Əsas Səhifə > Dünya > ABŞ Çinin artan hərbi qüdrətindən narahatdır
ABŞ Çinin artan hərbi qüdrətindən narahatdır7-12-2021, 08:30 |
Uzun müddətdir davam edən ABŞ-Çin qarşıdurması son günlər yeni mərhələyə qədəm qoyub. Tərəflər ikili münasibətlərin korlanmasında qarşılıqlı olaraq bir-birilərini ittiham edirlər. Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, Amerikanın təbliğ etdiyi demokratiya modeli digər dövlətlərə təzyiq və daxili işlərinə qarışmaq üçün bəhanədir. Bəyanatda vurğulanıb ki, ABŞ “demokratiya nümunəsi” olmaqdan qürur duyur və bu bəhanə ilə digər ölkələrin daxili məsələlərinə müdaxilə edirlər. Demokratiya bayrağı altında müharibələr aparır və regional münaqişələrə, humanitar fəlakətlərə səbəb olurlar. Sənəddə qeyd olunub ki, Vaşinqtonun öz demokratik sistemini mükəmməl göstərmək cəhdlərinə baxmayaraq, əslində onun mənfi tərəfləri daha ciddi şəkildə üzə çıxır: “Ümid edirik ki, ABŞ öz sistemini təkmilləşdirəcək və xarici dünya ilə münasibətlərə yanaşmanı dəyişəcək”. Ekspertlərin qənaətincə, Çin-ABŞ arasında mübarizənin əsas səbəbi iqtisadi dominantlıq uğrundadır. Problem isə ondadır ki, iki nəhəng iqtisadi gücün qarşıdurması sadəcə tərəflərə deyil, bütün dünyaya risk yaradır. Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev hesab edir ki, ABŞ-Çin münasibətlərinin gərgin olması səbəbini hər iki tərəf özünəməxsus qaydada təhlil edir. Partiya təmsilçisinin sözlərinə görə, Ağ Ev mütəmadi şəkildə Çin Xalq Respublikasını avtoritar ölkə olmaqla yanaşı, demokratiyanın boğulmasında və ideoloji münaqişənin qızışdırılmasında da suçlayır: “Pekin isə Amerikanı ölkəsinin iqtisadi yüksəlişindən narahat olmaqda və buna mane olmağa çalışmaqda ittiham edir. Lakin əslində isə Vaşinqtonu narahat edən Çinin artmaqda olan hərbi qüdrətidir. Çinin yeni hərbi texnologiyalara can atması və nüvə dövləti olması ABŞ-ı ciddi təşvişə salır. Məhz bu səbəbdən Vaşinqton-Pekin əlaqələrinin qısa zamanda normallaşacağı istisna edilmir. Xatırladım ki, ötən ilin yanvar ayında Çin ABŞ-dan 200 milyard dollar həcmində məhsul alacağına söz versə də, sabiq prezident Donald Tramp qəflətən bu razılaşmaya ehtiyac olmadığını bəyan etdi. Razılaşma Amerika iqtisadiyyatı üçün kifayət qədər önəmli yatırım sayılsa da, Tramp bundan imtina etdi. İndiki Prezident Cozef Bayden hakimiyyətə gəldikdən sonra bu qərara yenidən baxacağını və Çinlə iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu söylədi. Baydenin məsləhətçisi Cek Sallivan bu istiqamətdə işlərin getdiyini və iqtisadi münasibətlərin müəyyən edilməsi istiqamətində iş aparıldığını deyib. İlin sonunda Bayden və ÇXR-nın rəhbəri Si Tsinpin arasında virtual görüşün baş tutması planlaşdırılır”. Geri qayıt |