Əsas Səhifə > Dünya > Kiyev bir kəndi ələ keçirdi: Böyük savaş ola bilərmi?

Kiyev bir kəndi ələ keçirdi: Böyük savaş ola bilərmi?


2-11-2021, 09:07
Kiyev bir kəndi ələ keçirdi: Böyük savaş ola bilərmi?
Rusiya və Ukrayna arasındakı münasibətlər yenidən kəskinləşib.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu son günlər Donbasda artan gərginliyin hərbi toqquşmaya çevrilməsi ehtimalı haqda danışarkən deyib.

Ekspert bildirib ki, Ukrayna nə yolla olursa-olsun, ərazi bütövlüyünü təmin etməyə çalışır və bunun üçün siyasi cəhdlərlə bərabər, ordusunu da gücləndirir:

“Son günlər Ukrayna müəyyən strateji kəndləri nəzarətə götürməyə çalışır. Artıq Ukrayna ordusu bir kəndi ələ keçirib. Bu uğurda Ukrayna ordusunun “Bayraqdar” pilotsuz uçuş aparatından istifadə etməsi isə Rusiyanı ciddi şəkildə narahat edir”.

Politoloqun sözlərinə görə, Ukrayna sərhədinə Rusiyanın ordu cəmləməsi barədə məlumatlar yayılmaqdadır:
“Doğrudur, bu məlumatı Ukrayna Silahlı Qüvvələri təkzib etdi, buna baxmayaraq, Rusiyanın bu istiqamətə ”İsgəndər” raketlərini göndərdiyi barədə video sosial şəbəkələrdə yayılıb və hələlik, bu fakt təkzib edilməyib”.

Ekspert Rusiyanın hərbi toqquşmada qətiyyən maraqlı olmadığını da vurğulayıb:

“Rusiya-Ukrayna müharibəsi Rusiya üçün böyük bir faciəyə çevrilə bilər. Rusiya rəsmiləri də tez-tez açıqlama verirlər ki, Kiyev Kremli birbaşa münaqişəyə cəlb etməyə çalışır. Əgər Rusiya Ukrayna ilə açıq müharibəyə başlasa, bütün sivil dünya ukraynalılara dəstək verəcək, bu isə Rusiyanın qətiyyən arzulamadığı bir vəziyyətdir”.

Politoloq qeyd edib ki, Rusiya birbaşa qarşıdurmadan yayınsa da, Donbas separatçılarını cidd-cəhdlə dəstəkləyir:

“Bu dəstək həm hərbi, həm də siyasi-iqtisadi müstəvidədir. Bu səbəbdən böyük müharibə ehtimalı az olsa da, vaxtaşırı toqquşmaların uzun müddət davam edəcəyi gözlənilir”.


Geri qayıt