Əsas Səhifə > Dünya > ABŞ istəyir ki, "Taliban"ı qəddar və vəhşi kimi göstərib, Əfqanıstanı bombalasın
ABŞ istəyir ki, "Taliban"ı qəddar və vəhşi kimi göstərib, Əfqanıstanı bombalasın12-08-2021, 09:38 |
“Taliban” hərəkatının üzvləri Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri olan Bəğlanın mərkəzi Pul-i Xumri şəhərini ələ keçirib. Qeyd olunub ki, hərəkatın yaraqlıları şəhərə daxil olub, “bayraq”larını Mərkəzi meydanda, həmçinin qubernatorun iqamətgahının qarşısında qaldırıblar. Hökumət qüvvələri məcburən geri çəkilib. Agentlik qeyd edir ki, bu, son günlərdə radikalların əlinə keçən səkkizinci inzibati mərkəzdir. Ötən gün Ağ Evin mətbuat katibi Jen Psaki mətbuat konfransında maraqlı fikir irəli sürüb. O söyləyib ki, Əfqanıstan hökumətinin radikal “Taliban” yaraqlılarının öhdəsindən gəlmək üçün kifayət qədər silahlı qüvvəsi var. Maraqlıdır, Əfqanıstanda hazırda vəziyyətin kritik həddə çatmasının səbəbi nədir? BAXCP sədrinin müavini, politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında Əfqanıstanda vəziyyətin kəskinləşməsinin öncədən planlı şəkildə aparılan siyasətin tərkib hissəsi olduğunu deyib. Analitik qeyd edib ki, bu, Amerikanın region dövlətlərin təhlükəsizliyinə zərbə vurmaq üçün qurduğu oyundur: "Taliban" əslində heç kimlə danışıqlar aparmaq fikrində deyil. Çünki "Taliban" hərəkatının yaranmasında məqsəd və ideya, onları öz həmfikirləri olmayanlarla birləşməsi ehtimalını mümkün etmir. Bu insanlar uşaqlıqdan dini fanatizm ideyaları ilə böyüyürlər. Onlar Amerika və Səudiyyənin varlı ailələri tərəfindən Pakistan xüsusi xidmət orqanı tərəfindən formalaşıblar. Bu baxımdan, "Taliban"ın tərkibində Amerika təhlükəsizlik orqanlarına işləyən böyük miqdarda insanın olması təbiidir". A.Qasımov bildirib ki, Amerika "Taliban"ın hazırda irəliləməsində siyasi motivlər hazırlayır: "Amerika istəyir ki, "Taliban"ı qəddar və vəhşi kimi göstərib, Əfqanıstanı bombalasın. Hesab edirəm ki, Amerikanın gizli planları var. Düzdür, Amerika özünü Əfqanıstandan çıxmış kimi göstərsə də, əslində tamamilə ordan çıxmaq fikrində deyil. Amerika rəsmiləri qeyd edir ki, 20 il ərzində 3 trilyon dollar vəsait xərclənib, əfqan ordusu formalaşdırılıb və silahla təchiz edilib. Hətta əfqanlara təyyarələr belə verilib. İndi Əfqanıstanın özü-özünü idarə etməsi lazımdır. Amerika sadəcə Əfqanıstanda elə bir mühit yaratmaq istəyir ki, vəziyyət getdikcə daha da gərginləşsin. Ətraf ölkələr də bundan narahat olsun. Necə ki, Rusiya artıq Orta Asiya ölkələrinə 20 min qoşun yığıb. Fikrimcə, Rusiya gec-tez "Taliban"la üz-üzə gələcək. Bu, öncədən hesablanmış plandır. Rusiya narahatdır ki, "Taliban" daxilindəki qruplar arasında münaqişə yaratmaq üçün Moskvada özbək-tacik qruplarla çeçenlərin davalarını təşkil edir. Rusiya hesab edir ki, bu qarşıdurma Suriyadan Əfqanıstana gəlmiş çeçen qruplarla "Taliban"ın özbək və tacik əsilli üzvləri arasında birliyin pozulmasına və sonda münaqişəyə gətirib çıxaracaq. Bu da öz növbəsində bu qrupların sərhəd boyu rus əsgərlərinə hücumlarının qarşısını alacaq". Geri qayıt |