Əsas Səhifə > Dünya > Türkiyənin güclənməsi dünyanı niyə qorxudur?

Türkiyənin güclənməsi dünyanı niyə qorxudur?


11-02-2021, 12:50
 Türkiyənin güclənməsi dünyanı niyə qorxudur?
Türkiyənin Yaxın Şərq, Aralıq dənizi və Orta Asiyada öz nüfuz dairəsini genişləndirməsi Qərbi hamıdan çox narahat etməyə başlayıb.

Əvvəllər parçalanmış Türkiyə xəritəsi ilk gündəmə gələn “Stratfor”un qurucusu Corc Fridman bu dəfə başqa bir iddia ilə diqqət çəkib. Fridmanın “Qarşıdakı 100 il” adlı kitabında Türkiyə ilə bağlı yeni xəritə dərc edib. O, xəritəsində Türkiyənin 2050-ci ilədək öz təsir dairəsinə saldığı ölkələrin adlarını qeyd edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin qeyri-rəsmi mətbuat orqanı sayılan “Stratfor”a görə, Türkiyə 2050-ci ilədək bu ölkələri öz təsir dairəsinə daxil edəcək:

“Yunanıstan, Cənubi Kipr, Liviya, Misir, Suriya, İraq, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, Oman, Yəmən, Körfəz ölkələri, Gürcüstan, Ermənistan, Azərbaycan, Krım, Türkmənistan və Qazaxıstan”. Eyni zamanda xəritəyə baxdıqda adları çəkilən ölkələr arasında Özbəkistan, Şimali Qafqaz, Donbas kimi ərazilər də daxildir. Ümumiyyətlə, son illər illər Türkiyənin regional güc mərkəzinə çevrilməsi ətraf regionlardakı geosiyasi proselərə təsir imkanlarını artırıb. Bunu Yaxın Şərqdə, Şimali Afrikada, Balkan regionunda, Şərqi Aralıq dənizində, Ukrayna ilə münasibətlərdə, Cənubi Qafqazda və Mərkəzi Asiyada görmək olar.

Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatmasından sonra Türkiyə Mehri dəhlizi vasitəsilə Naxçıvan və Azərbaycan üzərindən, yəni Şərq-Qərb nəqliyyat dəhlizinə geniş çıxış əldə edib. Bu da öz növbəsində, perspektivdə Türkiyənin Mərkəzi Asiyada geosiyasi və geoiqtisadi fəallığının artmasına səbəb olacaq.

Türkiyənin ətraf coğrafiyada təsir dairəsinin artması Rusiya, İran, ABŞ, Fransa, Yunanıstan kimi ölkələrlə rəqabətin artmasına səbəb olub. Ona görə də yaxın gələcəkdə Yaxın Şərq, Cənubi Qafqaz, Mərkəzi Asiyada bu rəqabətin güclənəcəyi gözlənilir.

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, Corc Fridmanın yaydığı xəritə həqiqəti əks etdirmir:

“Qərb analitikləri mediada vaxtaşırı olaraq müxtəlif xəritələr yaymaqla həmin məlumatlara reaksiyalara öyrənməyə çalışır. Yəni xəritələrlə manipulyasiya etməklə beynəlxalq rəyi öyrənmək, ona olan reaksiyaları nəzərdən keçirmək və nəticələri təhlil etmək istəyirlər. Bu son xəritədə demək olar ki, Türkiyənin keçmiş Osmanlı imperiyası ərazisində təsir gücünü bərpa etməsini sanki, təqdim edirlər. Bu da təsadüfi deyil. Bir neçə ildir ki, Qərb mediasında yeni Osmanlı imperiyasının qurulması ilə bağlı əsassız olaraq həyəcan təbili çalınır. Həmin təbliğatın məqsədi bundan ibarətdir ki, guya Türkiyə dövləti Osmanlı imperiyasını bərpa etmək üçün hərəkətə keçib. Lakin bu iddiaların heç bir əsası yoxdur.

Türkiyə yalnız öz dövlət maraqlarından, demokratik respublika kimi cümhuriyyət mənafeyindən çıxış edir. Bütün ölkələr kimi Türkiyənin özünün geosiyasi və geoiqtisadi hədəfləri var. Bu hədəflərə çatmaq üçün Türkiyə lazımlı və nəticəli addımlar atır. Amma müxtəlif xəritələr yaymaqla Qərb dövlətləri üzərində qorxu atmosferi yaratmağa çalışırlar. Guya ki, qonşu dövlətləri belə bir təhlükə gözləyir və sairə. ABŞ, Rusiya və İran amilinə gəlincə, hər üç ölkə ilə Türkiyənin normal münasibətləri var. Co Bayden administrasiyasından da Türkiyə ilə bağlı müsbət mesajların verilməsinin şahidi olduq. Analoji yanaşmanı rəsmi Ankara da nümayiş etdirdi. ABŞ və Türkiyə NATO-nun üzvüdür və müttəfiq dövlətlərdir.

Tükiyənin Rusiya ilə çoxtərəfli əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq bir sıra formatlarda həyata keçirilir və hələlik müsbət nəticələr verir. İranla münasibətlərdə bəzən rəqabət yaransa da Yaxın Şərqdə problemli bölgələrlə bağlı yaxın əməkdaşlıq qurulub. Amma Türkiyənin yürütdüyü siyasi xətt yerləşdiyi coğrafiyanın təhlükəsizliyi, sabitliyi və rifahına xidmət edir. Burada hər hansı imperialist düşüncənin, siyasətin şahidi olmuruq. Ona görə də düşünürəm ki, sözügedən xəritənin yayılması siyasi manipulyasiyadır”.

Vüqar Zifəroğlu onu da vurğuladı ki, Türkiyənin regionu idarə etmək təcrübəsi var. Son illər Türkiyənin ətraf bölgələrdə, o cümlədən türk dünyasında nüfuzunun artması işğalçılıq və ya imperialist məqsəd daşımır. Türkiyə bölgənin inkişafı və çiçəklənməsinə yönəlik proseslərdə yer alır:

“Biz bunu Liviyada, Suriyada, İraqda, Qarabağda gördük. Bunlar Türkiyənin özünün də daxil olduğu, sülh və rifaha xidmət edən addımlardır. Səbəb isə təbiidir. Çünki Türkiyə bölgəni yaxşı tanıyır və yüz illərə söykənən idarəçilik təcrübəsi var. Bu da təbii olaraq bir sıra problemlərin həllində Türkiyənin aparıcı rol oynamasını təmin edəcək. Belə xəritələrin yayılması isə Türkiyənin müsbət roluna kölgə salmaqdan başqa bir şey deyil. Türkiyədən Osmanlı kabusu düzəlməyə çalışırlar. Məqsəd rəyləri öyrənmək və gələcəkdə Türkiyəyə qarşı atılacaq addımları müəyyənləşdirməkdir ”.

Geri qayıt