Əsas Səhifə > Dünya > Amerikanın F-15E qırıcıları Ukrayna sərhədində:
Amerikanın F-15E qırıcıları Ukrayna sərhədində:5-11-2021, 09:24 |
ABŞ öz qüvvələrini Ukrayna sərhədləri yaxınlığında yerləşdirib. Ovqat.com-un məlumatına görə, bir neçə gün əvvəl Amerikanın F-15E qırıcıları Rumıniya və Bolqarıstandakı aviabazalara göndərilib. Rus ekspertlər bu dislokasiyanı Donetsk və Luqanskdakı separatçı rejim üçün təhdid kimi qiymətləndirirlər. Rumıniyadakı aviabazaya Ukraynanın şərq hissəsi istiqamətində uzun uçuşların həyata keçirilməsini təmin edə biləcək bir tanker təyyarəsinin gətirilməsi barədə də məlumatlar var. Görünən budur ki, Bolqarıstana və Ruminyaya yerləşdirilən hərbi təyyarələrin uzaq məsafələrdə əməliyyata hazırlığı planlaşdırılır. Bundan əlavə, Bolqarıstanla sərhəd olan Yunanıstan da ABŞ təyyarə və tankları ilə doldurulmuş vəziyyətdədir. Yunanıstanın ABŞ-ın silah arsenalına çevrilməsi Türkiyədə ciddi narahatlıq doğursa da, başlıca hədəfin Rusiya olduğu son dislokasiya hadisələrində daha aydın şəkildə ortaya çıxır. Amerika tərəfi öz qırıcılarının Rumıniya və Bolqarıstandakı aviabazalara göndərməsinin səbəbini şərh etmir, lakin bu dislokasiya Ukrayna Silahlı Qüvvələrinə Rusiya hücumlarına məruz qalacağı təqdirdə hava dəstəyi verilməsi perspektivi ilə izah olunur. F-15E qırıcıları ən çox yer hədəflərini vurmaq üçün nəzərdə tutulan hərnbi təyyarələrdir. Məhz bu səbəbdən həmin təyyarələr qırıcı-bombardmançı kimi tanınır. Üstəlik, bu təyyarələrin radara daha az yaxalandığı və kifayət qədər güclü elektron döyüş sistemi ilə təchiz olunduğu iddia edilir. Qeyd edək ki, Rumıniyadakı aeroportlar Donbassdakı döyüş xəttindən cəmi 700 kilometr aralıdır və bu, müasir döyüş məkanı üçün o qədər uzun məsafə sayılmır. Hərbi təyyarələrin Bolqarıstana və Rumıniyaya yerləşdirilməsi Qara dənizdəki vəziyyətə də rahatlıqla nəzarət etmək imkanı yaradır. Xatırladaq ki, ABŞ Aralıq dənizindəki 6-cı donanmasının flaqmanını və digər bir gəmisini də Qara dənizə göndərib. 6-cı donanmanın qərargahı və rəhbərliyinin də “Mount Whitney” adlı flaqman gəmisində olduğu bildirilir. Bu isə o anlama gəlir ki, ABŞ 6-cı donanmasının qərargahını da hazırda Qara dənizə köçürüb. Pentaqonun rəsmi açıqlamasında ABŞ gəmilərinin hansısa təlimlərə qatılmaq üçün yox, adı qoyulmayan əməliyyatlarda iştirak etmək üçün Qara dənizə göndərildiyi qeyd olunur. 1936-cı ildə bağlanmış Montro Konvensiyasına əsasən, Qara dəniz sahilində yerləşməyən ölkələrin bu su hövzəsində daimi gəmi saxlamaq hüququ yoxdur. Qara dənizə girən bütün xarici gəmilər uzağı 23 gün ərzində bu su hövzəsini tərk etməlidirlər. Odur ki, ABŞ-ın 6-cı donanmasını Qara dənizdə yerləşdirmək imkanı məhduddur. Bununla belə, son illərin təcrübəsi göstərir ki, NATO gəmiləri vədə tamam olanda Qara dənizi tərk edib estafeti başqa gəmilərə ötürə bilirlər. Üzərindən bir müddət keçəndən sonra həmin gəmilər bir də müvəqqəti dislokasiya yerlərinə qayıdırlar. ABŞ-ın hərbi gəmilərini Qara dənizə göndərməsindən ardından təyyarələrini də həmin dənizin sahillərinə yerləşdirməsi öz donanmasının mühafizəsini möhkəmləndirməsi mənasına gəlir. Təsadüfi deyil ki, Rusiya bu hadisədən sonra Qara dənizdə hərbi təlimlərə başlamış və “düşmən qüvvələrinin məhv edilməsi” ssenarisi üzərində məşqlər keçirmişdi. ABŞ hərbi təyyarələrini “münaqişə bölgəsi”nə yerləşdirməklə Qara dənizdə göndərdiyi gəmilərini Rusiyanın hücum təhlükələrindən sığortalamış oldu. Geri qayıt |