Əsas Səhifə > Dünya > Trampın şirkəti yenidən saxtakarlıq işi üzrə sənədləri təqdim etməyə məcbur edilib

Trampın şirkəti yenidən saxtakarlıq işi üzrə sənədləri təqdim etməyə məcbur edilib


30-01-2021, 12:50
Trampın şirkəti yenidən saxtakarlıq işi üzrə sənədləri təqdim etməyə məcbur edilib
Nyu York məhkəməsi keçmiş ABŞ prezidenti Donald Trampın “Trump Organization” şirkətindən və keçmiş dövlət başçısının tərəfdaşlarından fırıldaqçılıq işi üzrə istintaq çərçivəsində müstəntiqlərə yeni sənədlər təqdim etmələrini tələb edib.

“Report” xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat verib.

Dekabrda hakim Artur F.İnqoron “Trump Organization” şirkətinin fəaliyyətlərinə dair məlumatları təqdim etməli olduğuna dair qərar verib. “New York Times” yazır ki, bu məlumatların bəziləri Trampın Nyu York ştatının Uestçester Kaunti dairəsində yerləşən daşınmaz əmlakı ilə əlaqədardır. Cümə günü hakim şirkətin işi ilə əlaqəli daha çox sənədin, o cümlədən vəkillərlə yazışmaların prokurora verilməsini tələb edib. Trampın şirkəti bank kreditləri və vergi güzəştləri almaq üçün aktivləri barədə yanlış məlumat təqdim etməkdə şübhəli bilinir.

Keçən il Manhetten dairə prokuroru Sayrus Vens rəhbərlik etdiyi məhkəmədə böyük münsiflər heyəti “Trump Organization”un son səkkiz ildəki maliyyə sənədlərini tələb edib. Vens daha əvvəl ştat qanunlarını mümkün pozma hallarını aşkar etmək üçün Trampın maliyyə işləri ilə bağlı cinayət araşdırması apardığını bildirmişdi. Avqustda məhkəmə Trampın vəkillərinin onun maliyyə sənədlərinə girişinin qadağan edilməsi barədə vəsatətinə baxılmasını rədd edib.

Tramp həmçinin yanvarın 6-da Kapitoli binasında baş verən iğtişaşlara səbəb olmaqda günahlandırılır. Nümayəndələr Palatası artıq ona impiçment elan edib. ABŞ Senatı yekdilliklə keçmiş prezidentin impiçmentinə baxılmasını febralın 9-dək təxirə salıb.

Geri qayıt