Əsas Səhifə > Dünya > Rusiya Əfqanıstana silah belə satmaq istəmir

Rusiya Əfqanıstana silah belə satmaq istəmir


13-08-2021, 08:55
Rusiya Əfqanıstana silah belə satmaq istəmir
Əfqanıstan Müdafiə Nazirliyi “Taliban”a qarşı daha effektli mübarizə aparmaq üçün Rusiyadan vertolyot almaq istəyib. Nazirliyin Rusiyaya göndərdiyi müraciətə heç bir cavab verilməyib.

Ovqat.com xəbər verir ki, Əfqanıstan Xarici İşlər Nazirliyinin dünən yaydığı məlumatdan belə anlaşılır.

İş o yerə çatıb ki, rəsmi Kabil Xarici İşlər Nazirliyi səviyyəsində Rusiyanın hərbi yardım sorğularına cavab vermədiyini açıq şəkildə bildirmək məcburiyyətində qalıb. Rəsmi açıqlamada Moskvaya xatırladılıb ki, Əfqanıstan bu hərbi texnikaları müftə yox, pulla almaq istəyir.

"Biz hərbi hava qüvvələrimizi möhkəmləndirmək üçün Rusiyadan yeni vertolyotlar almaq istəyirdik və bununla əlaqədar Moskvaya müraciət etmişik. Təbii ki, söhbət ondan gedir ki, bu helikopterlər bizim maliyyə resurslarımızla alınacaqdır. Biz bu məsələ ilə bağlı Rusiyadan cavab gözləyirik", - deyə Əfqanıstan XİN-in bəyanatında vurğulanıb.

Qeyd edək ki, Əfqanıstanın hardasa 90%-i ələ keçirən “Taliban”ın artıq Kabilə hücuma başladığı iddia olunur. Paytaxtın yaxın 3-4 gün ərzində “Taliban”ın nəzarətinə keçəcəyindən ehtiyat edilir.

ABŞ-ın son 20 il ərzində Əfqanıstan ordusuna verdiyi silah və sursatlar bir-bir “Taliban”ın əlinə keçir. Rusiya isə Kabilə vertolyot belə, satmaq istəmir. Anlaşılan budur ki, Moskva Əşrəf Qani Əhmədzai hökumətindən ümidini tamamilə kəsib.


Geri qayıt