Əsas Səhifə > Dünya > Terrorçulara qarşı yeni hərbi əməliyyat Rusiya və Qərblə münasibətlərdə gərginliyə səbəb ola bilərmi?
Terrorçulara qarşı yeni hərbi əməliyyat Rusiya və Qərblə münasibətlərdə gərginliyə səbəb ola bilərmi?30-10-2021, 08:56 |
Türkiyə ordusu 35 minlik qüvvə ilə böyük hücuma hazırlaşır. Belə ki, qardaş ölkə Silahlı Qüvvələri müxalif suriyalı yaraqlıların da dəstəyi ilə Suriyanın şimalında PKK/YPG terrorçularına qarşı yeni və ən güclü hücum əməliyyatına başlaya bilər. “Haber7" portalının bildirdiyinə görə, 35 minlik qüvvə ilə keçiriləcək yeni əməliyyat kürd yaraqlılarının əsasən təmas xətti boyu mövqelərinə qarşı yönələcək və türk qoşunları bölgədəki ABŞ və Rusiya qüvvələri ilə birbaşa toqquşmadan yayınmaq üçün bütün mümkün olanı edəcək. Bu baxımdan Türkiyə Silahlı Qüvvələrinin maksimal dəqiqlikli zərbələrə üstünlük verəcəyi bildirilir. Türkiyə qüvvələrinin Suriyanın şimalını tərk etməsini istəyən Rusiya da boş dayanmır və bu ölkəyə özünün ən yeni qırıcılarını göndərib. “Voennıy obozrevatel” Telegram-kanalı bildirir ki, Rusiya Hava Kosmik Qüvvələrinin Su-35S çoxməqsədli qırıcıları ilk dəfə Suriyada görünüb. Ölkənin şimalındakı Qamışlı şəhərindəki aerodromda azı 4 belə qırıcı qeydə alınıb. Bu qırıcıların Suriyaya göndərilməsi Türkiyənin mümkün hərbi əməliyyatları ilə bağlıdır. Bəs Türkiyənin terrorçulara qarşı yeni hərbi əməliyyatı onun Rusiya və Qərblə münasibətlərində gərginliyə səbəb ola bilərmi? Siyasi şərhçi Araz Aslanlı “Yeni Müsavat”a bildirdi ki, Türkiyə Suriyada sülhməramlı əməliyyat keçirmək istəyir: “Digər bir çox qüvvələrdən fərqli olaraq Türkiyənin Suriyadakı əməliyyatlarının, hərbi hərəkətliliyinin məqsədi sülhü və sabitliyi təmin etmək, dövlətlərin ərazi bütövlüyünə, regional sülhə, əməkdaşlığa yönəlmiş riskləri ortadan qaldırmaqdır. Ola bilsin ki, hansısa başqa dövlətin fərqli məqsədi var, amma Türkiyə ilk vaxtlardan bəri Suriyanın ərazi bütövlüyünü, öz ərazi bütövlüyünü, sabitliyi qorumaq üçün nəsə etməyə, terrora qarşı addımlar atmağa çalışır. Xatırlayırsınızsa, uzun müddət Türkiyə Suriyada vətəndaş müharibəsi olsa da, Suriyadan Türkiyəyə kütləvi qaçqın ordusu gəlsə də, Türkiyənin milli təhlükəsizliyinə risk yaransa da, Türkiyə birbaşa atəşə tutulsa da uzun müddət birbaşa hərbi əməliyyatlardan uzaq durmağa çalışdı. Çünki çox maraqlı deyildi başqa bir dövlətin ərazisinə daxil olsun və orada əməliyyatlar keçirsin. Amma nə vaxt ki, Suriyada proseslərə müdaxilə eləyən güclər lazımi tədbirlər görmədilər, Suriya dövləti lazımi addımlar atmadı, Suriyadakı qeyri-sabitliyin və vətəndaş müharibəsinin Türkiyəyə və regiona mənfi təsirləri artdı, onda Türkiyə müəyyən əməliyyatlar keçirməyə məcbur qaldı. İndi də müəyyən fasilələrlə bu cür əməliyyatlar həyata keçirir. İndi gözlənilən hərbi əməliyyatları da tamamən milli maraqlardan qaynaqlanır, ümumi məqsədlərə xidmət