Əsas Səhifə > Dünya > İran Orta Asiyaya və Rusiyaya asan çıxış yolu əldə etmək fikrindədir
İran Orta Asiyaya və Rusiyaya asan çıxış yolu əldə etmək fikrindədir3-09-2021, 07:56 |
Azərbaycan İranın MDB ölkələri bazarlarına girişi üçün dəhliz ola bilər. Bunu İranın Azərbaycandakı ticarət attaşesi Mehdi Babayi İranın Zəncan vilayəti Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının onlayn şəkildə keçirilən iclasında deyib. M.Babayinin sözlərinə görə, Azərbaycan bölgədə tranzit mərkəzinə çevrilmək istiqamətində müəyyən investisiyalar yatırıb və məhsul tranzitində regional mərkəzə çevrilmək niyyətindədir. O əlavə edib ki, üçüncü ölkələrə məhsul ixrac etmək məqsədilə Azərbaycanda yaradılan imkanlardan istifadə etmək lazımdır. Azərbaycan hökumətinin bir neçə il bundan öncə şimal-cənub dəhlizinin yaradılması və bu dəhlizin fəaliyyəti ilə bağlı qərarlar aldığını deyən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında vurğulayıb ki, hətta İran tərəfinə 500 milyon dollara yaxın kredit xəttinin açılması ilə bağlı ümumi bir razılaşma da əldə olunmuşdu. Bu razılaşmaya əsasən, Rəşt-Astara dəmir yolu və Bəndər-Abbas dəniz limanlarına qədər olan dəmir yolları yenilənməli idi: "Lakin hazırda bu işlərin gecikməsini müşahidə edirik. Bunun da əsas səbəbi İrana qarşı olan sanksiyaların yenidən qüvvəyə minməsi oldu. Nəticə etibarilə də bu layihələrin həyata keçirilməsində zaman uzandı. İndi İranla ABŞ, həm də Avropa Birliyi arasında yeni danışıqlar mərhələsi gedir. Danışıqlar intensiv şəkildə Cenevrədə və Vyanada davam edir. Bu danışıqlar mərhələsinin yaxşı yekunlaşacağı barədə də ehtimallar çox yüksəkdir. Bu danışıqlar yekunlaşandan sonra cənub-şimal koridorunun açılması prosesi daha da sürətlənə bilər". İqtisadçının sözlərinə görə, Azərbaycanla İran arasında ticarət dövriyyəsinin artması mümkündür: "İndi ticarət dövriyyəsi 500 milyon dollar civarındadır. Bunu bir neçə dəfə artırmaq mümkündür. İran məhsullarını Azərbaycan tranzit xətti ilə həm Orta Asiya respublikalarına, həm Rusiyaya, həm Belarusa, həm Ukraynaya, həm də Baltik dənizinə qədər ixrac etmək imkanları var. Həmçinin, əks istiqamətdə də bu ixracatı həyata keçirmək imkanlarına sahibdir. Təbii ki, bu xətlərin açılması, kommunikasiya xətlərinin güclənməsi Azərbaycan iqtisadiyyatında həm tranzit gəlirlərinin artmasına, həm də ticarət dövriyyəsinin yüksəlməsinə səbəb ola bilər". Geri qayıt |