Əsas Səhifə > Dünya > Kremlin ABŞ və NATO-ya tuşladığı S-400: Türkiyə əsas oyunçuya çevrilir

Kremlin ABŞ və NATO-ya tuşladığı S-400: Türkiyə əsas oyunçuya çevrilir


19-11-2021, 08:33
Kremlin ABŞ və NATO-ya tuşladığı S-400: Türkiyə əsas oyunçuya çevrilir
Rəsmi Moskva və Ankara S-400 zenit-raket kompleksləri üçün detalların birgə istehsalının təfərrüatları barədə açıqlama verməmək üzrə razılığa gəlib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniyanın Baş naziri Pedro Sançeslə Ankarada təşkil edilən birgə mətbuat konfransı zamanı belə deyib.

“S-400 detallarının birgə istehsalı ilə bağlı təfərrüatlar barədə açıqlama verməməyə dair hər iki tərəf razılığa gəlib. Bu yalnız bizim aramızda olan həssas məsələlərdir”, - deyə Ərdoğan jurnalistin S-400 zenit-raket kompleksləri ilə bağlı sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, Türkliyə özünün hava hücumundan müdafiə sistemlərinin istehsalına başladığını artıq ilk sınaqların keçirildiyini bəyan edib. Rəsmi Ankara uzaqmənzilli müdafiə raketlərinin istehsalında həm Rusiyadan alınmış S-400 ZRK-lərinin, həm də ABŞ-a məxsus “Patriot” sistemlərinin texnologiyasından istifadə olunduğunu bildirir. Bu silahların 2025-ci ildə Türkiyənin hərbi arsenalına daxil olması planlaşdırılır.

Politoloq Natiq Miri Cebhe.info-ya bildirib ki, bu məsələdə Türkiyənin və Rusiyanın məqsədləri fərqlidir.

Lakin razılaşmanın detallarının məxfi saxlanılması təhlükəsizlik məsələsi ilə bağlıdır. Rusiya təhlükəsizlik amilinə böyük üstünlük verdiyinə görə özünün ən müasir silahların biri olan S-400 sistemlərinin sirrinin başqa dövlətlərin kəşfiyyat orqanlarının əlinə keçməsini istəmir:

“Burada Türkiyənin də maraqları var. Türkiyə belə addım atmaqla NATO üzvü olan müttəfiqlərini də dolayısı ilə siyasi baxımdan qısqandırır. Yəni müttəfiq ölkələrin bizə vermədiyi raketləri rəqib saydığınız Rusiya bizə nəinki satır, hətta onun müəyyən detallarının da birgə istehsalı proqramına razılaşır. Bu, çox həssas məsələdir. Türkiyənin əsas məqsədi yalnız raket almaqdan ibarət deyil. Ankara həmin sistemlərin öz nəzarətində olmasına və gələcəkdə təmir etmək üçün texnologiyanın da müəyyən hissələrinin birgə istehsalına çalışır. Bu məsələ xeyli müddətdir müzakirə predmeti idi. Nəhayət, Rusiya buna razılaşdı. Digər tərəfdən, Türkiyənin özünün hava hücumundan müdafiə sistemlərinin istehsalına nail olmaq üçün S-400 texnologiyasından bəhrələnməsinə ehtiyac var.

S-400-lərin başqa bir variant olan “SİPER”-lərin istehsalına başlanılıb. Əvvəlki “Hisar-A” və “Hisar-O” ortamənzilli havadan müdafiə sistemlərinin istehsal edilmişdisə, indi “SİPER”-lərin sınağı uğurla nəticələnib. Hava hücumundan müdafiə sistemlərini təkmilləşdirmək üçün Türkiyənin bu cür texnologiyaya ehtiyacı var. Rusiyadan asılı olmamaq üçün S-400 raketlərinin həlledici detallarının Türkiyədə istehsalı zəruri şərt kimi qarşıya çıxır. Rusiyanın hədəfi isə Türkiyəni öz yanına çəkməklə gələcəkdə NATO-nun parçalanmasına nail olmaqdır”.

Bəs Türkiyənin perspektivdə özünün hava hücumundan müdafiə raketlərini istehsal etməsi və Rusiyadan S-400 sistemlərinin alışını dayandırması Qərbin təzyiqlərinə, o cümlədən ABŞ-ın sanksiyalarına son qoya bilərmi?

Natiq Mirinin sözlərinə görə, Qərbin mövqeyi Türkiyəni maraqlandırmır. Rəsmi Ankara üçün başlıca hədəf Türkiyənin təhlükəsiliyinin təmin edilməsinə nail olmaqdır:

“Əgər Türkiyənin ehtiyacları NATO üzrə müttəfiqi olan ABŞ tərəfindən ödənmirsə, bu yöndə qadağalar qoyulursa, S-400 sistemlərini aldığı üçün Türkiyəyə sanksiya tətbiq edilirsə, NATO üzvü olmayan Hindistana bu məsələdə güzəştə gedilirsə, əlbəttə, rəsmi Ankara bu ayrı-seçkiliyin cavabı verməli idi. Ona görə də bu gün ən vacib məsələ Türkiyənin təhlükəsizliyidir.

ABŞ Türkiyənin qonşuluğunda hərbi bazalar yaradır. Yunanıstanda, Kipr Respublikasında yaradılan hərbi bazalar Türkiyəyə qarşıdır. Ankara bunları anlayır və qısa müddətə də olsa, S-400 sistemlərinə ehtiyac duyur. Sanksiyalar Türkiyəyə nə qədər zərər versə, müttəfiq ölkələrə də bir o qədər mənfi təsir göstərəcək. Çünki Türkiyənin hərbi cəhətdən zəifləməsi NATO-nun sərhədlərinin müdafiəsiz qalması deməkdir. Bu barədə ABŞ və NATO rəhbərliyi düşünməlidir”.

Geri qayıt