Əsas Səhifə > Dünya > Müqtəda əs-Sədr İranın və İrançıların üzərinə “quş” qoyub
Müqtəda əs-Sədr İranın və İrançıların üzərinə “quş” qoyub15-10-2021, 12:15 |
İraqda keçirilən son parlament seçkilərində ən çox səs (73) alan Sədr Qrupunun lideri Müqtəda əs-Sədr yeni koalisya hökumətini müəyyənləşdirmək üçün komitə qurub. Komitə koalisiya quruculuğu üçün aparacağı danışıqlarda ən azı 3 partiyanın razılığını almalıdır. Ovqat.com-un məlumatına görə, Müqtəda əs-Sədr komitə qarşısında mühüm bir şərt də qoyub. “Üzərinə sual işarəsi qoyduğumuz tərəflərlə görüşdən qaçınılmalıdır", - Sədr dünən mediaya verdiyi açıqlamasında bunu şəxsən ifadə edib. O, kimləri nəzərdə tutduğunu açıq şəkildə bildirməsə də, Sədr Qrupuna yaxın dairələr məsələyə aydınlıq gətirib. İddialara görə, partiya lideri iki qrupun üzərinə “quş” işarəsi qoyub. Bunlardan biri keçmiş Baş nazir Nuri Malikinin rəhbərlik etdiyi “Hüquqi Dövlət” bloku, digəri isə Həşdi Şabinin siyasi qanadı “Fəth” qrupudur. Hər iki siyasi təşkilat İran yönlülüyü ilə seçilir. “Sədr Qrupu”nun indiyədək Kürdüstan Demokrat Partiyası (KDP) və sünnülərə məxsus “Təqəddüm” partiyası ilə razılaşdığına dair məlumatlar var. “Təqəddüm” son seçkilərdə 38, KDP isə 33 mandat qazanıb. “Sədr Qrupu”nu da hesaba qatsaq, indiyədək razılığa gələn koalisiya qüvvələrinin toplam mandat 144 edər. Hökumət qurmaq üçün isə onlara 165 səs lazımdır. Deməli daha 22 mandata ehtiyac var. Müqtəda əs-Sədrin irançılara qarşı mövqeyi bununla da məhdudlaşmır. Səsvermənin ertəsi günü o, açıqlama verərək, xarici dövlətləri seçkiyə müdaxilə etməməyə çağırmışdı. Həmin gün isə SEPAH-ın Qüds qüvvələri briqadasının komandanı İsmayıl Qaaninin İraqa getdiyi və ölkə MSK ilə sövdələşmələr apardığı bildirilirdi. Sədrin də məhz onu nəzərdə tutduğu güman olunur. Məlumata görə, İraqın potensial liderinin İrana bağlı qüvvələri gözümçıxdıya salması qarşı tərəfdə narahatlıq doğurub. İki gün əvvəl şiə liderlərdən bəzilərinin - Əmmar əl-Hakim, Heydər əl-Abadi, Nuri Maliki və Amiri bir araya gələrək seçkinin nəticələrini tanımadıqlarını bildiriblər. Maraqlıdır ki, seçkinin nəticələrini tanımayan Nuri Malikinin həm də sünni və kürd liderlərlə görüşüb alternativ hökumət quruculuğu barədə danışıqlar apardığına dair məlumatlar var. Geri qayıt |