Əsas Səhifə > Dünya > Kreml özünə “ikinci Ermənistan” yaratdı: NATO və Rusiya arasında döyüş meydanı
Kreml özünə “ikinci Ermənistan” yaratdı: NATO və Rusiya arasında döyüş meydanı13-09-2021, 18:19 |
Belarus Rusiyadan ümumi dəyəri 1 milyard dollardan artıq olan silah-sursat almağı planlaşdırır. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib. O, həmçinin, Rusiyadan “S-400” zenith-raket komplekslərinin alınması məsələsinin müzakirə olunduğunu bildirib. Dövlət başçısının sözlərinə görə, hazırda “S-300” sistemləri ölkənin Qərb istiqamətini tam olaraq qoruyur. Lakin artıq cənub istiqamətindən də təhdidlər meydana çıxıb. “Bizi cənubdan qızışdırmağa başlayırlar. Başqa nə olacaq? Hazırlaşmalıyıq, Ukrayna ilə sərhəd 1200 kilometrdir. Ona görə də bu perimetri də bağlamalı olacağıq. Sadəcə “S-400”-ün bizim üçün uyğun olacağından danışırdıq. Müdafiə nazirinə bu kompleksləri bizə çatdırmaq üçün həmin məsələləri bizimlə birlikdə həll etməyi tapşırdı”-dedi. Lukaşenko ölkəyə onlarla təyyarə, vertolyot, hava hücumundan müdafiə sistemi və ehtimal ki, “S-400”-lərin gətiriləcəyini bildirib. Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general-mayor İqor Qolub ölkəyə “C-400” və “Pantsir-S” zenit raket komplekslərinin yerləşdirilməsi ilə bağlı saziş üzərində iş aparıldığını deyib. Belarus həmçinin, 2021-ci ildə “Protivnik-G" və “Vostok” radarlarının yenisini qəbul etməyi planlaşdırır. Bundan başqa, “SU-30 SM” qırıcılarının ikinci hissəsinin, eləcə də “Mi-35” çoxfunksiyalı helikopterlərin tədarükünə dair müqavilələr bağlanıb. Aleksandr Lukaşenkonun Ukrayna ilə sərhəddə ağır silahlar yerləşdirilməsi ilə bağlı açıqlaması təbii ki, Belarusun hər hansı müharibəyə və hücumdan müdafiəyə hazırlıq məqsədi daşımır. Belarus Prezidentinin Rusiya ilə razılaşması daha çox siyasi məzmun daşıyır. Bu mesajlar isə həm Qərbə, həm də Ukraynaya ünvanlanıb. Lukaşenko Ukrayna ilə sərhədi bağlamaqla rəsmi Kiyevin Belarusa “məxməri inqilab” ixracının qarşısını almağa çalışır. Bu, həm də Belarus müxalifətinə dəstək verən Zelenski administrasiyasına qarşı siyasi və iqtisadi təzyiq məqsədi ilə edilir. Lukaşenko rejimi Kiyevi Svetlana Tixanovskayanın liderlik etdiyi müxalifət qüvvələrinə siyasi dəstəyini dayandırmasa, Ukraynanın təhlükəsizliyinə problem yaradacağı ilə təhdid edir. Tərəflər arasında birgə təhlükəsizlik sisteminin yaradılmasına dair razılaşma əslində, Ukraynaya və Qərbə Rusiyadan gələn təhlükəni artırır. Ukrayna ilə sərhəddə yerləşdiriləcək “S-400”, “Pansir-S” sistemləri və müasir hərbi aviasiya Rusiya generallarının tabeliyində olacaq. Rusiya 2015-ci ildən bəri Belarus ərazisində hərbi hava bazası yerləşdirməyə çalışsa da, Lukaşenkonun ölkənin müstəqilliyini qoruyub saxlamaq cəhdi buna mane olurdu. Hətta buna görə 2018-ci ildə Rusiya müxtəlif bəhanələrlə Belarusa sanksiyalar tətbiq etmişdi. Lakin 2019-cu ildə keçirilmiş prezident seçkilərindən sonra Qərbin Lukaşenko rejiminə tətbiq etdiyi sanksiyalar