Əsas Səhifə > Dünya > Saakaşvili Gürcüstanda: qonşu ölkədə nələr baş verəcək?

Saakaşvili Gürcüstanda: qonşu ölkədə nələr baş verəcək?


2-10-2021, 08:01
Saakaşvili Gürcüstanda: qonşu ölkədə nələr baş verəcək?
Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili ölkəsinə qayıdıb. Keçmiş dövlət başçısı sosial media hesablarında “Sabahın xeyir, Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam” məzmunlu video paylaşıb. Hazırda Batumi şəhərində olduğunu deyən Saakaşvili yaxın günlərdə paytaxt Tiflisə dönəcəyini bəyan edib.

Qeyd edək ki, Saakaşvili oktyabrın 2-də ölkəyə dönəcəyi vədini versə də, səfərini bir gün tezləşdirib. Rəsmi dairələr isə onun ölkəyə daxil olması faktını təsdiq etmir. Seçkiöncəsi geri dönməsi isə Gürcüstanda yenidən hakimiyyət dəyişikliyi olacağı ilə bağlı iddiaların gündəmə gəlməsinə səbəb olub.

Və son xəbərlərə görə, artıq Saakaşvili həbs olunub və ona qarşı ittihamlar hazırlanır.

Politoloq Sülhəddin Əkbər AYNA-ya açıqlamasında deyib ki, Gürcüstanda yenidən hakimiyyət dəyişikliyi baş verə bilər: “Şübhəsiz ki, rəsmi Tiflis mümkün qədər onun gəlişinin qarşısını almağa, zərərsizləşdirməyə çalışacaq. Təbii ki, həbs oluna da bilər. Bütün hallarda onun qayıdışı təsadüfi deyil. Düzdür, uzun müddətdir geri dönəcəyini bəyan etsə, bu, baş vermirdi. Seçki dönəmində onun qayıtması və bunu uzun müddət sonra həyata keçirməsi müəyyən şübhələrə yol açır. Unutmaq lazım deyil ki, Saakaşvili ziddiyyətli fiqurdur. Eyni zamanda inqilab təcrübəsi və xarakteri var. Bu mənada rəsmi Tiflis üçün real təhlükə aşılayır”.

Analitikin sözlərinə görə, Azərbaycanda da bu məsələ diqqətlə izlənilməlidir: “Gürcüstan bizim qonşumuzdur. Hər ikimiz Cənubi Qafqaz xalqlarıyıq. Bu ölkədə baş verənlərin bizə də müəyyən təsirləri var. Eyni zamanda, Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır. Əgər Saakaşvili kütləni arxasınca apara bilsə, bu halda region üçün yeni dönəm başlayacaq. Onun yenidən hakimiyyətə qayıdışı regionda qüvvələr nisbətini dəyişəcək. Digər yandan, dəqiq bəlli deyil ki, onun qayıtmasında kimlər maraqlı ola bilər. Bir neçə gün öncə verdiyi müsahibəsi zamanı Qərbin ünvanına kəskin fikirlər səsləndirməsi, yenidən hakimiyyətə gələrsə, fərqli siyasi texnologiyalardan istifadə edəcəyini bəyan etməsi də diqqətdən kənarda qalmamalıdır”.

“Yaxın günlərdə bütün bu məsələlərə aydınlıq gələcək. Bütün hallarda Gürcüstan siyasi mənada ağır dövrə daxil olur. İndidən hadisələrin hansı məcrada inkişaf edəcəyinə dair qəti proqnoz vermək mümkün olmasa da, bu qarışıq situasiya Gürcüstan siyasəti üçün tamamilə yeni mənzərə yaradacaq”, - deyə Əkbər bildirib.

Politoloq Turab Rzayev də AYNA-ya söyləyib ki, Saakaşvilinin gəlişi qonşu dövlətdə siyasi canlanmaya səbəb olacaq: “Gürcüstanda müxalifətə olan inam ölmək üzrəydi. Bir neçə dəfə Saakaşvilinin gəlişi gözlənilsə də, bu, baş vermədi. Bundan əlavə, onun olmadığı dövrlərdə rəhbəri olduğu partiyada parçalanmalar yaranır, bəzi qüvvələr iqtidarla anlaşmaya gedirdi. Bu xüsusda ölkəboyu müxalifət də zəif duruma düşmüşdü. Bu səbəbdən Gürcüstanda siyasi dəyişiklik etməyin yolu Saakaşvilinin geri qayıtmasından keçirdi. Yalnız onun özü siyasi vəziyyəti dəyişə, əhaliyə güvən verə bilərdi. Əgər o, doğrudan da Gürcüstana gəlibsə və bundan Gürcüstan hakimiyyət orqanlarının xəbəri yoxdursa, deməli, iqtidar daxilində də ona dəstək verən qüvvələr mövcuddur”.

Həmsöhbətimizin fikrincə, Gürcüstanda hakimiyyətə ciddi problemlər yarana bilər: “Hadisələrin inkişafı, hətta hakimiyyət dəyişikliyinə, yeni inqilaba qədər gətirib çıxara bilər. Sözsüz ki, bunun regiona da ciddi təsirləri olacaq. Məlumdur ki, Saakaşvili gedəndən sonra uzun müddət ABŞ-la Rusiya arasında üzdə görünməyən “centlmen sazişi” ortada idi. Faktiki olaraq ölkədə ikihakimiyyətlilik hökm sürürdü. Bir qrup dövlət qurumlarına rusmeylli qüvvələr, digərlərinə isə Qərb dairələri nəzarət edirdi. Bir müddət sonra rusmeylli qüvvələr üstünlük qazanmağa başladılar. Ola bilsin ki, Qərb bundan sonra hadisələri öz nəzarətinə almağa çalışır. Saakaşvilinin qayıdışı da bu xüsusda təsadüfi sayıla bilməz”.

Rzayevin Saakaşvlinin gəlişinin regionda da ciddi maraqla qarşılandığını qeyd edib: “Bilirsiniz ki, Saakaşvili postsovet məkanında “məxməri inqilab”ın əsas iştirakçılarından biridir. Qərbin Paşinyanı hakimiyyətə gətirməsi, Belarusda Lukaşenkonu devirməyə yönəlik fəaliyyəti də yaxın keçmişdə baş verib. Mümkündür ki, Saakaşvili Gürcüstanda hakimiyyəti ələ alaraq Ukrayna ilə birlikdə Rusiyaya qarşı ciddi təzyiq rıçağına çevrilsin”.



Geri qayıt