Əsas Səhifə > Dünya > Səudiyyə Ərəbistanı ilə razılığa gələn Qətər Türkiyəyə xəyanət edəcək?

Səudiyyə Ərəbistanı ilə razılığa gələn Qətər Türkiyəyə xəyanət edəcək?


7-01-2021, 11:02
Səudiyyə Ərəbistanı ilə razılığa gələn Qətər Türkiyəyə xəyanət edəcək?
Bir müddət öncə Qətərlə Səudiyyə Ərəbistanı arasında münasibətləri nizamlamaq üçün razılıq əldə olunub.

Bu vaxta qədər Türkiyə həm iqtisadi, həm də siyasi baxımdan Qətəri Amerika və digər ölkələrin təzyiqindən qoruyub. Bu razılaşmadan sonra isə bəzi politoloqlar düşünür ki, Qətər Türkiyə ilə münasibətlərini poza bilər.

"MediaPost"un məlumatına görə, bununla bağlı türkiyəli siyasi yazar Taha Dağlı əksini düşünür. O bildirib ki, Səudiyyə Ərəbistanı ilə aradakı buzları əridən Qətər Türkiyə ilə daha da yaxınlaşacaq.

"Qətərdə böhran 2017-ci ilin iyun ayında başlayıb. Səudiyyə Ərəbistanı və BƏƏ-nin rəhbərliyi altında Qətərə embarqo tətbiq edilib və qarşısına bir çox şərtlər qoyulub. İlk şərt İranla olan münasibətləri ilə bağlı məsələ idi.

Qətər körfəz ölkəsi olaraq İranla ticarət əlaqələri qurub. Və Səudiyyə Ərəbistanı bundan narahat idi. Lakin bununla yanaşı, Qətəri İranla ticarət etdiyinə görə cəzalandıran BƏƏ Körfəz ölkələri arasında İranla ən böyük iqtisadi həcmə sahib olan ölkə olub, bu vəziyyət isə heç vaxt sorğulanmayıb. Qətər ABŞ-ın ona qarşı qurduğu bu ittifaqın təhdidlərinə boyun əyməyib. Bu zaman araya Türkiyə girib və Qətərə idxalı artırıb. Bundan sonra Qətərə tətbiq olunan embarqo ilə yanaşı, BƏƏ-Səudiyyə Ərəbistanının rəhbərliyi altında Dohaya qarşı hərbi müdaxilə də gündəmə gəlib. Qətərin işğal planına qarşı ən önəmli addım Türkiyədən gəlib.

Üç il yarımlıq bir müddətdə Qətər Türkiyə ilə əlaqələrini gücləndirib. Hətta son bir ildə İsrail ilə bəzi görüşlər keçirib. Son bir neçə ayda Qətər və digər Körfəz ölkələrini qarşı-qarşıya gətirən Tramp rəhbərliyi də Qətərlə ticarəti genişləndirib. Tramp həm Səudiyyə Ərəbistanına, həm də Qətərə silah satıb".

Yazar vurğulayıb ki, xüsusilə Bayden dönəmində Qətər Türkiyə ilə münasibətləri daha da yaxşılaşdırmağı düşünəcək:

"Trampın fəallığı ilə əldə olunan Qətər-Səudiyyə Ərəbistanı anlaşmasının təfərrüatları tam məlum deyil. Baydenə gəldikdə, bəlkə də razılaşmanın detalların çoxu tətbiq edilməyəcək. Bu anlaşmada uduzan qətiyyən Türkiyə olmayacaq. Əgər bir məğlub axtarırırqsa, o BƏƏ ola bilər. Çünki böhranın əsas fiquru onlar idi və böhranın ABŞ-ın əli ilə sonlandırılması nəticəsində BƏƏ-nin Qətərlə bağlı tezislərinin heç birinin qəbul edilmədiyi ortaya çıxıb".

Geri qayıt