Əsas Səhifə > Dünya > Türkiyəyə qarşı yeni taktika: Ekoloji terror PKK-nın öz başının məhsulu deyil
Türkiyəyə qarşı yeni taktika: Ekoloji terror PKK-nın öz başının məhsulu deyil10-08-2021, 10:47 |
Türkiyənin Qara dəniz və Egey dənizi sahillərindəki populyar turizm zonasında iyulun 28-dən başlayan meşə yanğınları davam edir. Rəsmi məlumata görə, 32 əyalətdə başlayan 125 yanğının demək olar ki, bir çoxu söndürülüb və ya nəzarət altına alınıb. Qarşıdakı günlərdə qalan yanğın ocaqlarının da nəzarət altına alınacağı, söndürüləcəyi bildirilir. Yanğınlar artıq on nəfərə qədər insanın həyatına son qoyub, saysız canlı tələfatına, onlarla binanın məhvinə səbəb olub. Bodrum və Antalyadan turistlər evakuasiya edilib. Türkiyənin hakimiyyət orqanları meşə yanğınlarının sabotaj və terror versiyaları üzərində dayanır. Müxalifət isə bu ehtimalları əsassız sayır və fəlakətin əsas səbəbini hökumətin səriştəsizliyində görür. Yanğınları PKK-ya bağlı olan sosial media hesablarında yanğınları “Alovun övladları təşəbbüsü”nün ("Ateşin Çocukları İnisiyatifi") törətdiyi bildirilib. Türkiyə mediası “Alovun övladları” terror qruplaşmasının meşə yanğınlarına görə məsuliyyəti üzərinə götürdüyünü yazır. Terror quplaşmasının üzvləri bildiriblər ki, meşə yanğınlarını onların tərəfdarları törədiblər. "Türk rejimi başqa bir dil anlamadığına görə, onları yanğınla diz çökdürməyin zamanı gəlib", - terror qruplaşması sosial media hesabında yazıb. Yeri gəlmişkən, dəhşətli yanğınların söndürülməsində ən çox Azərbaycan yanğınsöndürənləri köməklik göstəriblər və bu, davam etməkdədir. Qardaş Türkiyəyə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müxtəlif tip yanğınsöndürmə texnikası, yüzlərlə canlı qüvvəsi cəlb edilib. Bununla yanaşı, Türkiyəyə yardım əlini Ukrayna və Rusiya da uzadıb. Lakin Avropa ölkələrindən Türkiyəyə yardım ya olmadı, olan cuzi yardım isə gecikdi. Türkiyədəki meşə yanğınlarını, bunun arxasında PKK-nın dayanmasını, Türkiyənin terrorçulara qarşı siyasətində hansı dəyişiklik edəcəyi ilə bağlı AYNA-nın suallarını politoloq İlyas Hüseynov cavablandırıb. Analitik deyib ki, müasir beynəlxalq münasibətlərdə daha çox hidromüharibələrin, ekoloji terrorların sayının artacağı barədə ekspertlər müxtəlif proqnozlar verirdilər: “Hazırda biz həmin dövrü yaşayırıq. Türkiyə ərazisində baş verən yanğın hadisələrinin qəsdlə törədilməsi, bunun terror olduğu tutarlı faktlarla sübut olunur. Bu yanğınlarda PKK-nın birbaşa iştirakı aydındır. Təşkilatın qolu olan “Alovun övladları” terror qruplaşmasının bəyanatları da bunu deməyə əsas verir. Görünür, PKK terror qruplaşması indi də bu yolla Türkiyəyə ziyan vurmaq xəttini seçiblər. Təbii ki, türkiyə iqtisadiyyatı meşə yanğınlarından çox əziyyət çəkəcək. Yanğının fəsadlarının bərpası, infrastrukturun yenidən qurulması külli miqdarda dövlət vəsaiti tələb edir. Digər tərəfdən, meşə fondunun bərpası üçün uzun illət tələb olunur”. “Məsələ burasındadır ki, PKK-nın başbilənləri Türkiyə coğrafiyası, meşələri ilə bağlı böyük tədqiqat aparıblar. Zərərin miqdarını hesablayıblar. Bu, bir gündə verilmiş qərar deyil. Eyni zamanda, terrorçuları dəstəkləyən qüvvələr ekoloji terror ideyasını irəli sürüblər. Yəni ki, ekoloji terror törətmək PKK üçün xarakterik deyil. Onlar adətən dövlət strukturlarının yerləşdiyi binalarda, hüquq-mühafizə orqanlarının binalarında, əhalinin sıx olduğu yerlərdə partlayışlar törədirdilər. Ekoloji terror onların başının məhsulu deyil”, - Hüseynov əlavə edib. Ekspert qeyd edib ki, Türkiyə dövləti qısa zaman ərzində yanğınları söndürməyi bacaracaq: “Bundan sonra təbii ki, baş verən hadisə ilə bağlı tədbirlər görüləcək. Artıq istintaq başladılıb, proses gedir. Yəqin ki, genişmiqyaslı istintaq aparılacaq və bu terrorda əli olan şəxslərin hamısı məsuliyyətə cəlb ediləcəklər. Bundan sonra belə terror hadisələrinin yaşanmaması üçün Türkiyə dövləti ayıq-sayıqlıq tədbirlərini daha da artıracaq. Çünki ekoloji terror hər il baş verə bilər. Presedent yaranmaması üçün addımlar atılacaq”. “PKK ilə, ümumiyyətlə terrorla Türkiyə dövləti hər zaman mübarizə aparıb. Terrorçulara qarşı bundan sonra da amansız mübarizə davam edəcək. Türkiyə dövləti terrorçulara hər zaman yerini göstərir, bundan sonra da göstərəcək. Bəzi iddialar var ki, terrorçulara qarşı mübarizə daha amansız olacaq. Bundan əvvəl də mübarizə qəti şəkildə aparılıb və davam edəcək”, - politoloq vurğulayıb. Meşə yanğınlarının söndürülməsində Türkiyədə dəstək məsələsinə gəldikdə isə analitik qeyd edib ki, Azərbaycan qardaş ölkənin yanında oldu, hər cür dəstək göstərdi və göstərməkdə də davam edir: “Belə də olmalıdır. Bu, bizim dostluğumuzun, qardaşlığımızın ruhundan xəbər verir. Digər dövlətlərin yardım əlini uzadıb-uzatmamasına gəldikdə isə onu demək lazımdır ki, dünyada türkiyənin güclənməsinə qısqanc yanaşan, bunu həzm edə bilməyən qüvvələr, dövlətlər var. Onların yardım etməməsi, əksinə, Türkiyədə baş verən faciələrə sevinməsinə təəccüblənməməliyik”. Geri qayıt |