Əsas Səhifə > Dünya > “Almaniya və ABŞ Ukraynanı Rusiyaya satdı”

“Almaniya və ABŞ Ukraynanı Rusiyaya satdı”


16-07-2021, 11:49
“Almaniya və ABŞ Ukraynanı Rusiyaya satdı”
“Almaniya kansleri Angela Merkel Ukraynanın mənafeyini Rusiyanın satdı”.

Ovqat.com xəbər verir ki, bu sərt bəyantı Ukrayna Prezident Aparatı rəhbərinin ştatdankənar müşaviri Oleksiy Arestoviç Ukrayna 24 tele-kanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ukrayna lideri Vladimir Zelenskinin bir neçə gün əvvəl Berlinə səfəri və ölkə kansleri ilə apardığı danışıqlar nəticəsiz qalıb. “Xanım Merkel yeddi ildir dayandı, amma sonunda Ukrayna maraqlarından Rusiya lehinə imtina etdi", - Arestoviç belə deyib.

Müşavirin sözlərinə görə, Zelenski “Şimal axını-2” qaz kəmərinin inşası və "Ştaynmayer düsturu"nun tətbiqi də daxil olmaqla bir sıra məsələlər ətrafında Merkellə danışıqlar aparıb, amma tərəflər heç bir məsələdə "ümumi dil" tapa bilməyiblər.

Arestoviç Ukraynanın öz tərəfdaşları tərəfindən Rusiya qarşısında yalnız buraxılmasının səbəblərinə də aydınlıq gətirib və bunu Çinin regionda artan nüfuzu ilə əlaqələndirib. Ukrayna rəsmisinin fikrincə, Qərb ölkələri Çinin artan nüfuzundan narahatdırlar və bu səbəbdən Rusiya ilə danışıqlara hazır olduqlarını bildirirlər. "Anladığım qədər, almanlar bunu öz milli maraqlarının qorunması adlandırırlar. Hətta Baydenin ətrafında da belə düşünən insanlar var və bunun bədəli Ukrayna üçün ağır ola bilər", - məsləhətçi fikirlərini bu cür yekunlaşdırıb.

Qeyd edək ki, Zelenski 12 iyulda Berlində Merkel ilə bir araya gəlmiş, tərəflər Donbass probleminin həlli, Ukraynanın qarşı çıxdığı “Şimal axını-2” layihəsinin inşası, islahatlar və korrupsiyaya qarşı mübarizə məsələlərini müzakirə etmişdilər. Ukrayna Prezidenti "Şimal Axını 2" nin istifadəyə veriləcəyi təqdirdə, ölkəsinə 10-15 il davamlı qaz tədarükü təminatı tələb etmiş və eyni zamanda Rusiya qaz boru kəmərini Ukraynanın enerji təhlükəsizliyi üçün təhdid adlandırmışdı.

Görüşdən sonra keçirilən keçirilən mətbuat konfransında Zelenski bildirmişdi ki, “Şimal Axını 2” layihəsinin inşası ilə bağlı fikir ayrılığına baxmayaraq, alman kansleri ilə danışıqların nəticələrindən məmnundur. İndi isə məlum olur ki, Almaniya kansleri nəinki Ukraynanın bu layihə ilə bağlı təkliflərini, hətta rəsmi Berlin tərəfindən hazırlanan "Ştaynmayer düsturu"nun tətbiqini belə yaxına buraxmır. Bu isə açıq-aşkar Ukraynanı Rusiyanın qucağına atmaq deməkdir.

"Ştaynmayer düsturu" nə deməkdir?

“Ştaynmayer düsturu” tanınmamış DXR və LXR tərəfindən nəzarət olunan ərazilərə Ukrayna daxilində xüsusi status verilməsini nəzərdə tutur. Almaniyanın keçmiş xarici işlər naziri, hazırda ölkənin prezidenti olan Frank-Volter Staynmayer tərəfindən hazırlanan bu təkliflə 2019-cu ildə həm Rusiya, həm də Ukrayna rəsmiləri razılaşmışdılar.

Düsturda Kiyevin nəzarətində olmayan Donbassda seçki keçirilməsi və seçki ərəfəsində onun Ukrayna qanunları çərçivəsində müvəqqəti xüsusi status alması təklif edilirdi. Əgər ATƏT bu seçkiləri ədalətli və azad hesab edərsə, Donbassın xüsusi statusu haqqında qanun davamlı olaraq qüvvəyə minəcəkdi.

Belə aydın olur ki, Zelenskinin Donbass məsələsində ən son həddə qədər güzəştə hazır olduğunu bildirməsinə baxmayaraq, Merkellə görüşündə onun bu “konstruktiv” mövqeyinə belə məhəl qoyulmayıb.

Ümumiyyətlə, Ukraynanın son zamanlar təkcə Almaniya yox, bütün Qərb dövlətləri tərəfindən gözümçıxdıya salındığını görürük. Bu da istər-istəməz Kiyevdə ciddi narazılıqlar yaradır. Hökumət rəsmiləri narazılıqlarını açıq büruzə verməsələr də, ya ştatdankənar müşavirləri, ya da sabiq kadr tərəfindən tez-tez səsləndirirlər. Bir neçə gün bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbər kadrlarından biri, general-mayor Vasili Vovk NATO-nu Ukrayna siyasətində qorxaq davranmaqda günahlandırmışdı. O, “Sea Breeza-2021” hərbi təlimlərini şərh edərkən NATO-nu Krımı zorla Ukraynaya geri qaytarmağa kömək etməyə çağırmışdı. Vovkun fikrincə, “yalnız birgə məşqlər, zirvə görüşləri və qəhvə fasilələri yarımadanı geri qaytarmaq üçün kifayət deyil”.

Vovk hesab edir ki, ABŞ öz qoşunlarını Krım ərazisinə göndərməli və fürsətləri əldən qaçmadan məsələni sona çatdırmalıdır.

“Sevastopolu götürün, Simferopolda, Yaltaya, Ukraynaya aid olan hər yerə girin və bu torpaqları işğaldan azad edin. Sizin bizə edəcəyiniz kömək bu ola bilər”, - Vovk belə demişdi.

Ovqat.com


Geri qayıt