Əsas Səhifə > Dünya > Belarusdakı görüş nəticəsizdir, Zelenski güzəştə getməyi düşünmür

Belarusdakı görüş nəticəsizdir, Zelenski güzəştə getməyi düşünmür


1-03-2022, 08:16
Belarusdakı görüş nəticəsizdir, Zelenski güzəştə getməyi düşünmür
Dünən Belarusda Rusiya-Ukrayna danışıqları baş tutub. Görüşdə Rusiya nümayəndə heyətini keçmiş mədəniyyət naziri Vladimir Medinski, Ukrayna tərəfini isə deputat David Araxamiya təmsil edib. Danışıqlarda Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin dayandırılması şərtləri müzakirə olunub. Ukrayna nümayəndə heyəti Belarusda Rusiya tərəfi ilə danışıqlar zamanı bütün rus qoşunlarının çıxarılmasını tələb edib. Bildirilib ki, Ukrayna nümayəndə heyəti rus qoşunlarının o cümlədən, Krım və Donbassdan çıxarılmasını tələb edib. Məlumat üçün bildirək ki, Ukrayna və Rusiya nümayəndələri görüşərkən rus ordusu Xarkovu bombalayıb. Hava hücumu nəticəsində xeyli mülki sakin həyatını itirib. DİA.AZ-ın məlumatına görə beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Şərq”ə bildirib ki, Rusiya görüşə razılıq verməklə dünyaya danışıqlarda maraqlı olduğunu göstərmək istəyir. Analitikə görə, Moskva çalışır ki, üzərində savaşın məsuliyyəti qalmasın:

“Rusiyanın arqumentləri o zaman təsirli görünərdi ki, Moskva iddia etdiyi kimi iki günə, yəni 48 saata “ildırımsürətli müharibə” ilə Ukraynaya qalib gələrdi. O zaman Qərb də bunu qəbul edərdi. Amma biz gördük ki, tamamilə fərqli senari cərəyan etməyə başladı. İlk görüş uğursuz başa çatdı. Görüşün sonuna yaxın Xarkovun bombalanması göstərdi ki, tərəflər ortaq məxrəcə gəlməkdən çox uzaqdır. Ukrayna Prezidenti V.Zelenskinin səsinin yüksəlməsi, NATO-dan, Qərb və Şərqdən ciddi hərbi-humanitar dəstək alması Kiyevin əlini gücləndirdi. Artıq Zelenski Rusiya qarşısında güzəştə getməyi düşünmür”.
Ə.Əlibəyli vurğulayıb ki, Rusiya görüşə nail olmaqla müharibənin dayandırılmasına çalışmır: “Rusiya məsuliyyətdən qaçmaq istəyir. Daha doğrusu, müharibənin məsuliyyətini Ukraynanın da üzərinə atmağa çalışır. Həm də göstərir ki, Moskva hər zaman danışıqlara, müzakirələrə hazırdır. Çox güman ki, Kremlin başqa senariləri də var. İndiki halda Rusiyanın Kiyevin şərtlərini qəbul etməsi, ordusunu Donetsk və Luqanskdan çıxarması Moskva üçün fiasko deməkdir. Amma müəyyən çərçivədə Kiyevlə razılıq əldə olunması Rusiyanı daha çox rüsvay olmaqdan qurtara bilər”.

Geri qayıt