Əsas Səhifə > Dünya > Pekin açıqlamalarında səmimi görünmür
Pekin açıqlamalarında səmimi görünmür13-11-2021, 08:34 |
“ABŞ-la Çin arasındakı münasibətlərdə sular durulmur. Buna baxmayaraq, hər iki tərəf müxtəlif formatlarda dialoqu davam etdirirlər. Ancaq dialoq ağır gedir, qarşılıqlı ittihamların sayı azalmır”. Bunu “Şərq”ə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O vurğulayıb ki, Çinin Xarici işlər naziri Van İ bir neçə gün əvvəl amerikalı həmkarı Entoni Blinkenlə telefonla danışıb: “Çinli diplomat telefon danışığı zamanı Vaşinqtonu Çinə qarşı müxtəlif koalisiyalar formalaşdırmaqda ittiham edib: “ABŞ qlobal miqyasda Çinə qarşı təzyiqi artırmağa çalışır. Bu məqsədlə Vaşinqton orta və kiçik dövlətlərə də təzyiqi artırır”. Həqiqətən Vaşinqton Çinə qarşı ən azı iki böyük koalisiya formalaşdırıb. Bunun biri anqlosakson – ABŞ, Böyük Britaniya və Avstraliya formatıdır. AUKUS adlanan bu formatın adı ölkələrin baş hərflərindən ibarətdir. Digər formatda ABŞ, Avstraliya, Yaponiya və Hindistan iştirak edir. Bu formatın da məqsədi Çinin bölgədə artan hərbi gücünü neytrallaşdırmaqdır. Çinli diplomat amerikalı həmkarına onu da deyib ki, baş verənlər iki ölkənin və iki xalqın maraqlarına cavab vermir. Çinin xarici işlər naziri xatırladıb ki, ABŞ Konqresi Çinə qarşı 300-ə yaxın qanun layihəsi hazırlayıb, ABŞ hökuməti isə Çinin 900-a yaxın şirkətinə və vətəndaşına qarşı sanksiya tətbiq edib. Həqiqətən ABŞ son vaxtlar Çinin telekommunikasiya şirkətlərinə qarşı əlavə sanksiyalar tətbiq edib. Vaşinqton bu sanksiyaları Amerikanın milli və təhlükəsizlik maraqlarını qorumaq üçün tətbiq etdiyini açıqlayıb”. E.Şahinoğlu xatırladıb ki, əslində bu proses hələ keçmiş prezident Donald Trampın dövründə başlayıb: “2020-ci ilin yayında keçmiş dövlət katibi Mayk Pompeo Çinin nəhəng “Huawei” şirkətinə qarşı sanksiyaların tətbiq edildiyini bildirmişdi. Vaşinqton bu şirkəti Amerika üçün təhlükəli qiymətləndirmişdi. ABŞ-ın “Huawei”yə qarşı tətbiq etdiyi sanksiyalar şirkətin imicinə və gəlirlərinə ciddi zərər vurmuşdu. Co Bayden administrasiyası keçmiş prezidentin Çinə qarşı siyasətini davam etdirir. Çin lideri “böyük iyirmilərin” Romada keçirilən toplantısına qatılmadı. Çin lideri bunun ardınca BMT-nin Qlazqo şəhərində iqlimlə bağlı keçirilən sammitində də iştirak etmədi. Çin bir tərəfdən münaqişələrə tərəfdar olmadığını, əməkdaşlığa üstünlük verdiyini ifadə edir, digər tərəfdən qlobal problemlərin müzakirəsində iştirakdan yayınır. Bu da o deməkdir ki, Pekin verdiyi açıqlamalarda səmimi deyil”. Geri qayıt |