Əsas Səhifə > Dünya > Putinin seçkiqabağı proqramı hazırdır

Putinin seçkiqabağı proqramı hazırdır


21-12-2017, 10:26
Putinin seçkiqabağı proqramı hazırdır
Vladmir Putinin növbəti dəfə Rusiya prezidentliyinə namizədliyi rəsmən dekabrın 26-da irəli sürüləcək. Bu barədə Rusiya Sənaye və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin bildirib. O, dekabrın 26-da Ümumrusiya Sərgi Mərkəzində (VDNX) keçiriləcək təşəbbüs qrupunun iclasında Vladimir Putinin Rusiya prezidentliyinə namizədliyinin irəli sürüləcəyini söyləyib. Bu barədə qərar Putinin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı yaradılan təşəbbüs qrupunun təşkilat komitəsinin iclasında verilib. Təşəbbüs qrupuna 600 nəfərə yaxın tanınmış ictimai xadim, elm adamları, incəsənət xadimləri daxildir. Təşəbbüs qrupunu hakim Vahid Rusiya Partiyası, Ümumrusiya Xalq Cəbhəsi, "Qələbə Könüllüləri”, Rusiya İctimai Palatası dəstəkləyir. Qeyd edək ki, Vladimir Putin deyib ki, namizədliyini fərdi qaydada irəli sürəcək, "Vahid Rusiya” partiyasının xətti ilə yox. Putin seçkiqabağı proqramının hazır olduğunu da vurğulayıb. Amma sənədin təqdimatı üçün vaxtın yetişmədiyini bildirib: "Mən, ölkənin inkişafına baxışlarımı bölüşən və mənə etibar edən siyasi qüvvələrin və vətəndaşların geniş dəstəyinə ümid edirəm”. Rusiyada prezident seçkilərində iştirak etmək üçün namizədliyini fərdi qaydada irəli sürən şəxs azı 300 min tərəfdarının imzasını toplayıb Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Bununla yanaşı, həmin namizədi dəstəkləyən və ən azı 500 nəfərdən ibarət təşəbbüs qrupu formalaşdırılmalıdır.

Beləliklə, sürpriz baş vermədi və Rusiya prezidenti 2024-cü ilə kimi prezident postunda qalacağını təsdiqlədi. Hazırda dünya mediası Rusiya prezidentinin gələcək strategiyasının nədən ibarət olacağı üzərində ehtimallar qurur, bu siyasətin əvvəlki dövrlərdən nə ilə fərqlənəcəyi ilə bağlı proqnozlar verir. Prezident də ilk açıqlamasında bildirib ki, dövlətçiliyin, sabitliyin və cəmiyyətdə birliyin qorunub saxlanılması prioritet kimi saxlanılacaq. Əlavə edib ki, ölkə yoxsulluq həddini aşmayıb, cəmiyyətdə hələ də yüksək həddə olan bərabərsizlik aradan qalxmayıb. Rusiya Statistika İdarəsi ötən gün təsdiq edib ki, hökumət əhalinin real gəlirlərinin aşağı düşdüyünü qarşısını ala bilməyib. Bununla yanaşı, artıq dövlət başçısının seçkiqabağı proqramının əsas tezisləri də hazırdır. Tezisin əsas müddəaları infrastrukturun inkişafı, səhiyyə, təhsil, yüksək texnologiyalar, əmək qabiliyyətinin artırılması və əhalinin gəlirlərinin çoxalmasıdır. Prezident onu da bildirib ki, Rusiyanı dünyanın intellektual ölkələri sırasına çıxarmağın vaxtı çatıb. Amma Rusiya mediası, ekspertlər bu ideyanın mümkünsüz olduğunu düşünürlər. Onların gəldiyi qənaət budur ki, prezident heç özü də nəyin hesabına liderliyə çatmağın yolunu bilmir. Büdcə kəsiri, ölkədə sosial problemlərin kəskin həddə çatması, neft və qazdan asılılıq güclü olaraq qalır. Vətəndaşlar köklü dəyişikliklər tələb edir. Əhalinin gəlirləri kəskin şəkildə azalır, təhsil, tibb və səhiyyə sahəsində islahatlar insanları qane etmir. Rusiya Elmlər Akademiyası Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələrinə görə, beş il ərzində sabitlik tərəfdarlarının sayı 70 faizdən 51-ə düşüb. Bir çoxları başa düşür ki, indiki sabitlik sünidir və böhran onu dərhal poza bilər.

