Əsas Səhifə > Dünya > Şimali Koreya ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını araşdırır

Şimali Koreya ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını araşdırır


9-08-2017, 08:36
Şimali Koreya ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını araşdırır
Şimali Koreya ordusu Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirir. Bu barədə APA “Renhap” agentliyinə istinadən xəbər verir.

KXDR Strateji Qüvvələrinin Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən dərc edilən bəyanatına əsasən, Pxenyan “Xvason-12” qitələrarası ballistik raketlərin köməyi ilə ABŞ-ın Quam adasındakı hərbi bazalarını məhv etməyə qadir olması barədə Vaşinqtona ciddi siqnal ötürmək niyyətindədir.

Qeyd edək ki, Quam adasında ABŞ-a məxsus “Andersen” aviabazası və “Apra-Xarbor” hərbi-dəniz bazası yerləşir.

Xatırladaq ki, Şimali Koreya ötən ay ərzində iki dəfə “Xvason-14” ballistik raketini sınaqdan keçirib. ABŞ, Cənubi Koreya və Yaponiya raketlərin qitələrarası olduğunu iddia edirlər. Rusiya isə “Xvason-14” ballistik raketlərinin ortamənzilli olduğunu bəyan edib. KXDR isə, öz növbəsində, qitələrarası ballistik raketlərini bütün hallarda uğurla sınaqdan keçirdiyini bildirib.

Geri qayıt