Əsas Səhifə > Dünya > Rublun belini ABŞ sanksiyaları yox, Türk lirəsi qırıbmış

Rublun belini ABŞ sanksiyaları yox, Türk lirəsi qırıbmış


24-03-2021, 09:10
Rublun belini ABŞ sanksiyaları yox, Türk lirəsi qırıbmış
Rublun ucuzlaşması Rusiyanın ABŞ və Qərb ölkələrinin sanksiyalarına məruz qalmasından yox, Türk lirəsinin 17 faizlik devalivasiyasından qaynaqlanır.

Ovqat.com xəbər verir ki, bu maraqlı iddianı rusiyalı iqtisadçı Mixail Delyagin irəli sürüb.

Rublun belini ABŞ sanksiyaları yox, Türk lirəsi qırıbmış

Məlumata görə, mart ayının üçüncü ongünlüyündə rubl dollar və avroya qarşı mövqeyini itirir. Martın 17-də 73 rubl olan ABŞ dolları hazırda 76 rublu keçib. Rusiya valyutasının məzənnəsindəki bu düşüş martın 17-də ABŞ prezidenti Cozef Baydenin Rusiya və onun lideri haqqında sərt bəyanatlarından, həmçinin yeni ticarət sanksiyalarının tətbiqindən sonra başlayıb. Hər kəs rublun məzənnəsinin aşağı düşməsinin səbəbini bu hadisələrlə əlaqələndirsə də, iqtisadçı Mixail Delyagin tamamilə başqa fikirdədir. O, “Komsomolskaya Pravda” radiosuna açıqlamasında əminliklə bildirib ki, bəzi həssaslıqlara baxmayaraq, sanksiyaların Rusiya valyutasının mövqelərinin itirilməsinə heç bir dəxli yoxdur. İqtisadçı rublun məzənnəsinin ucuzlaşmasını digər bir hadisə ilə – Türkiyə Milli Bankının rəhbəri Murat Uysalın (əslində Naci Ağbal. Murat Uysal daha əvvəlki baş bankir idi və ötən ilin noyabr ayında işdən uzaqlaşdırılaraq yerinə Naci Ağbal gətirilmişdi. Naci Ağbalın da baş bankirliyi uzun sürməmiş, cəmi 5 aydan sonra o da işdən çıxarılmışdı – Ovqat.com) işdən çıxarılması ilə əlaqələndirir. Mixail Delyaginin fikrincə, rublun dəyərdən düşməsi, Türkiyənin baş bankirinin işdən çıxarılmasından bir gün sonra türk lirasının 17% - ə ucuzlaşması ilə eyni vaxta düşür və məzənnədəki kiçilmənin əsl səbəb budur.

"O (Türkiyə Milli Bankının sədri), valyuta ehtiyatları praktiki olaraq tükənən Türkiyə iqtisadiyyatını böhrandan çıxarmaq üçün faiz dərəcələrini artırdı. Bu addım əslində ikinci kurs tələbələri üçün dərsliyə mükəmməl nümunə olmasına baxmayaraq, əks-effekt verdi. Çünki Qərb üçün tamamilə başa düşülən və dost olan bu adam işdən çıxarıldı, Türkiyə iqtisadiyyatı üçün yaxşı, lakin beynəlxalq spekulyantlar üçün pis olan maliyyə siyasətində yumşalma təhlükəsi yarandı. Və lirədə spekulyantların təsiri güclü olduğu üçün onun məzənnəsi dərhal düşdü", - deyə Delyagin bildirib.



İqtisadçıya görə, lirənin rubla təsiri inkişaf etməkdə olan ölkələrin valyutaları ilə bağlı investorların ümumi fikirlərindən qaynaqlanır. “Türk valyutasının yaratdığı mənfi fon, Şərqi Asiyanın valyutaları xaricində bazar oyunçularını rubldan, Braziliya realından və digər pul vahidlərindən geri çəkilməyə vadar edir”, - deyən Delyagin hesab edir ki, bu mənzərə Rusiyanın maliyyə və iqtisadi göstəricilərindəki qeyri-sabitlik problemlərini ortaya qoyur.

"Rublun Qərb sanksiyaları yox, lirənin ucuzlaşması nəticəsində qiymətdən düşməsi iqtisadi zəifliyimizin təzahürüdür", - Delyagin fikrini belə tamamlayıb.

Geri qayıt