Əsas Səhifə > Dünya > Pekin Ankaraya verdiyi vədi yerinə yetirməyib
Pekin Ankaraya verdiyi vədi yerinə yetirməyib4-01-2023, 11:27 |
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pekinin Türkiyənin Çindəki səfirinin uyğurların yaşadığı Sincan əyalətinə səfərinə 5 ildir icazə vermədiyini və bunun iki dövlət arasındakı əlaqələrə mənfi təsirini etiraf edib. Mövlüd Çavuşoğlu bu barədə ilin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında deyib. Çavuşoğlu Pekinin Türkiyədən bir heyətin uyğurların yaşadığı bölgəyə səfər edəcəyini vədini xatırladıb, ancaq Çin hakimiyyəti bu vədini yerinə yetirməyib. Çavuşoğlu Pekinin uyğur məsələsinə Ankaranın narahatlığı səbəbindən Türkiyə - Çin əlaqələrinin zədələndiyini bildirib. Çavuşoğlu bildirib ki, Pekin daima Türkiyədə yaşayan uyğurların ekstradisiyasını tələb edir. “Biz bu cür tələbləri yerinə yetirmirik” deyən Türkiyənin xarici işlər naziri bildirib ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının uyğurlarla bağlı 48 səhifəlik hesabatında Sincanda kütləvi həbslərin işgəncə, cinsi zorakılıq, məcburi əmək, məcburi abort və sterilizasiya ilə yadda qaldığını müəyyən edib. Çavuşoğlu insan haqları pozuntularını ortaya qoyan həmin hesabata Ankaranın reaksiya verdiyini söyləyib. Xarici işlər naziri bildirib ki, Türkiyə Çinlə şəffaf şəkildə əməkdaşlıq etmək istəyir: “Niyə biz Çinin təbliğat vasitəsinə çevrilməliyik? Biz əməkdaşlıq etmək istəyirik, buna siyasi məsələ kimi baxmırıq. Biz qəti şəkildə Çin əleyhinə deyilik. Biz həmişə demişik ki, “vahid Çin” konsepsiyasını dəstəkləyirik”. Şərqi Türküstanın mühacirətdəki hökuməti Türkiyə hökumətini uyğurların həbsini və deportasiyasını dayandırmağa və Çinlə bu məsələdə əməkdaşlığa son qoymağa çağırıb. Şərqi Türküstanın mühacirətdəki hökuməti Vaşinqtonda qurulub. Qurum Şərqi Türküstan xalqını beynəlxalq səhnədə təmsil edir. Beləliklə, Türkiyə ilə Çin arasındakı münasibətlərdə mübahisə yaradan əsas bənd uyğurlarla bağlıdır. Pekin uyğurları assimilyasiya siyasətini davam etdirir, “əmək düşərgələri” praktikasından imtina etmir. Pekinin bu siyasəti Ankaranın narazılığına səbəb olur. Digər tərəfdən Türkiyədə yaşayan uyğurlar Ankaranın Pekinlə münasibətlərinə yenidən baxmasını tələb edirlər. Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının müttəfiqi Milliyətçi Hərəkat Partiyasıdır. Bu partiya dünyanın müxtəlif ölkələrində türklərin problemlərinə həssas yanaşır. Hakim partiya bunu nəzərə almaq məcburiyyətindədir. “Atlas” Araşdırmalar Mərkəzi - DİA.AZ Geri qayıt |