Əsas Səhifə > Dünya > Türkiyə yeni Konstitusiyaya doğru: Fərqli qütblər, təzadlı yanaşmalar
Türkiyə yeni Konstitusiyaya doğru: Fərqli qütblər, təzadlı yanaşmalar6-02-2021, 07:59 |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə yeni konstitusiyanın hazırlana biləcəyini deyib. Bildirib ki, Türkiyənin yeni konstitusiyasını müzakirə etmək vaxtı çatıb: “Biz buna qarşıdakı dövrdə başlaya bilərik. Proses şəffaf şəkildə həyata keçirilməli və son mətn xalqın qərarına əsasən təqdim edilməlidir”. Söhbət hansı dəyişikliklərdən gedə bilər və hansı dəyişikliklərə ehtiyac var? Yeni Türkiyə Konstitusiyasında nələr əksini tapacaq? Mövzunu AYNA-ya şərh edən Türkiyədə yaşayan azərbaycanlı politoloq, “TRT World” telekanalının siyasi analitiki Turan Qafarlının sözlərinə görə, hazırkı Türkiyə Konstitusiyası 1981-ci il dövlət çevrilişdən sonra hazırlanıb və bir neçə dəfə referendumlar vasitəsi ilə dəyişikliyə məruz qalıb: “Əlbəttə ki, Türkiyənin yeni Konstitusiyasını müzakirə etmək və həmişə bu cür müzakirələrə açıq olmaq lazımdır. Bu dəyişikliklər, əsasən ondan ibarət ola bilər ki, Türkiyədə partiyalar haqqında qanun yenidən dəyişilsin, yaxud partiyaların siyasi fəaliyyətləri yenidən nizamlansın və s. Çünki Türkiyədə daha demokratik Konstitusiyanın formalaşmasına hər zaman ehtiyac var və və olacaq”. “Ancaq bundan əvvəl bir məsələyə baxmaq lazımdır. Məsələn, Türkiyənin hazırkı Konstitusiyası nə qədər mükəmməldir, çatışmazlıq varmı, şərtlərinə nə qədər əməl edilir, yaxud bütün funksiyalar həyata keçirilirmi? Çünki Konstitusiyanın bütün funksiyaları yerinə yetirilsə, yeni Konstitusiyaya da ehtiyac olmaz. Düşünürəm ki, bu məsələlər də müzakirə edilməlidir”, - şərhçi bildirib. “Digər tərəfdən, bəzi müxalifət partiyaları Konstitusiya dəyişikliyi ilə bağlı açıqlamaya belə arqument gətirirlər ki, hal-hazırda iqtidar və onun ittifaqı istənilər səs limitini yığa bilmir və ona görə növbəti seçkilərdə çətinə düşə bilər ki, səs limitlərinin aşağı endirilməsi üçün Konstitusiyaya dəyişiklik edilə bliər. Həmçinin, müxalif qruplar bu məsələnin gündəmi dəyişmək üçün də ortaya atıldığını iddia edir və əsas problemlərin, əslində Konstitusiya yox, iqtisadiyyat və iqtisadiyyatın inkifaf etdirilməsi ilə bağlı olduğunu deyirlər. Təbii ki, bütün bu fikirlər fərqli siyasi qrupların baxış bucağıdır və düşünürəm ki, hər biri müzakirə edilməlidir”, - Qafarlı vurğulayıb. O, yeni Konstitusiyanın Türkiyə hökumətinin demokratikləşmə paketi ilə bağlı olub-olmamasına da toxunub: “Məlumdur ki, Bayden Administrasiyası hakimiyyətə gələndə Türkiyə hökuməti onların gəlişinə hazırlaşdığını və Bayden Administrasiyası ilə işləməyə maraqlı olduğunu demişdi. Əlbəttə ki, istənilən hökumət Amerika Birləşmiş Ştatları ilə yaxşı münasibət qurmağa çalışar, üstəlik, bu, yeni və yeni fikirlər gətirən iqtidardırsa. Bu baxımdan da heç bir hakim qüvvə Bayden hakimiyyəti ilə düşmən olmaq istəməz”. “Lakin mən düşünmürəm ki, bu, birbaşa Bayden hakimiyyəti və onun demokratikləşmə paketi ilə bağlıdır. Çünki Türkiyə hakimiyyəti və vətəndaşları, onsuz da hazırkı Konstitusiyaya əməl etsə, heç bir dəyişikliyə ehtiyac olmaz və Türkiyə çox gözəl bir vəziyyətdə olar. Yəni, Türkiyənin hazırda əsas problemi Konstitusiya yox, iqtisadiyyat və onun inkişaf etdirilməsi ilə bağlı ortaya çıxan əngəllərdir. Təbii ki, Türkiyəyə hər zaman demokratik Konstitusiya lazım olduğu üçün, gələcəkdə də Konstitusiyanı dəyişməyə ehtiyac olacaq”, - həmsöhbətimiz qeyd edib. Ekspert digər bir məqama da diqqət çəkib: “Çox vaxt bu cür məsələlərin, əsasən gündəmi dəyişməyə hesablandığı vurğulanır. Ona görə də Konstitusiyaya tam mənası ilə əməl edilsə, onsuz da bir çox probemlərin həll olacağı və yalnız bundan sonra yeni Konstitusiyaya ehtiyac olacağı deyilir. Çünki hal-hazırda Türkiyə cəmiyyəti, onsuz da bir çox qütblərə ayrılıb və hər seçki, hər referendum, hər konstitusiya bu cəmiyyəti daha da parçalayır. Lakin bu gün ayrılığa yox, birliyə ehtiyac var. Ona görə də bu birliyi təmin etmədən yeni Konstitusiya dəyişikliyinə getmək, seçki keçirmək yeni provokasiyalara və dolaysı ilə yeni parçalanmaya yol aça bilər ki, bu da hazırkı probemləri daha da artıra bilər. Həmçinin, dollar qalxa, Türk lirəsi enə, iqtisadiyyat daha da eniş edə bilər. Ona görə də əvvəlcə həll edilməsi vacib olan başqa problemlər həll edilməldir deyə düşüşünürəm. Çünki bir daha təkrar edirəm, hal-hazırkı Konstitusiyaya əməl edilsə, onsuz da bir çox probemlər həll edilə bilər”. Geri qayıt |