Əsas Səhifə > Dünya > “Rusiya “dozalı demokratiya”dan daha militarist və totalitar sistemə keçəcək”

“Rusiya “dozalı demokratiya”dan daha militarist və totalitar sistemə keçəcək”


16-10-2021, 08:51
“Rusiya “dozalı demokratiya”dan daha militarist və totalitar sistemə keçəcək”
İkinci Qarabağ müharibəsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü “Altılıq platforma”sı gündəmin əsas müzakirə mövzularındandır. Qeyd edək ki, “3+3” formatı da adlanan platforma üç Cənubi Qafqaz ölkəsinin - Azərbaycan, Ermənistan, Gürcüstan və regionun üç böyük dövlətinin – Türkiyə, Rusiya və İranın əməkdaşlığını nəzərdə tutur.

Türkiyə, Azərbaycan və Rusiya sözügedən formatın reallaşmasında maraqlıdır. Digər ölkələrlə bağlı isə tərəddüdlər, problemlər mövcuddur. Məsələn, Ermənistan bu platformada təmsil olunacaqsa, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, yekun sülhə imza atmalıdır. Hələlik rəsmi İrəvan yekun sülhdən yayınmaqdadır.

İrana gəldikdə, rəsmi Tehran “3+3” formatına müsbət yanaşdığını bəyan edib. Daha doğrusu, Moskvada Rusiya və İran XİN başçılarının görüşündən sonra keçirilən mətbuat konfransında Tehranın “Altılıq platforması”na isti yanaşdığını Rusiya XİN rəhbəri elan etdi. Lakin son günlər İranın Azərbaycana qarşı əsassız ittihamları və təhdid xarakterli davranışları əməkdaşlığa soyuq yanaşdığını göstərir. Gürcüstan təbii ki, əməkdaşlığa can atır. Amma bu ölkə ilə bağlı problem ondadır ki, əraziləri Rusiya işğalı altındadır. Belə olan halda, rəsmi Tiflisin “3+3” formatında təmsilçiliyi qeyri-müəyyən görünür.

“Altılıq platforması” və regionun əsas güclərindən olan Moskvanın Cənubi Qafqaz siyasəti ilə bağlı AYNA-nın sualını cavablandıran Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, soydaşımız, filologiya elmləri namizədi, politoloq Anar Həsənov deyib ki, “3+3” formatı reallıqdan uzaqdır.

O, fikrini belə əsaslandırıb ki, Gürcüstan ərazi bütövlüyü ilə bağlı məsələdə barışmaz mövqe tutub: “Rəsmi Tiflis anlayır ki, bu formatı dəstəkləməyin çətin fəsadları ola bilər. Bəzi postsovet dövlətlərindən fərqli olaraq, Gürcüstan siyasi rəqabətin olduğu, ictimai siyasətin inkişaf etdiyi bir ölkədir və ictimai fikir idarəetmədə mühüm rol oynayır. Başqa sözlə, Gürcüstan cəmiyyəti siyasi proseslərin müşahidəçisi yox, iştirakçısıdır”.

Rusiyanın regiona münasibətinə gəlincə isə Həsənov vurğulayıb ki, bunu bilmək və proqnozlaşdırmaq üçün Kremlin rəsmi təbliğatına istinad etmək olar: “Kremlin təbliğ etdiyi dəyərlər, dövlətin siyasi dizaynı və bu dizaynda KİV, Duma, cəmiyyətə ayırdığı rol dövlətin mahiyyət etibarilə Sovet İttifaqına dönüşünü təsdiqləyir. Bu dönüş qonşularla münasibətdə də özünü açıq şəkildə göstərir. Rusiya iqtidarı “kim bizimlə deyilsə, bizə qarşıdır” yanaşması ilə münasibətləri qurub və bu xətdən geri çəkilməyəcək”.

“2024-cü ildə isə Rusiya Prezidenti Vladimir Putinin ənənəvi “varis” planını həyata keçirəcəyini ehtimal etmək olar. Artıq müəyyən siqnallar var. Qəzetdə Rusiya müdafiə nazirinin müşaviri Andrey İlnitskinin manifestini nəzərdə tuturam. Zənnimcə, müdafiə naziri Sergey Şoyqu prezidentliyə real namizəddir. Demək ki, növbəti illərdə təhlükəsizlik məsələsi bütün layihələrin və Rusiyanın inkişafında baza platforması kimi təqdim ediləcək. Bunu “harda Rusiya ordusu varsa, çətin ki, ordan çıxa, əksinə daha da möhkəmlənəcək” kimi də qəbul etmək olar”, - deyə analitik əlavə edib.

Həmsöhbətimiz hesab edir ki, hərbçilərin hakimiyyəti dövründə Rusiya ordusu, onun hərbi sənaye kompleksi iqtisadiyyatın dirçəlişi kimi təbliğ ediləcək: “Ordu vətənə xidmət ideologiyasının əsas mənbəyi olacaq. Başqa sözlə, biz indi “dozalı demokratiya”, “hibrid siyasi rejim”, yaxud “suveren demokratiya” kimi təqdim edilən Rusiya əvəzinə, militarist və izolyasiyaya üstünlük verən totalitar Rusiyanı görəcəyik. Deməli, Qarabağda Rusiya maraqlarını qorumaqla maksimum ərazi bütövlüyümüzü bərpa etməliyik. “Münaqişə bitib” demək reallıqla üst-üstə düşmür. Qarabağda Rusiya ordusunun qalmasını legitimləşdirmək erməni işğalına son qoymağın ən qısa həll yoludur. Düşünürəm ki, Rusiya ilə ziddiyyətdənsə, onun istəklərinə adekvat olmaqla, erməni işğalının bütün fəsadlarını aradan qaldırmaq mümkündür. Əks halda “insan hüquqları”, “ekzistensional təhlükə” kimi anlayışları istismar etməklə Qərbin sıramaq istədiyi diplomatik danışıqlar çox vaxt aparacaq”.

“Əlavə etməliyəm ki, Qarabağ münaqişəsinin uzunmüddətli həlli bütün siyasi güclərə sərf edir. Çünki siyasi güclər böhranlardan ancaq bəhrələnməyi bacarırlar. Vətəndaşı siyasi proseslərin autsayderi, müxalifəti yarımcan olan, islahatçı qanadının yetişmədiyi, xaricdən tutarlı dəstəyin olmadığı cəmiyyətlərdə iqtidarlar bu işin öhdəsindən asanlıqla gəlir”, - deyə politoloq fikrini tamamlayıb.


Geri qayıt