Əsas Səhifə > Dünya > İsrail-Rusiya görüşündə İran predmenti:

İsrail-Rusiya görüşündə İran predmenti:


14-10-2021, 11:52
İsrail-Rusiya görüşündə İran predmenti:
“Təl-Əviv İrana effektiv bir zərbə vurmaq istəyirsə, mütləq şəkildə ölkədəki nüvə obyektlərini vurmalıdır”.

Bu sözləri İsrail Baş naziri Naftali Bennettin oktyabrın 22-də Soçidə Rusiya Prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşündə İranın nüvə silahlanmasının müzakirə ediləcəyi ilə bağlı gözləntini dəyərləndirən siyasi şərhçi Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ və Qərbin sanksiyalarına rəğmən İranın ölkədə uranı zənginləşdirməsi, nüvə silahı əldə etməkdə israr etməsi İsraili ciddi narahat edir. Bu fonda Tehran Təl-Əvivin onun nüvə silahı əldəetmə yolunda maneələr törətməsi səbəbindən bu ölkəni özünə potensial düşmən və rəqib görür:

“İsrail bu günə qədər bu və ya başqa formada dəfələrlə İranı xəbərdar edib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının keçmiş komandanı Qasım Süleymaniyə qarşı təşkil edilən sui-qəsd, İranın nüvə alimlərinin öldürülməsi, İsrail PUA-larının Suriyanın İraqla sərhəddəki Əl-Bukemal bazasına hücum etməsi bu xəbərdarlıqlara misal ola bilər. Qeyd edilən misalların bu və ya başqa formada Təl-Əvivin sifarişi ilə həyata keçirilməsi məlumdur. Yeri gəlmişkən, bir müddət öncə İsrail PUA-larının Suriyanın İraqla sərhəddəki Əl-Bukemal bazasına hücum etməsi də təsadüfi deyil. Belə ki, Əl-Bukemal bazası iranyönlü şiə hərbi birləşmələrinin bazasıdır”.

İranın ən yaxın müttəfiqinin Rusiya olduğunu bildirən Turan Rzayev qeyd edib ki, ümumilikdə İran daxilində nüvə bazalarını məhv etmək, həm də Rusiyanı qarşıya almaq deməkdir:

“Bennet Putini inandırmağa çalışacaq ki, İran artıq onun özü üçün də potensial təhdiddir və bu təhdid dayandırılmalıdır. Düzdür, Rusiya üçün İran heç bir zaman təhdid olmayıb. Ancaq İranın nüvə silahı əldə etməsi Kremlin də ürəyincə deyil. Bennet ən yaxşı halda Putindən İsrailin İrana məxsus nüvə bazalarını vurması üçün razılıq əldə etməyə çalışacaq. Lakin Təl-Əviv də bunun qarşılığında Kremlə vədlər verməlidir. Ehtimal ki, Təl-Əviv bu istiqamətdə Rusiyaya 3 vəd verə bilər.

Birincisi, İsrail Rusiyanı əmin edəcək ki, o İranı parçalamaq və ya mövcud rejimi devirmək yox, məhz konkret nüvə obyketlərini məhv etmək istəyir. İkincisi, İsrailin İrana qarşı atacağı bütün addımları Kremllə məsləhətləşməli və Kremlin çəkəcəyi həddi keçməməlidir. Üçüncüsü, İranla bağlı vədlər qarşılığında Təl-Əviv də Suriya məsələsini Kremlə güzəştə gedə bilər. Yəni, ən azından İsrail qırıcıları və PUA-ları Əsəd qüvvələrini bombardman etməyi dayandıra bilər”.



Geri qayıt