Əsas Səhifə > Dünya > "Nə öz iddialarından vaz keçirlər, nə də müharibə istəyirlər"
"Nə öz iddialarından vaz keçirlər, nə də müharibə istəyirlər"1-12-2021, 08:20 |
“NATO Rusiya ilə dialoqun mümkünlüyünə inanır, lakin eyni zamanda rəsmi Moskvaya qarşı məhdudlaşdırma siyasətini müdafiə edir”. Bunu NATO-nun baş katibi Yens Stoltenberq Latviyanın Adazi hərbi bazasına səfəri zamanı deyib. Baş katib bildirib ki, hərbi alyans münaqişə tərəfdarı deyil. Təşkilatın məqsədi Rusiyanın hər hansı təcavüzünün qarşısını almaqdır. Xatırladaq ki, bundan əvvəl Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov Moskvanın NATO ilə konstruktiv və bərabərhüquqlu dialoqa hazır olduğunu söyləyib. Lakin bir neçə gün sonra Rusiya Xarici İşlər Nazirliyi Qərbi yenidən ittiham edib. Nazirlikdən bildirilib ki, NATO məqsədli şəkildə Rusiyanın gücünü sınayır: “Hərbi alyans gəmilərini və təyyarələrini sərhədlərimiz yaxınlığına göndərərək bizim gücümüzü sınayır, Rusiyanı reaksiya verməyə məcbur edir. Bununla belə, bizim cavab tədbirlərimiz adekvat, mütənasib və təmkinlidir”. Məlumat üçün bildirək ki, Ukrayna və Polşa məsələsinə görə son günlər ABŞ-Rusiya arasında növbəti gərginlik yaşanmaqdadır. Tərəflərin qarşıdurmasını “Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadənin fikrincə, NATO-Rusiya gərginliyi ilə bağlı birmənalı fikir söyləmək çətindir. Ekspertin sözlərinə görə, hər iki tərəfin açıqlamalarında, sərgilədikləri yanaşmada paradoks var: “Bir tərəfdən ABŞ və Rusiya dialoqa maraq göstərir. Səbəbi odur ki, uzun müddət dialoqsuz mühitin davam etməsi son nəticədə ciddi qarşıdurmaya, hərbi toqquşmalara gətirib çıxara bilər. Nə Qərb, nə də Rusiya müharibənin başlanmasında maraqlıdır. Çünki hər iki tərəf savaşın fəsadlarından, itkilərdən ehtiyat edirlər. Amma məsələ ondadır ki, NATO və Rusiya müxtəlif bölgələrlə bağlı ambisiyalarından, planlarından da vaz keçmir, əl çəkmirlər. NATO-nun müdafiə proqramlarına hər il külli miqdarda vəsait sərf olunur. Hərbi alyans Baltikyanı ölkələrdə müdafiə sistemlərini gücləndirir, Qara dəniz hövzəsində mövqelərini möhkəmləndirir, mühafizə sistemi yenidən qurulur. Rusiya da öz növbəsində Qara dənizdə hərbi-siyasi üstünlüyünü qoruyub saxlamaq üçün əlindən gələni edir. Donbasda, Abxaziya və Cənubi Osetiyada separatçıları dəstəkləyir. Yəni nə öz iddialarından vaz keçirlər, nə də müharibə istəyirlər. Dialoq ona görə qaçılmazdır ki, tərəflər arasında müharibə başlamasın. Amma hər iki tərəf öz məqsədlərində qalmağa davam edəcək”. Geri qayıt |