Əsas Səhifə > Dünya > “Taliban”ın izi ilə: hazırlıqlar gedir, sürprizlər gözlənilir

“Taliban”ın izi ilə: hazırlıqlar gedir, sürprizlər gözlənilir


19-08-2021, 08:01
“Taliban”ın izi ilə: hazırlıqlar gedir, sürprizlər gözlənilir
ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı son hadisələrlə bağlı açıqlama verib. Deyib ki, əfqanların özlərinin döyüşmək istəmədiyi müharibədə amerikalıların döyüşməsi məntiqsizdir. Amerika qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı qərarına haqq qazandıran Bayden verdiyi qərarın arxasında dayandığını söyləyib.

Ünvanına yönələn ittihamları qəti şəkildə rədd edən Ağ Ev rəhbəri “Taliban”a xəbərdarlıq etməyi də unutmayıb. ABŞ hərbçilərinin başına bir iş gələcəyi təqdirdə bunun bədəlinin ağır olacağını əlavə edib.

Bu arada ABŞ-ın sabiq Prezidenti Donald Tramp Əfqanıstanda baş verənlərə görə Baydeni sərt ittiham edib. Deyib ki, bu biabırçılıqdan sonra Bayden təcili istefa verməlidir: “Bu, onun üçün çətin olmayacaq. Onsuz da saxta seçkilər yolu ilə iqtidara yiyələnib”.

Əfqanıstanda baş verənlər fonunda ABŞ-ın və Qərbin dünyadakı rolu ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, seçkiöncəsi sərhədsiz demokratiya və insan haqları vədləri ilə çıxış edən Baydenin son açıqlaması böyük məyusluq doğurur.

AYNA mövzu ətrafında Fransada yaşayan soydaşımız, politoloq Elnur Məcidli ilə həmsöhbət olub.

- Əfqanıstanda baş verənlər dünya gündəmini məşğul edən əsas mövzudur. Sizcə, “Taliban”ın yenidən iqtidara qayıdışı Əfqanıstana nə verəcək?

- Təbii ki, Əfqanıstanda baş verənlər insanlıq adına utanc gətirən olaylardır. 20 il öncə “Taliban”ı iqtidardan devirib ağ günə çıxacaqlarına ümid edən əfqanlar yenidən onların rəhbərliyi altında yaşamalı olacaqlar. Təsəvvür edin, insanlar bu ölkədə doğulublar, boya-başa çatıblar. Özləri üçün müəyyən həyat tərzi formalaşdırıblar. Lakin bir gün hər şeyi arxada buraxaraq öz doğma ölkəsini tərk edirlər. Özləri ilə heç nə aparmırlar. Hətta təyyarənin yedəyində belə, getməyə hazırdırlar. Təki gələcəyi qaranlıq Əfqanıstanda yaşamasınlar. Sosial mediadan və dünya mətbuatından video-kadrları izləyirik. Adam bilir ki, təyyarənin yedəyində getmək olmaz. Lakin israr edir və göydən yerə çırpılaraq həlak olur. Bu, insanlıq dramıdır.

Təbii ki, müstəqil dövlət ola bilməməyin, müstəqil siyasət yürüdə bilməməyin bədəli ağır olur. Bu səbəbdən hər bir dövlət ilk növbədə özünü gücləndirməli, kənar təsirlərə qapalı olmalı, millət olaraq öz taleyini hərraca çıxarmamalıdır. Hesab edirəm ki, əvvəlki dövlərdə olduğu kimi, “Taliban” qəddar siyasət yürüdə bilməyəcək. Güman ki, burada şəriət dövləti qurulacaq. Nəticədə bu ölkə dünyəvilikdən bir az da kənar qalacaq.

- Bayden ABŞ-ın Əfqanıstan məsələsində neytral mövqe tutacağını bəyan edib. Seçkiöncəsi isə sərhədsiz demokratiya və insan haqlarından danışırdı...

