Əsas Səhifə > Dünya > Baydenin tarixlə bağlı tarixi səhvi:
Baydenin tarixlə bağlı tarixi səhvi:26-04-2021, 16:35 |
ABŞ Prezidenti Co Bayden 1915-ci il Osmanlıda baş verən hadisələrə qiymət verərkən bunu “soyqırımı” adlandırdı. Ermənilərin uydurmaları əsasında hadisələrə 40 ildən sonra “erməni soyqırımı” deyən ilk ABŞ lideri olan Bayden bəyanatı ilə Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsinə səbəb oldu. Ekspertlər hesab edirlər ki, Baydenin saxta soyqırım iddiasına verdiyi qiymət rəsmi Ankara üçün heç bir hüquqi məsuliyyət yaratmır. Amma bu, ölkələr arasında münasibətlərin soyuqlaşmasına səbəb olmaqla yanaşı, Vaşinqtonun Türkiyə kimi müttəfiqi itirməsi anlamını verir. Məsələ ilə bağlı fikirlərini AYNA ilə bölüşən deputat Rasim Musabəyov deyib ki, Baydenin “soyqırımı” tanıması tarixi saxtakarlığa aldanmaq, tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil. Onun sözlərinə görə, ümumiyyətlə, tarix tarixçilər tərəfindən araşdırılmalıdır: “Siyasətçilər siyasəti kənara qoyub tarixi hadisələrə qiymət verməli, bunu şərh etməli deyillər. Baydenin açıqlaması timsalında biz gördük ki, siyasətçilər öz peşələrini yaddan çıxarıblar, təbliğatla məşğul olmağa başlayıblar. ABŞ Prezidentinin bəyanatı məntiqsiz, cəfəng, heç bir nəticəsi olmayan açıqlamadır. Və Türkiyə üçün sözügedən bəyanat hüquqi məsuliyyət yaratmır, yarada bilməz”. “Bundan nəinki ABŞ, heç ermənilər və Ermənistan da fayda götürməyəcək. ABŞ-da yaşayan bir qrup dələduz ermənilər bu məsələni özləri üçün “çörək ağacı”na çevirmişdi. Baydenin açıqlamasından sonra ermənilərin əlindən bu fürsət də çıxmış oldu. Eyni zamanda, Ermənistanın İkinci Qarabağ müharibəsindən sonra Türkiyə ilə normal qonşuluq münasibəti yaratması, ölkəni inkişaf etdirməsi şansı var idi. Amma ABŞ Prezidentinin məlum açıqlamasından sonra Ermənistan yəqin ki, 4-5 il də bununla məşğul olacaq ki, inkişaf fürsətini də əllərindən çıxaracaqlar. Bu baxımdan Ermənistan heç nə qazanmır”, - Musabəyov əlavə edib. Deputat vurğulayıb ki, ABŞ Türkiyəni belə qərarla geri sala bilmədi, əksinə özünə ziyan etdi: “Sabah Əfqanıstanda, Yaxın Şərqdə Qara dənizdə və digər məsələlərdə Vaşinqtonun Ankaraya ehtiyacı yaranacaq. O zaman görün, Bayden Ərdoğana zəng edib necə dəstək istəyir”. Azərbaycanın məsələyə baxışına gəldikdə, R.Musabəyov hesab edir ki, rəsmi Bakı bu məsələdə hər zamankı kimi Ankaranın yanındadır: “Prezident İlham Əliyev dərhal türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng etdi, Türkiyənin yanında olduğunu bildirdi. Xarici İşlər Nazirliyi səviyyəsində Baydenin açıqlaması pislənildi. Bakı hər zaman olduğu kimi, bu dəfə də Ankaraya dəstəkdir. Eyni zamanda, Azərbaycan ictimaiyyətinin də bəyanata münasibəti mənfi oldu ki, bu da bir daha göstərir ki, biz əbədi dost və qardaş ölkəyik. Azərbaycan erməni terrorundan əziyyət çəkən ölkə olaraq başqa mövqe sərgiləyə bilməzdi”. Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov AYNA-ya söyləyib ki, Co Baydenin 1915-ci il hadisələrinə “soyqırımı” deməsi müasir ABŞ tarixi üçün utancverici haldır: “Yaxşı olardı ki, Bayden adminstrasiyasındakılar dönüb öz tarixlərinə baxsınlar. ABŞ-ın tarix boyu hindulara qarşı necə soyqırımı törətməsi hər kəsə bəllidir. Yaxud da, Amerikanın digər xalqlara, əfqanlara, vyetnamlılara qarşı vəhşilikləri barədə yüzlərlə faktlar var. Tarixində belə ləkə olan bir ölkənin başçısının saxta iddialara “soyqırımı” deməsi tarixi ironiyadır”. “ABŞ-ın əvvəlki prezidentləri bunu demək istəyirdilər, amma demirdilər. Bu məsələdən Vaşinqton hər zaman Ankaraya qarşı təzyiq kimi istifadə edirdi: “Bax, “soyqırımı” tanıyarıq”. Artıq bu təzyiq vasitəsi ABŞ-ın əlindən çıxdı, Bayden bunu dedi. ABŞ Prezidenti niyə indi dedi, əsas məsələ budur. Hesab edirəm ki, Türkiyənin son illər apardığı xarici siyasət fərqlidir. Türkiyə son illərdə Ağ Evin istədiyi kimi yox, özünün bildiyi və milli maraqlarını təmin edən xarici siyasət aparır. Əlbəttə, bu, Amerika “dərin dövlətini” qane etmirdi”, - politoloq əlavə edib. Analitik hesab edir ki, Baydenin hadisələri “soyqırımı” adlandırması ABŞ-ın dünyadakı nüfuzuna zərbə vurur: “Vaşinqtonun beynəlxalq tarixçilərin və hüquqşünasların inkar etdiyi hadisələrə ədalətsiz qiymət verməsini sübuta yetirir. Unutmaq lazım deyil ki, indiyə qədər hüquqşünaslar və tarixçilər tərəfindən 1915 hadisələri soyqırım kimi tanınmayıb və həmin hadisələrin soyqırım adlandırılması ilə bağlı heç bir dəlil və sübutun olmaması bəyan edilib. Ən son Avropa Məhkəməsi "erməni soyqırımı"nı tarixi fakt kimi tanımayıb və ermənilərin özlərini insan haqlarını pozmağa çağırışda günahlandırıb”. “1915 hadisələrinə siyasətçilər deyil, tarixçilərin qiymət verməli olduğu halda, Baydenin bu addımı sözsüz ki, tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadə cəhdidir. Şübhəsiz ki, Baydenin müttəfiqlik ruhuna zidd davranışı ABŞ-Türkiyə münasibətlərinin atmosferini korlayan növbəti əlavə bir çalar olacaq. Türkiyənin milli maraqları əsasında müstəqil siyasəti həzm edə bilməyən qüvvələr başa düşməlidirlər ki, onsuz da Avrasiyada və xüsusilə Yaxın Şərqdə ABŞ-ın nüfuzunun azaldığı dövrdə Türkiyəyə qarşı bu saxta iddiaya qoşulmaq regionda Vaşinqtonun milli maraqlarına zərbə ilə nəticələnəcək”, - Z.Məmmədov bildirib. Politoloq onu da vurğulayıb ki, Baydenin ədalətsiz yanaşması təbii ki, Azərbaycanla ABŞ arasında münasibətlərə də mənfi təsir göstərəcək: “Çünki Azərbaycan Türkiyəyə qarşı atılan istənilən addımı təbii olaraq özünə qarşı atılmış addım kimi qəbul edir”. Geri qayıt |