Əsas Səhifə > Dünya > İran 2 aya nüvə dövlətinə çevrilə bilər iddiası
İran 2 aya nüvə dövlətinə çevrilə bilər iddiası7-08-2021, 08:46 |
İsrailin müdafiə naziri Beni Gans BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin diplomatları ilə görüşdə bildirib ki, Tehran cəmi 10 həftəyə, yəni iki ay yarıma atom silahı yarada bilər. “Odur ki, hərəkət eləmək zamanıdır. Dünya iqtisadi sanksiyalar tətbiq eləməli və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı operativ tədbirlər görməlidir”, - deyə o qeyd edib. “Yeni Müsavat”ın məlumatına görə, İranın 10 aya nüvə dövlətinə çevrilməsi Tel-Əvivdə ciddi təşviş doğurub. Amma bunun nə dərəcədə real olduğunu proqnozlaşdırmaq çətindir. İsrailin İrana hücum etməyə hazır olub-olmadığı barədə suala cavab verən Gans “Bəli!” deyib. “Dəfələrlə təkrar edirəm, müdafiə qabiliyyətimizi qorumağa və artırmağa borcluyuq”, - İsrailin müdafiə naziri vurğulayıb. Lakin hətta Qərb bir kənara, Rusiya buna imkan verərmi? İranın Ali dini lideri Əli Xameneyi də demişdi ki, nüvə silahı haramdır, çünki dinc insanların kütləvi məhvini nəzərdə tutur. O zaman İran İslam dövləti ona niyə can atsın ki?! İran Prezidenti İbrahim Rəisi də andiçmə mərasimindəki çıxışında deyib ki, ölkəsi nüvə silahı yaratmaq niyyətində deyil, ölkənin müdafiə strategiyasında buna yer yoxdur. “İranın nüvə proqramı yalnız dinc məqsədlidir və Ali dini liderin fitvasına əsasən, nüvə silahları qadağandır və İranın müdafiə strategiyasında yeri yoxdur”, - Rəisi bildirib. İranın nüvə silahına sahib olmaq istəyi təzə hadisə deyil. Ən azından, keçən əsrin 1950-ci illərindən Tehran ciddi şəkildə nüvə texnologiyası ilə maraqlanıb və atomdan dinc məqsədlər üçün yararlanmaq işində ABŞ ona texniki dəstək də verib. 1967-ci ildə Tehranda hətta 5 meqavat gücündə kiçik reaktoru olan Tehran Nüvə Tədqiqatı Mərkəzi fəaliyyətə başlamışdı. 1973-cü ildə İranı modern silahlara sahib ölkəyə çevirmək xəyalına düşmüş İran şahı çox iddialı şəkildə bəyan etmişdi ki, yaxın gələcəkdə ölkəsi 23 min meqavat nüvə enerjisi gücünə malik atom elektrik stansiyasına sahib olacaq. Atom sahəsi üzrə mütəxəssislərin bəzilərinin o vaxtlar İranı tərk etməsi və ağır iqtisadi çətinliklər ucbatından ölkə bir müddət atom enerjisi proqramlarını dayandırdı. Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, İsrail tərəfinin bu açıqlamasının ömrü uzun olmadı, İranın yeni prezidenti inaqurasiyada təkzib etdi: “Blinken də iranlılarla Vyanada görüşərkən topun indi Tehran tərəfdə olduğunu və nüvə proqramı ilə bağlı real addımlar atılmasının vacibliyini bildirmişdi. Amma bu müzakirələr az qala əsrlərlə davam edəcək. Çünki tərəflər kompromisə gələ bilmirlər. Ümumən İranın nüvə texnologiyası ilə maraqlanması, xüsusən, müasir imkanlar səviyyəsində uranın zənginləşdirilməsi məsələsinə diqqət yetirməsi 2002-2015-ci illərdə dünyanın ən inkişaf etmiş ölkələrində sürəkli beynəlxalq müzakirələrə və İrana qarşı müxtəlif sanksiyaların tətbiqinə səbəb olub. Amma Baydenin ABŞ prezidenti seçilməsi İran-ABŞ münasibətlərində sözsüz ki, müəyyən müsbət dəyişikliklərə yol açacaq. İsrailin ABŞ-a dəfələrlə çağırışlarına baxmayaraq, hiss olunur ki, Vaşinqton Tehrana qarşı sərt kurs götürmək istəmir. Bundan öncə də İsrail Amerikanın İrana qarşı tədbirlər görməyə çağırsa da, Bayden administrasiyası hələlik loyal xətt tutur”. Siyasi təhlilçi İranın 10 həftə ərzində nüvə silahına sahiblənəcəyini gözləmir, hətta belə olsa da, Tehran rəsmi şəkildə bunu açıqlamaz. Ekspertin fikrincə, İrana qarşı sanksiyaların yumşaldılması istisna deyil. Qeyd edək ki, israilli iş adamı Eyal Oferin sahibi olduğu İngiltərə mərkəzli “Zodiac Maritime” dənizçilik şirkətinə məxsus “M/T Mercer Street” gəmisi iyunun 29-da Tanzaniyadan BƏƏ-yə gedərkən Hind okeanında hücuma məruz qalıb. İnsident nəticəsində iki nəfər heyət üzvü həlak olub. İsrail hökuməti baş verənlərdə İranı ittiham etsə də, qonşu ölkənin rəsmiləri bütün iddiaları rədd edib. “Yeni Müsavat” Geri qayıt |