Əsas Səhifə > Dünya > ƏRDOĞAN SURİYA İLƏ BAĞLI QƏRBƏ MÜRACİƏT ETDİ
ƏRDOĞAN SURİYA İLƏ BAĞLI QƏRBƏ MÜRACİƏT ETDİ16-03-2021, 09:08 |
Türkiyə prezidenti Reəcəp Tayyip Ərdoğan Suriya üsyanının 10-cu ildönümünə həsr olunmuş məqaləsində Ankaranı demokratiyanın Suriya rejimindən qorunmasında sabitləşdirici qüvvə adlandırıb. Martın 15-də “Bloomberg” saytında dərc olunmuş məqalədə Erdoğan Qərb güclərini Suriya münaqişəsində Türkiyənin mövqeyinə dəstək verməyə çağırıb. Prezident yazır ki, Türkiyə dəfələrlə Suriyada bütün tərəflərin iştirakına imkan verəcək siyasi sistemin yaradılmasın istəyib. O qeyd edir ki, bu məsələdə Türkiyənin dəstəklənməsi ən asan bir yolla maksimum effekt verərdi:“Bizim konkret gözləntilərimiz aydındır. Birincisi, biz gözləyirik ki, Qərb PKK-nın Suriya qanadı olan YPG barəsində aydın mövqe tutsun. Bu qrup təhlükəsizlik zonalarına hücumlar etməklə rejimin kartlarını oynayır. Bunun əvəzində sülh və sabitliyə investisiya kimi legitim Suriya müxalifətinə adekvat dəstək verilməlidir”. Ərdoğan məqaləsində daha sonra yazır: “Suriya üsyanının 10-cu ildönümündə biz, öldürülmüş və işgəncələrə məruz qalmış yüzminlərlə insanı, yalnız demokratiya, azadlıq və insan haqları tələb etdiyinə görə yurdlarından didərgin düşmüş milyonları unutmamalıyıq. Bəşər əl-Əsəd rejiminin və onun tərəfdarlarının bu legitim tələbləri tapdalaması terrorçuluq və nizamsız miqrasiya da daxil dəhşətli nəticələrə səbəb olub”. Ərdoğan vurğulayıb ki, Suriya münaqişəsi ilə əlaqəsi olan ölkələr bu ilkin səbəbi nədənsə unudurlar. Türkiyə prezidenti yazır ki, Ankara Suriyada gördüyü tədbirlərlə Avropanı nizamsız miqrasiya və terrordan qoruyub, habelə NATO-nun cənub sərhədlərini mühafizə edib: “Co Bayden administrasiyası Suriya faciəsinə son qoyulmasına və demokratiyanın müdafiəsinə dair verdiyi kampaniya vədlərinə sadiq qalmalıdır. Türkiyə xalqı bizim suriyalı qonşularımızın maraqlarına və regional sülh və sabitliyə xidmət edəcək bütün təşəbbüsləri qəbul etməyə hazırdır”. “Middle East Eye” saytı yazır ki, Ərdoğanın bu bəyanatından əvvəl, martin 14-də Rusiya tərəfindən dəstəklənən Suriya hökumət qüvvələri şimali Suriyadakı Carablus və əl-Babində mülkilər yaşayan əraziləri və neft sisternlərini hökumətin nəzarətində olan Kuveyres hərbi hava bazasından ballistik və adi raketlərlə atəşə tutub. Bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi verib. Türkiyə nazirliyinin bəyanatında deyilir ki, Rusiya Federasiyasına atəşin dayandırılmasına dair bildiriş verilib. Bəyanatda deyilir ki, Türkiyə qoşunları bu zərbələrə əks-atəşlə cavab verib. MEE yazır ki, son həftələrdə Suriya və Türkiyə arasında gərginlik son dərəcə artıb. Martın 12-də Suriya hökumət qüvvələri Carablus və əl-Bab yaxınlığında 200 neft sisternini hədəfləyiblər. Türkiyənin SETA analitik mərkəzindən Suriya üzrə ekspert Ömer Özkızılcık deyib ki, Türkiyənin Suriya hədəflərinə cavab zərbələri son dərəcə sərrast olub. “Türkiyə ilk dəfə olaraq təhlükəsizlik zonalarına hücuma cavab verib və bu zaman bir Türkiyə əsgərinə də zərər dəyməyib”. Türkiyə, İran və Rusiya Astana prosesi çərçivəsində diplomatik əməkdaşlığı davam etdirir və bunun münaqişənin çözülməsi üçün yeganə yol olduğunu vurğulayırlar. Bununla belə, Türkiyə və Rusiya Suriya ərazisində dolayısı ilə toqquşurlar. Buna səbəb Bəşər əl-Əsədin hələ də ölkənin bütün ərazilərinə nəzarəti ələ keçirməkdə israrlı olmasıdır. Ötən ilin martında Rusiya tərəfindən dəstəklənən hücum nəticəsində İdlib qəzasında 60-dan çox Türkiyə əsgəri həlak olub. O vaxtdan bəri Türkiyə Suriya müxalifətinin nəzarətində olan son ərazini möhkəmləndirib və buraya zirehli texnika, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, habelə minlərlə hərbçi gətirib. Özkılcık deyib ki, Türkiyə martin 14-də habelə Kürd Xalq Müdafiə Birliyi – YPG-nin nəzarətində olan əraziləri hədələyib. YPG Türkiyənin NATO müttəfiqi ABŞ tərəfindən dəstəklənir. Politoloq deyib ki, Ankara Rusiya ilə YPG-nin bağlılığı olduğunu düşünür. Geri qayıt |