Əsas Səhifə > Dünya > Paşinyan ABŞ-dan Rusiyaya qarşı tapşırıq alır

Paşinyan ABŞ-dan Rusiyaya qarşı tapşırıq alır


15-09-2021, 09:03
Paşinyan ABŞ-dan Rusiyaya qarşı tapşırıq alır
“ABŞ-ın Ermənistanda inqilab yolu ilə Paşinyanı hakimiyyətə gətirməkdə məqsədi erməni dövlətini klonlaşdırmaq və özünün «pilot» layihəsini həyata keçirmək idi. Artıq ABŞ-ın bu layihəsi icra olunmaqdadır. Buna Paşinyanın simasında qismən nail olunub”.

Bunu Reyting.az-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev deyib.

Onun sözlərinə görə, Ermənistandakı hadisələr, Paşinyanın mövqeyi və fəaliyyəti Rusiyanın maraqlarına və milli təhlükəsizliyinə zərər vurub. Eyni zamanda 44 günlük müharibənin nəticələri, 10 noyabr sazişi Cənubi Qafqazda siyasi vəziyyəti dəyişib və yeni reallıqlar yaradıb. Yəni, həm də ABŞ-ın hərbi-siyasi planları pozulub, məlum üçtərəfli sənədin imzalanması bölgədə yeni siyasi reallıqlar ortaya çıxarıb.

A. Məsiyev əlavə edib ki, Paşinyan yenidən Baş nazir seçildikdən sonra ikili siyasət yeritmək taktikasına üstünlük verir. Belə ki, Qərbin, xüsusən də ABŞ-ın təlimatı əsasında Rusiya sülhmərəmlı qüvvələrinin missiyasına kölgə salmaq, bu baxımdan atəşkəsin pozulması üçün təxribat xarakterli aksiyalar həyata keçirməkdədir.

İnstitut rəhbərinin fikrincə, Ermənistanda, o cümlədən ABŞ-da gözəl anlayırlar ki, təxribatlarla Azərbaycan Ordusunun geri çəkilməsinə nail oluna bilməyəcəklər:

“Onda sual doğur ki, bəs bu təxribatlar nəyə hesablanıb?

Hadisələrin təhlili göstərir ki, Paşinyan və komandası hələ də ABŞ-ın əlində alətdir. ABŞ-ın Cənubi Qafqazda, xusisilə də Ermənistanı öz təsir darəsinə salmaq istiqamətində fəallaşması müşahidə olunur, bu məqsədlə bölgədə Paşinyanın əli ilə yenidən gərginliyin yaranmasına çalışırlar.

Digər tərəfdən, rəsmi Moskvanın tələbləri, 10 noyabr sazişi müddəalarından irəli gələn öhdəliklər, yaranmış siyasi reallıqlar diqtə edir ki, mövcud şəraiti qəbul etmək Paşinyana hava-su kimi lazımdır. Ona görə də Paşinyan ara-sıra sülh barədə bəyanatlar verməli olur. Bir sözlə, Paşinyan ABŞ və Rusiya arasında ikili oynamağa çalışır”.

A. Məsiyevin iddiasına görə, Ermənistanla Azərbaycan arasında böyük sülhün əldə edilməsi Rusiya üçün mühüm məsələdir: “Bu illər ərzində Ermənistanla Azərbaycan arasında olan münaqişə Rusiyanın Cənubi Qafqazda strateji planlarını həyata keçirməsinə mane olurdu. Həm də Azərbaycanın Avrasiya İqtisadi Birliyinə inteqrasiya etməsinə bilavasitə mane olurdu, bu baxımdan böyük sülhün Moskva şəhərində imzalanması, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə inteqrasiyası üçün bölgədə sülhün olması vacib amillərdəndir. Bu məqsədlə Rusiya Ermənistanla Azərbaycanla arasında böyük sülhün imzalanmasına vastəçilik missiyasını öz üzərinə götürüb, bununla da dünyaya bir mesaj verib ki, Cənubi Qafqaz Rusiyanın siyasi sferasına aiddir”.

Politoloq iddia edir ki, ABŞ Ermənistana milyardlarla dollar maddi yardım göstərir və bunun qarşılığında Ermənistana bölgədə Rusiyanın siyasi fəaliyyətini əngəlləmək tapşırığı verir: “Ona görə də Rusiyanın sülhməramlı missiyasını gözdən salmaq üçün həm atəşkəsi pozur, həm də bununla ATƏT-in Minsk Qrupunun fəaliyyətini yenidən gündəmə gətirmək istəyir. Atəşkəsin pozulması və Minsk Qrupunun yenidən aktivləşməsi isə faktiki olaraq Rusiyanın siyasi nüfuzuna xələl gətirir. Bu isə ABŞ-ın maraqlarına cavab verir”.

A. Məsiyev sonda qeyd edib ki, Rusiyanın həm Ermənistanda, həm də Azərbaycanda siyasi maraqları var. Bu maraqların reallaşması üçün balanslı siyasət həyata keçirməyə çalışır: “44 günlük müharibədə Rusiya tərəfsizlik nümayiş etdirdi və müharibənin sonu Azərbaycanın qələbəsi ilə nəticələndi. İndi Rusiya hadisələrdə balanslaşdırma siysətinə üstünlük verir, çalışır ki, böyük sülh sazişi Moskvada imzalansın. Rusiya bununla da ABŞ-a və Qərbə göstərmək istəyir ki, Cənubi Qafqazda söz sahibi Rusiyadır. Sülhməramlı qüvvələr o zaman radikal addımlar atacaq ki, Ermənistan ABŞ-ın diqtəsi ilə açıq formada davransın, sülh sazişindən imtina etsin”.



Geri qayıt