Belarus Prezidentinin Rusiya qarşısında manevr imkanlarını tükətdi. Lukaşenkonun Vahid İttifaq Dövlətinə daxil olmağa, o cümlədən Rusiya ilə birgə hərbi sistem yaratmağa razılaşması daha çox onun Putinə təslim olması kimi qiymətləndirilə bilər. Eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin Rusiya ilə birgə vahid hava hücumundan müdafiə sisteminin yaradılması haqqında qərar Belarus üzərində Moskvanın hərbi üstünlüyünü qaçılmaz edəcək. Bu isə Ukraynanın ətrafında Rusiyanın hərbi əhatə həlqəsinin genişlənməsi deməkdir. Vaxtilə Belarusun Rusiya və NATO arasında döyüş meydanına çevrilməyəcəyini deyən Lukaşenko indi hakimiyyətini qoruyub saxlamaq üçün Moskvanın təklifini seçməli olub. Bu da perspektivdə Ukraynanın təhlükəsizliyinə ciddi problem yarada bilər. Belarusun sərhədləri bağlaması nəticəsində Ukraynanın Rusiyanın işğalı altında olan 400 kilometrlik hissəsinə 1200 kilometrlik zona da əlavə oluna bilər. Yəni Rusiya Ukrayna-Belarus sərhədini şimaldan, əks tərəfdən nəzarətə götürmək imkanı əldə edər. Bu da perspektivdə Donbas probleminin Ukraynanın xeyrinə həllini çətinləşdirəcək. Qərbin sanksiyaları qarşısında valyuta defisiti problemi yaşayan Belarusun aldığı silahların pulunu ödəmək imkanları çox məhduddur. Rusiya Ermənistanda olduğu kimi Belarusu da silahların dəyəri müqabilində müxtəlif siyasi və iqtisadi güzəştlərə vadar etməyə çalışacaq. 2014-cü ildə Ukraynada baş vermiş müharibədən sonra Rusiya ilə NATO arasında neytral zonaya çevrilmiş Belarus artıq Kremlin təsir dairəsinə keçir. Bundan istifadə edən Rusiya Şəqri Avropadakı NATO və ABŞ hərbi bazalarına qarşı Belarus ərazisində bufer zona formalaşdırmaq planını reallaşdırmaq imkanı əldə edib. Rusiyanın planına Babruyskda hərbi bazasının yaradılması, həm Polşada, həm də Litvadakı NATO və ABŞ bazalarına qarşı yaxın, ortamənzilli raketlərin yerləşdirilməsi daxildir. Lukaşenkonun “Biz və Rusiya Federasiyası, NATO qoşunları tərəfindən birbaşa həmsərhəd olduğumuz qərb istiqamətini çox ciddi qəbul edirik”deməsi də məhz Belarus Prezidentinin Qərbin təzyiqlərindən müdafiə olunmaq üçün Moskvanın hərbi dəstəyinə ümid etdiyini göstərir. Yəni Lukaşenko Qərbə sanksiyaları və müxalifətə dəstəyi dayandırmasa, Rusiyanın vasitəsilə regiondakı maraqlarına ciddi problem yaradacağına dair mesaj verir. Bu təhdidlər Rusiyanın Ukraynaya qarşı daha geniş müdaxilə imkanının verilməsindən, Avropanın təhlükəsizlik sisteminin təhlükə altına düşməsindən ibarətdir. Ancaq ABŞ, NATO və Avropa Birliyi çox güman ki, Lukaşenkonun bu addımını cavabsız qoymayacaq və Rusiya-Belarus İttifaq Dövlətinə qarşı alternativ addımlar gözlənilir. Bu addımlar müxalifətə dəstəyin artırılması və Belarusda hakimiyyət dəyişikliyinə cəhd göstərilməsi, Lukaşenko rejiminə qarşı sanksiyaların gücləndirilməsi, Ukraynanın NATO-ya bərbərhüquqlu tərəfdaş statusunun verilməsi ilə ABŞ hərbi bazalarının bu ölkədə yerləşdirilməsi şəklində ola bilər. Cebhe.info Geri qayıt |