Əsas Səhifə > Dünya > İranda NƏ BAŞ VERİR?
İranda NƏ BAŞ VERİR?30-07-2021, 08:45 |
İranda iyulun ortalarından etibarən başlayan aksiyalar davam edir. Cənubi qonşumuzda səngiməyən su qıtlığı problemindən yaranan və getdikcə böyüməkdə olan etirazlarda Qərbin marağı olduğu aydındır. Bu, ötən yazımızda geniş təhlil edilib. Amma bu etirazların mühafizəkarların namizədi İbrahim Rəisinin prezident seçilməsindən dərhal sonraya təsadüf etməsi diqqət çəkir. Bu aksiyalarla bağlı son məlumatlardan biri budur ki, İran administrasiyası aksiyaları dayandırmaq üçün İraq və Suriyadan 4 min Haşdi Şabi milisini gizlicə aksiyaların başladığı bölgəyə gətirib. İddialara görə, məsələ ilə bağlı Bağdadda İran səfirinin, Haşdi Şabi milis qrupunun liderinin və Hizbullah nümayəndələrinin iştirakı ilə Xuzistandakı vəziyyətə dair gizli toplantı keçirilib. Toplantı 4 saat davam edib. İclasda İran İslam Keşikçiləri Korpusunun komandanı general İsmail Kaanin mesajı səsləndirilib. General küçə toqquşmalarında fəal və uğurlu iştirak edən milislərdən ibarət qüvvələr formalaşdırılmasını tələb edib. Plana görə, milislər ABŞ-ın hava hücumlarından qorunmaq və diqqət çəkməmək üçün silahsız və mülki geyimdə 4 qrup şəklində İrana daxil olub. İraqın rəsmi mənbələri mediada yayılan iddiaları təsdiq edib. İranın beynəlxalq münasibətlər üzrə mütəxəssisi Rıza Talibi bu silahlıların İraqda olduğu kimi İranda da aksiyaların qarşısını almaq üçün qətliamlar törədə biləcəyindən narahatdır. Bu qüvvələr “qətliam briqası” kimi də çağırılır. Maraqlıdır ki, indi farsların yaşadığı Xuzistan vilayətindən başlayaraq ölkənin digər vilayətlərinə də yayılan aksiyalarda əsas hədəf həm də ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyidir. Xameneyidən narazıların olduğu yeni fakt deyil, ancaq son illər ilk dəfədir ki, ölkənin Ali dini lideri bu səviyyədə etirazlara tuş gəlir. Səbəb nədir? Yeni prezidentin hakimiyyətə gəlməsindən dərhal sonra bu etirazların qızışmasının dini liderin İbrahim Rəisiyə seçkidə verdiyi dəstəklə əlaqəsi varmı? Sabiq dövlət müşaviri Qabil Hüseynli hər şeyin Rəisinin prezident seçilməsindən qaynaqlandığını düşünür: “Açığı deyək ki, bundan əvvəlki xalq ayaqlanmalarında hədəf kimi Xameneyi seçilirdi. O, həm yaşlıdır, həm də ölkənin idarəçiliyində çox odioz fiqurlara yer verirdi. Mühafizəkar adı altında əli qana batmış adamların hakimiyyətin yuxarı pilləsinə gətirilməsinə imkan yaradır. Bu nöqteyi-nəzərdən su problemi bir bəhanə ola bilər. Amma ölkədə əhali həddindən artıq narazıdır. Ölkənin idarəedilməsi, məmur özbaşınalığı əlaqədar olaraq xalqın ciddi etirazları var. Xameneyinin uzun illər verdiyi dəstəyin nəticəsi olaraq Rəisinin prezident seçilməsi xalqın qəzəbini coşduran sonuncu damla oldu. Doğrudur, burada müəyyən siyasi dairələrin də rolunun olduğunu inkar etmək olmaz. Çünki Rəisi elə bir fiqurdur ki, ölkənin əksər, hətta dini dairələri tərəfindən qəbul edilmir. Bu nöqteyi-nəzərdən Rəisinin prezident seçilməsi bardağı daşıran son damla oldu. Amma bununla yanaşı, ölkədə molla rejimindən çox ciddi narazılıq var. Rəisinin timsalında bu rejimin nə demokratiyaya, nə insan haqlarına, nə də insanların elementar hüquqlarına fikir vermədiyi bir daha ortalığa çıxdı. Zənnimcə, xalqın əsas hədəfi Xameneyiyə çevrilmiş görünsə də, ölkədəki bürokratik dini rejimə qarşı çevrilib. Bu rejimi aradan qaldırmaq onların əsas hədəfləridir”. Politoloq Məhəmməd Əsədullazadə isə bunları dedi: “İranda su çatışmazlıqlarına qarşı Xuzistanda keçirilən aksiyalar artıq ölkə üzrə geniş yayılıb. Artıq bu, siyasi çalarlar almaqla Ali dini rəhbərə qarşı yönəlib. Hesab edirəm ki, bundan istifadə edən qüvvələr var. Bu, əsasən İran daxilində son baş verən siyasi dəyişikliklərdən qaynaqlanır. Çünki bu seçkilərdə Ali dini rəhbər islahatçıları seçkiyə buraxmadı və onların məşhur namizədlərini çıxdaş etdi. Ona görə də bu kimi aksiyaların Ali dini rəhbərə yönəlməsi təsadüfi deyil. Bu seçkilərdə konkret olaraq estafeti mühafizəkarlara verərək, rəqabətli seçkilər keçirmədilər. Bunun nəticələri İran üçün çox ağır olacaq və artıq onun işartıları görünür. Su çatışmazlığından istifadə edən siyasi qüvvələr İran sistemində çalışacaqlar ki, çat yaratsınlar. Onsuz da Ali dini rəhbər bu seçkidə İran hakimiyyət sistemində bu problemin əsasını qoydu. Bu etirazlarda Əli Laricanı və digər islahatçıların əlinin olduğunu istisna etmirəm. Mühafizəkarların seçilən namizədi Rəisi İranın daxili və xarici siyasətini idarə edə bilməyəcək və ciddi problemlər yaradacaq. İran daxilində siyasi qüvvələr arasında artıq yekdil qərarlar haçalanır və ölkədə dini rejimin hakimiyyətdə qalması uzun proses kimi olmayacaq”. //musavat.com// Geri qayıt |