır olmalıdırlar”, - deyə həmsöhbətimiz bildirib. Onun fikrincə, seçkilərdə “Cümhur İttifaqı”nın qələbəsi qaçılmaz görünür: “Müxalifətin “Altılı masa”sı hələ vahid namizədini açıqlamayıb. Cümhuriyyət Xalq Partiyasının daxilində də vahid namizədlə bağlı yekdil qərar yoxdur. Təkcə bu partiyadan üç iddialı mövcuddur və onlardan heç biri geri çəkilmək niyyətində deyil. Müxalifət seçkilərə fəal hazırlaşdığını və birlikdə mübarizə aparacaqlarını bəyan etsə də, onların ciddi sosial elektoratı yoxdur. Görünən odur ki, Türkiyə seçiciləri bu seçkilərdə də mövcud iqtidara etimad göstərəcəklər”. “Bu baxımdan qarşıdakı seçkilərin qalibinin “Cümhur İttifaqı”ndan olacağı qənaətindəyəm. Seçkilər yaxınlaşdıqca siyasi mübarizə artsa da, rəqabət çoxalsa da, nəticə Ərdoğan və komandasının xeyrinə olacaq. Sadəcə Türkiyənin müstəqil siyasət yürütməsi, ABŞ və Qərbin dediyi ilə oturub-durmaması, Rusiyaya qarşı embarqolara qoşulmaması Türkiyəni öz nəzarətində görmək istəyən qüvvələri qıcıqlandırır. Onlar hər vəchlə Ərdoğan iqtidarını devirməyə, öz adamlarını hakimiyyətə gətirməyə çalışırlar. Seçkiöncəsi beynəlxalq təzyiqlərin artacağı gözlənilir. Seçkilərin ertələnəməsi həm də beynəlxalq dairələrin Türkiyəni qarışdırmaq niyyətini önləmək üçün atılan bir addım ola bilər”, - deyə Sarı vurğulayıb. Əlavə edib ki, Türkiyədə Ərdoğanla müxalifətin deyil, həm də onunla Qərbin arasında bir mübarizə gedir: “Hesab edirəm ki, Türkiyə bu seçkilərdə milli maraqları təmsil edən namizədə - Ərdoğana etimad göstərəcək. Bunun əksi olsa, Türkiyənin siyasi həyatında çox ciddi dəyişikliklər baş verəcək”. DİA.AZ bildirir ki, Azərbaycanın sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Türkiyədə seçkilərin gərgin şəraitdə keçəcəyi qənaətindədir. Onun AYNA-ya dediyinə görə, kifayət qədər gərgin siyasi mübarizə gedəcək: “Müxalifət birləşmiş və vahid komanda halında seçkilərə gedir. Əvvəlki seçkilərlə müqayisədə Ərdoğan daxildə ciddi elektorat itkisinə məruz qalıb. Digər yandan, bu seçkilərə beynəlxalq maraq həddindən artıq böyükdür. Türkiyənin müstəqil xarici siyasət yürütməsi Qərbi hərəkətə gətirib. Onlar bütün təzyiq imkanlarını işə salaraq, Ərdoğan və komandasının devrilməsinə çalışacaqlar”. “Yəni, Ərdoğan bu gün təkcə müxalifətə, “Altılı masa”ya qarşı yox, ona qarşı olan Qərbə qarşı döyüşür. Lakin bütün hallarda seçkilərin taleyinə Türkiyə seçiciləri aydınlıq gətirəcək. Türkiyə demokratik dəyərlərin oturuşduğu bir ölkədir və qardaş ölkənin seçiciləri özləri öz iqtidarını və parlamentini formalaşdıracaqlar”, - deyə müsahibimiz söyləyib. Sabiq dövlət müşaviri seçkilərdə “Cümhur İttifaqı”nın qələbə qazanacağı qənaətindədir: “Bir daha söyləmək istəyirəm ki, seçkilər gərgin şəraitdə keçəcək. Nəticələr barədə qəti mülahizə yürütmək çətindir. İrəliləyən aylarda vəziyyət dəyişə də bilər. Yəqin ki, müxalifət də vahid namizədini açıqlayacaq”. “Amma Türkiyə bu kimi vəziyyətlərdən dəfələrlə üzüağ çıxıb. Hesab edirəm ki, çətinliklə də olsa, seçkilərin qalibi Ərdoğan və komandası olacaq. Türkiyə seçicilərinin hakim siyasi bloka etimad göstərəcəyi ehtimalları daha yüksəkdir”, - deyə Hüseynli fikrini yekunlaşdırıb. Geri qayıt |