Əsas Səhifə > Dünya > Genişmiqyaslı blef: Putinin Minskə səfərinin pərdəarxası
Genişmiqyaslı blef: Putinin Minskə səfərinin pərdəarxası21-12-2022, 08:12 |
Dekabrın 19-da Rusiya diktatoru Vladimir Putin son üç ildə ilk dəfə Minskdə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdü. Əvvəllər belə görüşlər yalnız Kremldə, Lukaşenko Rusiyaya səfər edəndə keçirilirdi. Amma indi padşah guya tərəfdaşlıq münasibətlərini nümayiş etdirmək üçün Minskə baş çəkmək qərarına gəlib. Təbii ki, gündəmin əsas mövzusu Belarus ordusunun qondarma “xüsusi əməliyyat”da iştirakı olub. Əlbəttə, Lukaşenko Belarus ərazisindən Ukraynaya təkrar hücumun olmasını istəməzdi. Çünki bu, ilk növbədə, növbəti sanksiyalar təzyiqinə gətirib çıxaracaq və Kreml Minskin iqtisadi itkilərini kompensasiya edə bilmir. İkincisi, bütün rəy sorğuları belarusların Ukraynaya qarşı müharibədə iştirak etmək istəmədiyini göstərir. Və burada Lukaşenko yaxşı bilir ki, belə bir addım atsa, ölkəsində yeni iğtişaşlar baş verə bilər ki, bu da artıq onun rejiminin dağılmasına səbəb ola bilər. Kreml də bundan xəbərdardır. Onu da başa düşmək lazımdır ki, Lukaşenko ŞƏT sammitində Si Cinpinlə tərəfdaşlıq sazişi bağlayarkən Çinin dəstəyini və protektoratını qəbul edib. Çinlə miqyasına görə, onların əlaqələri Rusiya Federasiyası ilə Çin arasındakı münasibətdən daha yüksək səviyyəyə çatıb. Lukaşenko Çinin zəmanətini almaqla özünü Putinin mütləq marionetinə çevrilməkdən sığortaladı. Bu, həm də Çinin siqnalı idi ki, Pekinin Belarusda öz maraqları var və Kremlin bunu tamamilə mənimsəməsinə imkan verməyəcək. Putin bununla hesablaşmalı olacaq, çünki son bir ildə Rusiyanın Çindən asılılığında hədsiz dərəcədə artım müşahidə olunub. Əslində Çin Rusiyanın enerji resurslarının alıcısı olaraq qalmaqla Rusiya iqtisadiyyatını xilas edir. Kreml belə bir tərəfdaşı itirməyə cəsarət etməyəcək. Çin bazarının itirilməsi Rusiya Federasiyasına belarusların Ukraynaya qarşı müharibədə iştirak etməməsindən daha çox zərbə vuracaq. Beləliklə, Belarus ordusunun şimaldan Ukraynaya təkrar hücumda iştirak riskləri aşağı olaraq qalır. Amma bu o demək deyil ki, Lukaşenko ilə Putin arasında görüş heç nə ilə bitdi. Hərbi sahədə, şübhəsiz ki, onlar anbarlardan texnikanın verilməsini, növbəti raket hücumları və Ukraynaya yeni hücum üçün təlim poliqonlarının və Belarus Respublikasının ərazisinin təmin edilməsini müzakirə ediblər. Çox güman ki, bundan sonra Rusiya qrupunun koordinasiyasının bir növ təftişi, eləcə də Ukraynaya yeni işğala hazırlıq yoxlanılacaq. Yerli auditoriya üçün bu, Rusiyanın hərbi sahədə özünü Belarusda “evindəki kimi” hiss etdiyinə işarədir, kənar üçün isə təzyiqin başqa bir elementidir. Rus qoşunlarının hücumunun hazırlandığı faktı göz qabağındadır. Bu, payızda Ukrayna Silahlı Qüvvələrinin bir sıra sarsıdıcı məğlubiyyətlərindən və sillələrindən sonra Putin üçün son dərəcə zəruridir. Lakin Belarus ərazisindən hücumla bağlı hekayə Putinin diqqəti yayındırmaq üçün aldadıcı manevri ola bilər: şimaldan hücum hazırlığını göstərmək, amma əslində, məsələn, Zaporojyeyə hücum planlaşdırmaq. Bundan əlavə, Kremlin kulis məsləhətləşmələrində Rusiya Federasiyasının Kiyevə qarşı yeni kampaniyaya hazırlanması ilə bağlı səs-küylü təbliğat Ukraynanın Qərb tərəfdaşlarına təzyiq üçün arqument ola bilər. Necə ki, ya Kiyevi güzəştə getməyə məcbur edirsən, ya da biz yenidən hücuma keçəcəyik. Eyni zamanda, indi Rusiya Federasiyasının zərbə qüvvəsi Ukraynaya hücum etmək üçün kifayət etmir. Ona görə də baş verənlər daha çox Putinin blefinə bənzəyir. Müəllif: Maksim Yali - Ukrayna Siyasi Elmlər Akademiyasının müxbir üzvü Mənbə: UNİAN Qeyd: tərcümə AYNA-ya məxsusdur Geri qayıt |