Əsas Səhifə > Dünya > Navalnıya ekstremist damğası vurulur, daha 10 il həbs təhlükəsi
Navalnıya ekstremist damğası vurulur, daha 10 il həbs təhlükəsi30-09-2021, 08:45 |
Həbsdə olan Kreml tənqidçisi Aleksey Navalnı Rusiya müstəntiqləri tərəfindən daha 10 il həbs cəzasına səbəb ola biləcək yeni bir cinayət işi ilə üzləşib. “Yeni Müsavat”ın xəbərinə görə, Rusiya hökumətinin böyük cinayətləri araşdıran İstintaq Komitəsi tərəfindən başladılan istintaq Navalnını “Rusiya Federasiyasında konstitusiya quruluşunun əsaslarını dəyişdirmək” məqsədilə “ekstremist bir şəbəkə” yaratmaqda və idarə etməkdə günahlandırır. Bu barədə komitənin bəyanatında qeyd olunub. Müstəntiqlər həmçinin Navalnı və müttəfiqlərini Navalnının qadağan olunmuş Korrupsiyaya Qarşı Mübarizə Fondunu “cinayət fəaliyyətini təşviq etmək üçün” tanıtmaq üçün sosial media hesabları açmaqda günahlandırırlar. Amma Navalnıya qarşı irəli sürülən yeni ittihamlarla əlaqədar Qərb təsisatları tərəfindən çevik reaksiyalar müşahidə olunmur. Ümumiyyətlə, onun azad olunması üçün Rusiya hakimiyyətinə beynəlxalq təzyiqlər istənilən səviyyədə deyil. Bu da şübhələrə yol açır ki, ya Navalnı xilas edilmir, Qərb öz adamını qurban verir, ya da buna gücü çatmır. Əlbəttə, ikinci versiya daha ağlabatan arqument ola bilər. Çünki Putin iqtidarı heç də beynəlxalq təzyiqlərə tab gətirməyərək tənqidçilərini azad edəcək qədər aciz və zəif deyil. Bəs Navalnını nə gözləyir, o, yenidən 10 il həbslə üzləşə bilərmi? Qərb onu xilas etmək üçün hansı addımları atacaq? Siyasi təhlilçi Ramiyə Məmmədovanın “Yeni Müsavat”a bildirdiyinə görə, əgər istintaq tərəfindən irəli sürülən ittihamlarla bağlı yeni məhkəmə başlasa, Rusiyaya qarşı sanksiyalar güclənə bilər. Onun fikrincə, Qərbin Kremlə təzyiq üçün əlində ayrı mexanizmləri yoxdur: “Nə onu həbsdən qaçırmaq, nə başqa praktik addımlar atmaq ağlından belə keçməz. Putin onu azad etmirsə, Qərbin gücü yalnız sanksiyaları artırmağa çatır. Eyni zamanda rusiyalı məmurların Avropaya girişinə məhdudiyyətlər tətbiq oluna bilər. Odur ki, Navalnı ilə bağlı ağır cəza qərar verilsə, Qərb əl-qolunu sallamayacaq”. Siyasi şərhçinin fikrincə, Navalnı və tərəfdarlarının ekstremist şəbəkə yaratmaqda ittiham olunmasına görə etiraz aksiyaları keçirilməsi mümkündür: “Artıq ABŞ hökuməti də Navalnı ilə bağlı Rusiyaya yeni məhdudiyyətlər tətbiq edir. Rusiya kimyəvi və bioloji silahlara nəzarət və onların hərbi istifadəsinin qadağan edilməsi haqqında 1991-ci il Amerika qanununu pozub. Bu səbəbdən azı 1 illik sanksiyalar yaxın vaxtlarda qüvvəyə minəcək. Güman etmirəm ki, Rusiya onu həbsdə çox saxlaya bilsin. Yəni hər halda, 10 il türmədə çürüdə bilməz. Amma belə tezliklə azad olunacağını da gözləmirəm. Məsələ budur ki, avtoritar rejimlər tənqidçilərini həbs edəndə bunu təkcə həmin məhbusu cəzalandırmaq yox, onu müdafiə edən güclərə ”əzələ nümayişi" kimi qiymətləndirirlər. Putin Navalnını Qərbin agenti sayır və mümkün qədər prosesi uzadıb siyasi alver predmetinə çevirəcək". Xatırladaq ki, ötən il avqustun 20-də Navalnı Tomskdan Moskvaya uçarkən yolda vəziyyəti anidən pisləşib. İlk iki gündə bloggerə Omsk xəstəxanasının həkimləri kömək edib. Onu süni komaya salıblar. 22 avqustda Navalnı Berlindəki klinikaya göndərilib. O, Berlinin “Charite” klinikasında müalicə edilib. Müalicəsi bitdikdən sonra “Yves Rocher” cinayət işində cəza şərtlərini pozduğuna görə axtarışa verilən Navalnı bu il yanvarın 17-də Rusiyaya dönərkən “Şeremetevo” hava limanında saxlanılıb. Onun “Yves Rocher işi üzrə şərti cəzası ləğv edilərək 3,5 illik həbs cəzası ilə əvəz edilib. Qərara əsasən, Navalnının ev dustaqlığında keçirdiyi 12 ay təyin edilmiş həbs müddətindən çıxılacaq. Fevralın 17-də 2014-cü il 30 dekabr tarixində Zamoskvoretsk rayon Məhkəməsinin çıxardığı hökmdən verilən apelyasiya şikayətinə baxılıb. Moskva Şəhər Məhkəməsi onun və qardaşı Oleq Navalnı barəsində hökmü qüvvədə saxlayıb. Geri qayıt |