Ən önəmli məsələlərdən biri də Rusiyanın xarici siyasət prioritetləri ilə bağlıdır. Hazırda əsas diqqət Rusiya-Qərb münasibətlərinin necə olacağıdır. Məsələn, "Levada” Mərkəzinin keçirdiyi sorğu zamanı respondentlərə "Rusiya ABŞ və Qərbin digər ölkələri ilə münasibətlər qurmalıdırmı” sualı verilib. Sorğuda iştirak edənlərin 24 faizi "bəli” cavabı verib. Halbuki, 2014-cü ildə bu rəqəm 13 idi. Yəni artıq əhali arasında özünütəcrid siyasətini dəstəkləyənlərin sayı azalmaqdadır. Ekspertlər hesab edirlər ki, prezidentin xaricdən kömək almamaq barədə çağırışını ciddi qəbul etməmək gərəkdir. Məsələn, Almaniyanın "Deutschlandfunk” nəşrinə müsahibəsində Sankt-Qallen Universitetinin professoru Ulrix Şmidt bildirib ki, prezident olmaq istəyənlərin sayı 23-ə çatsa da, artıq indidən Putinin qalibi olduğunu söyləmək olar. "Bəs gərəsən, Putinin bu qədər əhali arasında rəğbət qazanmasının, ona rəqibin ortaya çıxmamasının səbəbi nədir” sualına ekspert orijinal cavab verib. O, bunu Rusiyada funksiyalaşmış partiya sisteminin mövcud olmaması ilə əlaqələndirib: "Məsələn, Rusiyada Liberal-Demokratik Partiya var. Lakin bu partiyanın liberal sözündən xəbəri yoxdur, bu partiya sağ-millətçi siyasətçilərin partiyasıdır”. Ekspert Rusiya prezidentinin 2014-cü ildən bəri reytinqinin başgicəlləndirici sürətlə artığını təsdiq edir. "Lakin paradoksal olan odur ki, əhali hökumətin fəaliyyətindən narazıdır. Yəni əhali prezidenti qüdrətli sayır, hökuməti isə işinin öhdəsindən gələ bilməməkdə ittiham edir. Axı prezident istəsə, bu hökuməti dərhal buraxar. Ümumiyyətlə, belə hal Rusiyada əsrlər boyu hökm sürür. Rəhbər yaxşıdır, ətrafı isə pis. İndiki prezident də bundan məharətlə yararlanır. Yəni problem ortaya çıxanda, günahı kiminsə üstünə yıxmaq mümkün olsun”.

Norveçin "ABC Nyheter” nəşrində dərc edilən məqalədə isə yazılır ki, prezident seçkilərinin nəticələri artıq bəllidir. "Bu gün Putini əhalinin 70-80 faizi dəstəkləyir, Nə parlamentdə, nə parlamentdənkənar heç kim ona rəqib olmaq iqtidarında deyil. Əsas intriqa nə qədər insanın seçkilərə qatılacağıdır. Yəni seçkilərin nəticələrinin bəlli olacağı səbəbindən, bir çoxları, hətta Putinin tərəfdarları səsverməyə getməyə bilərlər. Analoji hal 2013-cü il Moskvada keçirilən mer seçkilərində yaşanmışdı. O zaman əksəriyyət Sergey Sobyaninin mer seçiləcəyini bildiyindən, seçkilərə getməmişdi. Nəticədə, müxalif namizəd Aleksey Navalnı 27 faiz səs toplamağa müvəffəq olmuşdu. Nəticədə hazırkı mer ikinci turdan canını güclə (51 faiz) qurtara bildi”. Ən maraqlı yanaşmanı isə "Le Monde” yazıb. Qəzet yazır ki, Rusiyada seçkilər martın 18-nə təyin edilib. Həmin tarix isə Krımın işğalı günüdür. Bu isə o anlama gəlir ki, Putinin siyasətində hər hansı bir dəyişiklik baş verməyəcək – Krımın və Ukraynanın digər vilayətlərinin işğalı, Abxaziya və Cənubi Osetiya siyasəti əvvəlki kimi qalacaq.
\\kaspi.az\\
Geri qayıt