edir. O məqsədlər içərisində Suriyanın ərazi bütövlüyünün, sabitliyinin, Suriyadakı insanların təhlükəsizliyinin qorunması da var”. Ekspert qeyd etdi ki, Türkiyə ciddi bir hərbi əməliyyat keçirmək üçün çox qərarlı görünür: “Burada Rusiyanın da, ABŞ-ın da, digər dövlətlərin də regiondakı varlığı önəmlidir, onlar böyük güclərdir. Amma Türkiyənin qərarını birbaşa müəyyənləşdirəcək amil deyil onlar. Türkiyə yəqin ki, hərbi əməliyyatları planlaşdırarkən də, reallaşdırarkən də həm onların Suriyadakı varlığını mümkün qədər nəzərə alır və alacaq, həm də bu dövlətlərlə iki və çoxtərəfli münasibətlərin xarakterini də nəzərə alır. Məhz bu səbəbdən Türkiyə həm dövlət başçısı, həm xarici işlər naziri səviyyəsində, həm müdafiə nazirləri səviyyəsində Rusiya ilə də, ABŞ-la da Suriya məsələsini tez-tez müzakirə edir. Ona görə müzakirə edir ki, lazımsız münaqişədən, qarşıdurmadan uzaq qalsın. Yəni Türkiyənin hərbi əməliyyatı zamanı sürpriz, müəyyən gərginliklər ola bilər, amma yəqin ki, Türkiyə mümkün qədər hərbi əməliyyatları hansısa üçüncü bir dövlətlə açıq qarşıdurma olmadan, qarşı-qarşıya gəlmədən etməyə çalışacaq. Türkiyə daha öncə də bunu etmişdi, yəqin ki, yenə edəcək”. A.Aslanlının fikrincə, burada o halda arzuolunmaz vəziyyət yarana bilər ki, hansısa üçüncü dövlət Türkiyə ilə qarşıdurmaya getməkdə xüsusi olaraq maraqlı olsun: “Əgər digər dövlət - fərqi yoxdur bu, Rusiyadır və ya başqa dövlət - Türkiyə ilə Suriyada qarşıdurma yaratmaqda xüsusi maraqlı deyilsə, Türkiyə bu qarşıdurmaya getmədən hərbi əməliyyatlarını başladacaq və yəqin, əsasən uğurla başa çatdıracaq”. Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildirdi ki, Türkiyəyə qarşı şimali Suriyada təhlükəsizlik təhdidləri artmaqdadır: “Təəssüf ki, NATO müttəfiqi olan ABŞ-ın YPG terror təşkilatını dəstəkləməsi və bu terror təşkilatının Türkiyə hərbçilərinə qarşı hücumu, Türkiyə sərhədləri daxilinə hücum cəhdləri Ankaranın hərəkətə keçməsinə gətirib çıxarır. Artıq Türkiyə Böyük Millət Məclisi bir antiterror əməliyyatına razılıq verdi. Hesab edirəm ki, gözlənilən Co Bayden və Rəcəb Tayyib Ərdoğan görüşündən sonra belə bir əməliyyat başlaya bilər. Vaşinqton bu əməliyyata qarşıdır. Hətta Rusiya da bu əməliyyata qarşı preventiv addımlar atır. Hesab edirəm ki, Türkiyə əməliyyata başlayarsa, Vaşinqton Ankaraya sanksiyalar tətbiq edə bilər. Buna baxmayaraq Ankara davamlı olaraq bu kimi təhdidlərlə üzləşib. Amma geri addım atmayıb. Ankaranın əsas planı terrorçuları Türkiyənin sərhədlərindən 30 km geri çəkmək və təhlükəsizliyini təmin etməkdir”. Ekspert hesab edir ki, Rusiya İdlibdə hücumu artıra bilər, bu da Türkiyə üçün qayğılıdır: “Ona görə də Türkiyə Moskva və Vaşinqtonla danışıqlar aparacaq. Əgər bu danışıqlar Türkiyəni qane etməsə, hərbi əməliyyata start verəcək. Türkiyə bütün cəbhələrdə artıq döyüşməyə hazır görünür”. “Yeni Müsavat” Geri qayıt |