- Əslində Baydenin bu açıqlaması gözlənilən idi. O səbəbdən ki, Tramp administrasiyası ABŞ-ı iqtisadi cəhətdən xeyli zəiflətmişdi. Seçkiöncəsi Bayden şirnikləndirici bəyanatlar versə də, onun demokratiya sərhədləri mövzusuna deyil, öz ölkəsinin sosial-iqtisadi problemlərinə həssas yanaşacağı məlum idi. Digər yandan hələ seçkilərdən öncə proqnozlar var idi ki, Bayden Obamanın yolu ilə gedəcək. Hər ikisi Demokratları təmsil edir, Bayden Obama administrasiyasında vitse-prezident postunu tutub. Obama da vaxtilə oxşar tezislərdən istifadə edib. İlk seçki kampaniyasında o da sərhədsiz demokratiyadan danışırdı. Lakin onun prezidentliyi dövrü uzaq tarixdə olmayıb.

- Demokratiya məsələsində ABŞ-ın dəstəyinə bel bağlamamağın mənasız olduğu ilə bağlı iddiaları bölüşürsünüzmü?

- Təbii ki, hər bir dövlət, hər bir xalq öz problemini özü həll etməlidir. Düşünmək ki, ABŞ və ya Qərb gəlib hansısa ölkədə demokratikləşmə həyata keçirəcək, bu, səhv yanaşmadır. Hətta deyərdim ki, qüsurlu yanaşmadır. Müəyyən maraqlar olduğu halda Amerika müəyyən proseslərə dəstək verib. Təcrübədə buna rast gəlmişik. Düşünürəm ki, ABŞ Əfqanıstanda olan hərbi missiyasını geri çəkəcək. Bu məsələdə prinsipial mövqe ortaya qoyacaqları qənaətindəyəm. Son bəyanatı zamanı Bayden də bunu açıq şəkildə dilə gətirdi. Əfqanıstandan hərbçilərin çıxarılması qərarı Obamanın vaxtında verilib. Sonra Tramp da bu siyasəti davam etdirib. Hazırda Bayden bu prosesi yekunlaşdırmaq üzrədir. Düşünürəm ki, ABŞ bundan sonra ölkələrin ərazisində olmağa deyil, kənardan nəzarət siyasətinə üstünlük verəcək.

- Əfqanıstanda baş verənlər regionda hansı dəyişiklikləri qaçılmaz edəcək? Ehtimallarınız nədən ibarətdir?

- Burada bir məqamı vurğulaym ki, ötən əsrin 60-cı illərində Qərb “Yaşıl dəhliz” adlı siyasi texnologiyadan istifadə edirdi. Məqsəd dünyada kifayət qədər güclü və güclənməkdə olan kommunizmi sarsıtmaq idi. “Yaşıl dəhliz” vasitəsilə dini təmayüllü siyasi qüvvələr hakimiyyətə gətirilirdi. Çünki Sovet İttifaqı, Çin və bir çox aparıcı dünya dövlətlərində kommunizm hökm sürürdü. Məhz bu qüvvələrə alternativ olaraq dini təmayülləri gücləndirməyə çalışırdılar. Orta Asiyada və digər ərazilərdə dini bağlılıq gücləndi. Nəticədə Sovet imperiyası yıxıldı. Nəzarət isə tam mənada Qərbin tərəfinə keçdi. Hesab edirəm ki, hazırda da oxşar texnologiyadan istifadə edilir.

- Qərbin vaxtilə kommunizmi çökdürmək üçün istifadə etdiyi texnologiyalara yenidən üz tutduğunu deyirsiniz. O zaman SSRİ-ni yıxdılar, indi nəyə hazırlaşırlar?

- Təbii ki, “Taliban”ın hakimiyyətə gəlməsi ilə regionda yeni dövr başlayacaq. İranda şiə, Əfqanıstanda isə sünni məzhəbinin nümayəndələri hakimiyyətdədir. Onların arasında problemlərin olacağı istisna deyil. Bütün hallarda dünyada çox ciddi siyasi proseslər gedir, sürprizlər ola bilər. Sanki nəyəsə hazırlaşırlar. Lakin bu, nədir - dəqiq proqnoz vermək mümkün deyil. Bütün bu suallara isə əlahəzrət zaman aydınlıq gətirəcək.


Geri qayıt