Əsas Səhifə > Dünya > Ərdoğanın Krım açıqlaması Kremlin xoşuna gəlməyib, amma...
Ərdoğanın Krım açıqlaması Kremlin xoşuna gəlməyib, amma...23-09-2021, 09:07 |
Rusiya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçi səfəri öncəsi Krımın ilhaqına dair bəyanatından təəssüflənib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ərdoğanın bəyanatında ünvanın Moskva olduğu bəllidir: “Biz bunu belə qəbul edirik. Əlbəttə ki, bu bəyanatın indi, Türkiyə Prezidentinin Rusiyaya işgüzar səfərinin hazırlandığı vaxt səslənməsindən təəssüflənirik. Bununla belə, ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsi və ölkələrimiz arasında gündəlikdə duran çox qaynar regional problemlərin həllində qarşılıqlı əlaqələr mövzusuna diqqət yetirməyi üstün tuturuq. O ki qaldı Türkiyənin bu mövqeyinə, biz bunu yaxşı bilirik. Bu mövqe ilə qətiyyən razı deyilik. Türkiyə tərəfi ilə işləməyi davam etdirəcəyik”. Məlumat üçün deyək ki, Ərdoğan BMT Baş Assambleyasının 76-ci sessiyasında çıxışı zamanı Krımın ilhaq olunduğunu bildirib. Türkiyə lideri Ukraynanın ərazi bütövlüyünü tanıdıqlarını söyləyib. Onu da xatırladaq ki, Türkiyə Prezidenti R.T.Ərdoğan yaxın günlərdə Rusiyanın Soçi şəhərinə səfər edəcək. Səfər çərçivəsində Ərdoğanın Rusiya rəhbəri Vladimir Putinlə görüşəcəyi deyilir. Kremlin Ərdoğanın çıxışına verdiyi reaksiyanı “Şərq”ə təhlil edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov bildirib ki, Türkiyə rəhbərinin Krımla bağlı açıqlaması nə qədər təbiidirsə, indiki halda Moskvanın reaksiyası da o qədər təbiidir. Analitik vurğulayıb ki, Krım məsələsində hər iki ölkənin – həm Rusiyanın, həm də Türkiyənin mövqeyi dəyişməzdir: “Beynəlxalq hüquqa görə, Krımın Ukrayna ərazisi olması hər kəsə məlumdur və mübahisə predmeti deyil. Bu reallığı Moskva özü də yaxşı bilir. Türkiyə-Rusiya münasibətləri bir neçə istiqamət üzrə cərəyan edir. Birincisi, ikili əlaqələrdən, yəni iqtisadi, ticari və mədəni əməkdaşlıqdan söhbət gedir. Bunun içərisində S-400 raketlərinin müzakirəsi, "Akkuyu" stansiyasının tikintisi ilə bağlı məsələlər də yer almaqdadır. İkinci məqam isə regional məsələlərin həlli ilə bağlıdır. Türkiyə-Rusiya arasında Yaxın Şərqdə, Balkanlarda, Mərkəzi Asiyada, Cənubi Qafqazda, eyni zamanda Əfqanıstanda ortaq fəaliyyət imkanları da müzakirə mövzusudur. Bəzi bölgələrdə hər iki dövlətin fikir toqquşmaları var. Bəşər Əsədin ötən gün Rusiyaya səfəri Ankarada xoş qarşılanmadı. Bu baxımdan Ərdoğanın BMT-də Krımla bağlı açıqlamasını Əsəd məsələsində revanş kimi dəyərləndirmək olar”. S.Hümbətova görə, Türkiyə prezidentinin Rusiya səfərində müzakirə olunası mövzuların sayı çoxdur: “Şübhə yox ki, səfər çərçivəsində Qarabağ ətrafındakı proseslər, regional kommunikasiya məsələləri də Putinin diqqətinə çatdırılacaq. Zəngəzur dəhlizi ilə bağlı geniş müzakirələrin aparılması ehtimalı da böyükdür. İstənilən halda Moskva Türkiyə ilə əməkdaşlıqda maraqlıdır və müəyyən dərəcədə buna məcburdur. Çünki başqa alternativi yoxdur. Davamlı sanksiyalardan ciddi ziyan görən Rusiya Türkiyə ilə iqtisadi əməkdaşlığı özü üçün nəfəslik kimi görür”. Geri qayıt |