Əsas Səhifə > Dünya > Ərdoğan düşmənləri dosta çevirməkdə israrlıdır:

Ərdoğan düşmənləri dosta çevirməkdə israrlıdır:


5-03-2021, 10:46
Ərdoğan düşmənləri dosta çevirməkdə israrlıdır:
Türkiyə Avropa İttifaqı (Aİ) ölkələri ilə problemlərini həll etməyə çalışır. Bunu AYNA-ya türkiyəli politoloq Engin Özer deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında keçirilmiş videokonfransın nəticələrini şərh edən ekspert xatırladıb ki, bir ay əvvəl Makron Ərdoğana, məzmunu barədə dəqiq bilmədiyimiz bir məktub göndərmişdi: “Bununla birlikdə, müxtəlif mənbələr Fransa Prezidentinin iki ölkə arasındakı münasibətlərdə “sıfırlama” arzuladığını yazır. Bu, Fransa liderinin təşəbbüsü idi”.

“İndi prezidentlər arasında keçirilən videokonfransdan sonra Ərdoğan “Facebook”-da Makronu “sevimli qardaşım” adlandırdı. Videokonfransda ünsiyyət mövzularını və prezidentlərin əldə etdiyi nəticələri heç kim dəqiq bilmir, ancaq Ərdoğanın “Facebook”-dakı yazısı ekspert cəmiyyətində müzakirə mövzusuna çevrildi”, - həmsöhbətimiz bildirib.

Özerin sözlərinə görə, indi Fransa Liviyadakı hərbi varlığını azaltmaq niyyətindədir və bu səbəbdən qarşılıqlı riskləri önləmək üçün Türkiyə ilə danışıqlar aparılır: “Türk mediası Makronun general Haftara birtərəfli dəstəyindən bəhs etsə də, əslində, Paris həm Haftar, həm də Liviya hökuməti ilə işləyir. Parisin Liviya hökuməti ilə kifayət qədər isti münasibətləri var və Tripoli bu cür münasibətlərin əleyhinə deyil. Bununla birlikdə, Paris ilə Ankara arasındakı danışıqların mövzusu Türkiyənin Liviyadakı hərbi varlığıdır”.

Cənubi Qafqaza gəlincə, politoloq hesab edir ki, Paris və Ankaranın barrikadaların əks tərəfində olmasına baxmayaraq, Ərdoğan Türkiyə və Fransanın bu bölgədə yaxından əməkdaşlıq etməli olduğu mövqeyindədir: “Fransanın Gürcüstandakı təsirinin böyük olduğunu bilirik. Bir çox səviyyədəki hakim partiya nümayəndələri Fransaya bağlıdır və Gürcüstanın bir çox yüksək rütbəli məmurları və hətta İvanişvilinin özü də Fransa vətəndaşıdır. Bu səbəbdən Parisin Tiflisdəki təsiri bütün digər geosiyasi aktyorlardan daha güclüdür. Digər tərəfdən, Fransa ilə Ermənistan arasındakı münasibətlər, bu ölkənin Ermənistanın taleyindəki rolu və Fransadakı erməni lobbisinin təsiri barədə hamımız bilirik”.

Analitik Azərbaycanın Fransaya etibar etmədiyini və bunun üçün obyektiv bir izahın olduğunu da əlavə edib: “44 günlük müharibə bir daha Fransa siyasətinin ikili siması olduğunu göstərdi. Əvvəlcə Azərbaycanı tənqid etdilər, sonra tənqidlər zəiflədi, amma Fransa Senatı “Artsax”ın tanınmasına çağırdı. Fransadakı erməni lobbisinin təsirini hər kəs bilir. Beləliklə, Paris ilə Ankara arasında Qafqaz istiqamətində böyük problemlər olacaq”.

“Əvvəllər Türkiyə ilə Fransa arasında yüksək qarşılıqlı ittihamlarla müşayiət olunan aktiv siyasi qarşıdurma vardı. Bu ölkələr bir-birilərini yüksək səslə tənqid etməyi sevir, amma məsələləri bir kəskin münaqişə halına gətirib çatdırmırlar. Fransada, təxminən 800 min türk yaşayır. Bu, müxtəlif səviyyələrdə təmsil olunan nəhəng bir diaspordur. Digər tərəfdən, Türkiyədə böyük fransız sərmayələri var, “Renault” kimi böyük firmaların Türkiyədə istehsalı var və ölkələr arasındakı qarşıdurmaya baxmayaraq, bu kampaniya Türkiyə bazarını tərk etməyib”, - Özer vurğulayıb.

Həmsöhbətimiz hesab edir ki, ölkələr öz sərhədlərini - icazə verilən qarşıdurma səviyyəsini bilir və əlaqələrin səviyyəsi bundan aşağı endirilməyəcək: “Buna görə də tərəflər güzəştə getməli, Liviya, Qafqaz və Şərqi Aralıq dənizi ilə bağlı razılığa gəlməli olacaq. Çox güman ki, tərəflər razılığa gələcək. İndi Bayden ABŞ-da hakimiyyətə gəldi və Aİ ilə birlikdə Rusiyaya getdikcə daha çox təzyiq göstərmək niyyətindədir. Ankara üçün bu yeni konfiqurasiyada ABŞ və Aİ ilə ticarət əlaqələrinin böyüməsinə və ölkəsində böyük kreditlər və investisiyaların əldə olunmasına nail olmaq vacibdir. Ankara bütün problemlərini praktik olaraq Berlinlə həll etdi, indi də Parislə həll edir. Növbəti sırada Vaşinqtondur”.

Geri qayıt