Əsas Səhifə > Dünya > Qardaş Türkiyə ilə dost İsrail arasında gərginlik
Qardaş Türkiyə ilə dost İsrail arasında gərginlik1-04-2021, 10:05 |
Türkiyə ilə İsrail arasında son aylarda müşahidə olunan yumşalma meylləri yenidən gərginliklə əvəz olunub. Hər keçən gün iki dövlət arasında münasibətlər kritikləşir. Bu vəziyyətin haraya və nə zamana qədər davam edəcəyi sualı isə açıq qalır. Azərbaycanın Türkiyə ilə qardaş, müttəfiq olduğu, həmçinin İsraillə də çox sıx strateji əməkdaşlığı, dostluğu olduğu məlumdur. Bir tərəfdə qardaş ölkə, o biri tərəfdə yaxın dost ölkə. Belə biz vəziyyətdə Azərbaycan bu məsələdə hansı mövqeni tutacaq? Bu iki dövləti barışdırmaq mümkündürmü? Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a bildirdi ki, yeni dünya nizamı quruculuğu gedir və bu, geopolitik qarşıdurmalarla müşayiət olunur: “Artıq bu proses həlledici mərhələyə daxil olub. Təbii ki, indi yeni düzən qurulduğu üçün hər bir dövlət, xüsusən də iddiaçı və iddialı dövlətlər çalışırlar yeni münasibətlər sistemi formalaşmamışdan burada özlərinə layiq, milli maraqlarına cavab verən yerlərini tutsunlar, öz təsir zonalarını genişləndirsinlər. Bu zaman da təbii ki, iddialı dövlətlərin maraqları bir-biri ilə toqquşur, nəticədə gərginliklər yaranır. Buna təbii baxmaq lazımdır. Yəni bu prosesin təbiətindən irəli gələn bir şeydir. Rəqabət olan yerdə gərginliklər zaman-zaman qaçılımazdır. Amma nəzərə alaq ki, artıq uzun müddətdir Türkiyə kollektiv Qərbin-NATO-nun üzvüdür, Avropa Birliyinə namizəd ölkədir, İsraillə strateji münasibətləri var. Bütün bunları və Azərbaycanda da Türkiyə ilə İsrailin birgə, eyni istiqamətdə paralel hərəkət etdiyini nəzərə alsaq, onlar arasında qapalı kanallarla həm siyasi diplomatik, həm iqtisadi, həm kəşfiyyat kanalları ilə danışıqların getdiyini nəzərə alsaq mən düşünürəm ki, müşahidə olunan sərt rəqabət sonucunda da bir uzlaşma ortaya çıxacaq. Çünki böyük güclər də onları bu istiqamətdə uzlaşmaya zorlayacaqlar. Böyük güclər deyəndə mən burada ilk növbədə ABŞ-ı və Böyük Britaniyanı nəzərdə tuturam. ABŞ-ın iki çox yaxın strateji müttəfiqi var. Bunun biri Böyük Britaniyadır, digəri İsraildir. İndi ABŞ-ın başlatmaq istədiyi qlobal və regional siyasətə baxsaq, burada əsas niyyət Avropatlantik xəttin gücləndirilməsidir”. S.Əkbər qeyd etdi ki, Avroatlatntik xəttin gücləndirilməsinin tərkib hissələrindən biri də NATO-nun kollektiv birgə hərəkət etməsidir. Bu isə o deməkdir ki, ABŞ NATO-nun üzvü olan Türkiyə ilə, strateji müttəfiqi olan Britaniya və İsraillə birgə hərəkət etməlidir: “Qarşıda Çin kimi böyük rəqib və Rusiya kimi böyük strateji milli təhlükəsizlik təhdidi var. Ona görə də bütün bu amillər Amerikanı və onun yaxın strateji müttəfiqlərini Türkiyə ilə uzlaşmağa məcbur edəcəklər. Sadəcə olaraq, bu, müəyyən zaman alacaq. Həm Türkiyə müəyyən maraqların təmin olunması üçün güzəştlərə getməli olacaq, həm də qarşı tərəf. Söhbət kimin maraqlarını haraya qədər inkişaf etdirə biləcəyindən gedir. 11-13 iyun ayında Şotlandiyada böyük yeddilərin görüşü gözlənilir, iyunun sonunda isə NATO-nun sammiti olacaq. Fikrimcə, ilkin razılaşmalar iyunun sonuna qədər əldə olunmalıdır. Ola bilsin çərçivə anlaşması əldə olunacaq, amma çərçivənin içini doldurmaq üçün ayrı-ayrı bölmələr üzrə danışıqlar davam edəcək. Gərginliyin intensivliyi aşağı düşəcək”. Azərbaycana gəldikdə isə Sülhəddin Əkbər hesab edir ki, ölkəmizin milli maraqlarına uyğun olan Türkiyənin ABŞ və İsraillə strateji dialoqunun olmasıdır. Bu dialoq artıq başlayıb: “Mən düşünürəm ki, sonucda tərəflər bir-birinin maraqlarını nəzərə alaraq qarşılıqlı güzəştlərə getmək üçün çərçivə anlaşması əldə edəcəklər. Azərbaycanın da maraqlarına bu cavab verir. Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin normal olmasında maraqlıdır və zaman-zaman bunu sübut edib, hətta müəyyən təşəbbüslər göstərib ki, münasibətlər normallaşsın. Bizim marağımıza uyğundur ki, Azərbaycanın bir nömrəli müttəfiqi, arxası olan Türkiyə həm İsraillə, həm ABŞ-la anlaşsın, dil tapsın. Belə olarsa, Azərbaycan da Türkiyə ilə birgə hərəkət etməklə kollektiv demokratik dünya ilə birgə hərəkət edər və qarşıdakı böyük toqquşmalarda da öz maraqlarını qoruya bilər. İkinci Qarabağ savaşında Azərbaycan necə uğurlu bir geopolitik şərtləri yaxalayıb Türkiyə, Pakistan, İsrail, Böyük Britaniya və Çinlə birgə hərəkət etdisə, indi də geopolitik dəyişən şəraitdə yeni vəziyyəti nəzərə almalıdır, artıq ABŞ-ı da nəzərə almalıdır. Supergüc olan Amerikanı nəzərə almadan hərəkət etmək yanlış olar və bu, bizə baha başa gələr. Azərbaycan həm Türkiyə, həm də İsraillə bu günə qədər əldə etdiyi münasibətləri daha da inkişaf etdirməlidir. Biz yeni təşəbbüslərlə çıxış etməliyik”. Geri qayıt |