Əsas Səhifə > Dünya > Əfqanıstan can hayındadır, Tramp “Black Hawk” helikopteri axtarır

Əfqanıstan can hayındadır, Tramp “Black Hawk” helikopteri axtarır


18-08-2021, 10:54
Əfqanıstan can hayındadır, Tramp “Black Hawk” helikopteri axtarır
“ABŞ-ın Əfqanıstan ordusuna bağışladığı “Black Hawk” helikopterlərinin sirrini artıq Rusiya, Çin kimi rəqib dövlətlər də öyrənə biləcəklər”.

Ovqat.com xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp amerikan ordusunun Əfqanıstanı tərk etməsinin mümkün zərərləri barədə danışarkən belə deyib.

Trampın fikrincə, milyardlarla dollar xərc çəkdikdən sonra ABŞ Əfqanıstanı “Taliban”ın ixtiyarına buraxmaqla faktiki dünyanın ən yaxşı texnologiyalarının sirrini də başqa ölkələrə hədiyyə etmiş oldu. Çünki ABŞ həmin silahları Əfqanıstana bağışlamışdı. İndi “Taliban” bu silahları ABŞ-ın rəqiblərinə satmaqla bu vaxta qədər qorunan texnologiyaların sirrinin də başqaları tərəfindən öyrənilməsinə şərait yaradacaq.

Tramp ABŞ-ın Əfqanıstanı tərk etməzdən əvvəl hərbi texnikanı məhv etməməsinə qəzəblənib və əfqan ordusunu öz ölkələri üçün yox, Amerikanın pulu uğrunda mübarizə aparan hərbi muzdlular adlandırıb.

“Əfqanıstan əsgərlərinin nə üçün Talibanla mübarizə apardığını araşdırdım. Mənə müxtəlif insanlar tərəfindən çox dəhşətli məlumatlar verildi: dünyanın əsgərləri arasında ən çox maaşı onlar alırmışlar. Xidməti də maaş üçün edirmişlər. Ödəməni kəsən kimi, onlar da mübarizəni dayandırıblar", - Tramp belə deyib.

O, ABŞ-ın Əfqanıstan əməliyyatına illik xərclərini Rusiyanın hərbi büdcəsi ilə müqayisə edib: “İldə 42 milyard dollar xərcləmişik. 42 milyard, düşünün. Bildiyimə görə, Rusiya hər il bütün ordusuna 50 milyard dollar xərcləyir, biz isə Əfqanıstan ordusuna hər il 42 milyar dollar ayırırdıq”.

Tramp sözügedən vəsaitin hər il ödənildiyini və bunun ABŞ-a heç nə gətirmədiyini vurğulayıb.

Qeyd edək ki, “Black Hawk” vertolyotları “Sikorsky” şirkəti tərəfindən istehsal edilən hərbi nəqliyyat və hücum texnikasıdır.

ABŞ, Argentina, Avstraliya, Avstriya, Bəhreyn, Braziliya, Bruney, Çin, Mərakeş, Filippin, Cənubi Koreya, İsrail, Yaponiya, Kolumbiya, Malayziya, Meksika, Misir, Səudiyyə Ərəbistanı, Tayland və Türkiyə tərəfindən istifadə olunur. İlk dəfə 1978 -ci ildə ABŞ Ordusunda xidmətə girdi.

“Black Hawk” vertolyotları bir çox missiya üçün istifadə olunur. 11 tam təchiz olunmuş əsgər və ya 1170 kq yük daşıya, iplə 4050 kq yükü qaldıra bilir. Bu vertolyotlar yanğınsöndürmə, xilasetmə və təcili yardım kimi də istifadə edilir.

Qiymət baxımından müdafiə bazarda ən bahalı vertolyot kimi tanınan “Black Hawk”ların qiyməti təxminən 6 milyon ABŞ dollarıdır.


Geri qayıt