Əsas Səhifə > Dünya > “Batka”nın məğlubedilməzliyinin səbəbi var

“Batka”nın məğlubedilməzliyinin səbəbi var


11-11-2021, 08:21
“Batka”nın məğlubedilməzliyinin səbəbi var
Avropa İttifaqı Belarus rəsmilərinə viza verməyi dayandırır. “Yeni Müsavat” bildirir ki, səbəb Minskin Polşa-Belarus sərhədində miqrant böhranı yaratmasıdır. Noyabrın 9-da Belarus tərəfdəki 4 minə yaxın miqrantın Aİ ölkəsinə daxil olmasına imkan verilməyib. Polşa miqrasiya böhranı fonunda Belarusla şərq sərhədi ərazisindəki keçid məntəqələrini bağlayıb. Minsk isə Varşavadan gələ biləcək “mümkün təxribatlar”la əlaqədar xəbərdarlıq edib.

Belarus tərəfindəki miqrantların tikanlı məftilləri yararaq Aİ-nin üzvü olan Polşaya daxil olmağa cəhd etməsindən sonra noyabrın 9-da Bruji-Kuznitsa sərhəd-keçid məntəqəsi bağlanıb. Polşa hökuməti noyabrın 8-də “Tvitter”də insanların tikanlı məftilləri kəsərək sərhədi keçməyə cəhd etməsini göstərən videolar yayımlayıb. Daxili İşlər Nazirliyi bu cəhdin qarşısını aldığını bildirib.

2020-ci ilin avqustunda Belarusda keçirilən prezident seçkisindən üzü bəri Aİ ilə bu ölkə arasında münasibətlər daha da gərginləşib. Qərb bütün basqılara rəğmən Belarus prezidenti Aleksandr Lukaşenkonu yumşalda, ram edə bilmir. Ümumən, Lukaşenko son 1 il, 3 ayda ölkəsindəki Qərbin dəstəklədiyi müxalifətçilərə, blogerlərə, jurnalistlərə, aktivistlərə qarşı ürəyi istədiyi kimi davranıb. Hətta bir belaruslu jurnalistin olduğu təyyarəni endirib, həbs edib. İndi də 4 min miqrantla bağlı bu davranışı ortaya qoyur. Kəsəsi, Lukaşenko təkbaşına Aİ ilə vuruşur. Həmçinin Polşa və Litva tərəfindən dəstəklənən müxalifəti də yerinə oturdub və ona təzyiq imkanları zəifləyib.

Bəs bu siyasi-diplomatik və informasiya savaşı kimin üçün qələbə, kimin üçün məğlubiyyətlə bitə bilər? Lukaşenkonun Avropa qarşısında məğlubedilməzliyinin səbəbi nədir? Belarusla Aİ arasındakı bu “müharibəni” demokratiya uğrunda mübarizə adlandırmaq olarmı?

Siyasi şərhçi Züriyə Qarayevanın sözlərinə görə, təbii ki, Belarusda keçirilən seçkilərdən sonra vəziyyətin belə dəyişməsi gözlənilən idi: “Çünki Qərb ölkələri Ermənistandan sonra Belarusda eyni variantı tətbiq etməyə hazırlaşırdılar. Amma edə bilmədilər. Belaruslar xalq olaraq məsələni dinc şəkildə həll etməyə meyillidirlər. Habelə, Lukaşenkonun diktatura hakimiyyəti də qüvvədədir. Lukaşenko təkbaşına sinə gərmir, əlbəttə. Avropa İttifaqı bilsə ki, Rusiya bazarı Belarus üçün açıq deyil, o zaman bu dövləti üç günün içində çökdürə bilər”.

Təhlilçi deyir ki, Belarus mallarının ixracının 25-30 faizi Aİ ölkələrinədir: “O deməkdir ki, bölgənin əhəmiyyəti Avropa İttifaqı üçün böyükdür. Xanım Tixanovskayanın bu gün ölkədən didərgin salınması da Rusiyanın planı idi. 9 noyabrda 4 minə yaxın miqrantın Avropaya daxil olmaması ilə bağlı qərar da Aİ və Belarus arasında böhrana doğru aparır. Qərb ölkələri Belarusu bu yolla sıxışdırmaq, Rusiyadan təcrid etmək, ya da Lukaşenkonu hakimiyyətdən devirməyə çalışırlar. Lakin bu planın icrası ehtimalı Rusiyanın bu ölkədə dayaqları timsalında çox aşağıdır”.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev hesab edir ki, Belarusla Polşa arasında problem hələ seçki ərəfəsində dərinləşmişdi: “Hazırkı vəziyyətdə 2 mindən çox miqrant Polşaya keçmək istəyir. Polşa deyir ki, Lukaşenkonun təşəbbüsü ilə gəlirlər və ölkədə miqrant problemi yaratmağa hesablanıb. Amma dünyanın bir neçə münaqişə ocaqları var və miqrant axını yaşanır. Bu insanlar zülmdən qaçır və sığınacaq istəyir. Avropa Birliyi prosesə düzgün qiymət verməlidir. Polşa isə bu şəraitdə Belarusa təzyiq etmək istəyir, Minsk də günahı Varşavanın üzərinə qoyur”.

Politoloqun fikrincə, Polşanın Belarusla sərhəd bölgələrində Lukaşenko əleyhinə aksiyalar təşkil edilir: “Qərb onun seçkidəki nəticələrini tanımır. Bu siyasətin arxasında ABŞ dayanır. Vaşinqton demokratiya bayrağı altında Ukraynanı ”işğal" etdi, indi də Belarusda planlaşdırır və slavyan xalqları arasında nifaq salır, Rusiya ilə münasibətlərini korlamaq istəyir".

Siyasi analitik Ramiyə Məmmədova isə deyir ki, Avropa Birliyi Belarusu Ukrayna kimi görmək arzusundadır. Onun sözlərinə görə, oxşar ssenari davam etdirilir və Rusiyanın orbitindən daha bir ölkənin qoparılması prosesi gedir: “Ukrayna, Moldova, Gürcüstan, qismən Ermənistan Rusiyadan uzaqlaşmaqdadır. Bu ölkələrin hər biri ilə Moskvanın problemi var. Avropa İttifaqı ilk cəhddə Lukaşenkonu devirə bilmədi, indi başqa siyasi xətt götürülüb. Qərb planlaşdırır ki, Rusiyanın forpostu olan Belarusda liberallar hakimiyyətə gətirilməlidir. Amma ”Batka"ya batmaq hələlik mümkün olmur, Rusiyanın ciddi dəstəyi var. İkincisi, Moskva onu əlində saxlayıb və göstərir ki, məndən üz çevirsən Qərb 10 gün içində səni aşıra bilər. Sadəcə, bu, tezliklə baş verməyəcək, amma gec-tez Belarus da Ukrayna, Gürcüstan kimi Avroatlantik məkana inteqrasiya edəcək. Üstəlik, onun Avropaya yaxınlığı çoxdur, Polşa və Litva kimi ölkələrin demokratik hərəkat baxımdan təsirləri var".

Geri qayıt