Əsas Səhifə > Dünya > Putindən ikibaşlı açıqlama: Hakimiyyətdən gedir, yoxsa qalır?

Putindən ikibaşlı açıqlama: Hakimiyyətdən gedir, yoxsa qalır?


2-12-2021, 08:12
Putindən ikibaşlı açıqlama: Hakimiyyətdən gedir, yoxsa qalır?
Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək seçkilərdə dövlət başçısının namizədliyi ilə bağlı hələ qərar vermədiyini etiraf edib. O, bunu “Rusiya çağırır!” 13-cü VTB İnvestisiya Forumu zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Rusiya Federasiyasının Konstitusiyasına görə, onun yenidən seçilmək hüququ var, lakin əlavə edib ki, Rusiyanın məqsədi onun yenidən seçilməsi deyil. Putin həmçinin bildirib ki, yeni müddətə seçilmək hüququna malik olmaq özlüyündə ölkədə daxili siyasi vəziyyəti sabitləşdirir.

“Konstitusiyaya uyğun olaraq, mənim yeni müddətə seçilmək hüququm var. Bunu edəcəyəm, ya yox, hələ özüm üçün qərar verməmişəm. Amma hüququn mövcudluğu artıq daxili siyasi vəziyyəti sabitləşdirir”, - deyə Putin bildirib.

Qeyd edək ki, Putinin 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyi dəfələrlə mediada müzakirə predmetinə çevrilib. Bununla bağlı ekspertlər də müxtəlif proqnozlar verirlər. Əksər ehtimallar bundan ibarətdir ki, Putin səhhəti imkan verəcəyi təqdirdə yenə prezident olmağa çalışacaq. Ancaq 2024-cü ildə Putinin 72 yaşı olacaq və həmin dövrdə yaşlı nəslin nümayəndələri fəal siyasətdə olmayacaq. Eyni zamanda, Putinin elektoratını təşkil edən bir sıra insanlar bioloji ömrünü başa vurmuş olacaq. Yəni nəsil dəyişikliyinin baş verməsi ilə əlaqədar Putinə gənclərin səsini qazanmaq çətin olacaq. Ona görə də Putin hakimiyyət zirvəsini tərk etmək məcburiyyətindədir.

Digər proqnozlara görə, Putin hazırda Rusiyanın fövqəldövlət statusunu saxlayacaq və neoimperialist siyasətini davam etdirə biləcək yeganə siyasətçidir. Onun hakimiyyətdən getməsi Rusiyanın zəifləməsi və siyasi çöküşü ilə nəticələnə bilər. Putini əvəz edə biləcək lider isə hələ yetişməyib.

Bu baxımdan, Rusiyanın mövcudluğunu xilas etmək üçün Putin yenidən namizədliyini irəli sürəcək. Azad seçki mühitinin və demokratiyanın olmadığı Rusiyada onun hakimiyyətini təmin etməsi çətin olmayacaq. Bununla bağlı başqa rəylər də var. Belə ki, Putinin siyasi varisini artıq müəyyənləşdirdiyi və 2024-cü ildə hakimiyyəti ona ötürəcəyinə dair fikirlər səslənir.

Lakin Putinin konstitusiya referendum ilə ali icra hakimiyyətinə nəzarət etməyə imkan verən başqa vəzifəyə keçəcəyi ehtimal edilir. Yəni bütün hallarda Vladimir Putinin hakimiyyətdən getmək niyyətində olmadığı görünür.

Bu barədə Cebhe.info-ya danışan Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, V.Putin Rusiyada uzun müddətdir Prezident postunu tutması sabitləşdirici amilə çevrilib.

“Putin həqiqətən də bu illər ərzində beynəlxalq müstəviyə çıxarıb və Moskvanın mövqeyi ilə hesablaşırlar. Amma Rusiyada da hakimiyyət uğrunda mübarizə mövcuddur. Bu mübarizə daha çox Federal Təhlükəsizlik Xidməti ilə hərbi-sənaye kompleksi arasında gedir. Amma Putin məhz FTX-nın nümayəndəsi kimi ümumi razılaşma əsasında hakimiyyətə gətirilib. Onun Prezidentlikdən getməsi isə daxili-siyasi parçalanmaya gətirib çıxara bilər. Ona görə də Putin bu prosesdə özünü Rusiyada sabitliyin təminatçısı kimi təqdim edir. Həqiqətən də 2024-cü ildə Rusiya Prezidentinin səhhəti yol verərsə, o, namizəd kimi seçkilərdə iştirak edə bilər.

İndi isə onun bu barədə dəqiq fikir söyləməsi parçalanmaya səbəb ola bilər. Putinin əsas siyasi varisləri kimi müdafiə naziri Sergey Şoyqu, Xarici Kəşfiyyat İdarəsinin rəisi Sergey Narışkinin adları çəkilir. Hesab edirəm ki, Putin bununla 2024-cü ilə qədər ölkədə siyasi sabitliyi qoruyub saxlamaq üçün manipulyasiya edir.

2024-cü ildə Putin namizəd olacaqsa, proseslər öz axarı ilə yəni sabit şəkildə davam edəcək. Amma Putin öz varisini elan edəcəksə, yeni namizəd həm FTX ilə, həm də hərbi-sənaye kompleksi ilə razılaşdırılmalıdır. Ona görə Rusiya Prezidenti bu məsələdə dəqiq fikir bildirmir və yayındırıcı danışır. Fikrimcə, Putin 2024-cü ildə Prezidentliyə yenə namizəd olacaq. Konstitusiyaya dəyişikliklər də bu məqsədlə həyata keçirilib. O çalışacaq ki, hakimiyyətdə qalsın, öz varisini müəyyən etsin və Rusiya çalxalanmaya getməsin”.

Geri qayıt