Əsas Səhifə > Dünya > ABŞ-da aktiv neft quyularının sayı yenidən azalıb
ABŞ-da aktiv neft quyularının sayı yenidən azalıb22-07-2017, 10:52 |
ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı iyulun 15-dən 21-dək 2 ədəd və ya 0,21% azalaraq 950 ədəd təşkil edib. Bu, son bir ay ərzində baş verən ikinci azalmadır. Qeyd edək ki, ABŞ-da aktiv neft-qaz quyularının sayı 3 həftə öncə 23 həftəlik ardıcıl yüksəlişdən sonra 1 ədəd azalıb. "Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 1 ədəd və yaxud 0,13% azalaraq 764 ədəd, qaz quyularının sayı 1 ədəd və yaxud 0,53% azalaraq 186 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 0-a bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 393 və yaxud 105,9%, qaz quyularının sayı isə 98 ədəd və ya 111,4%, ümumilikdə isə neft-qaz quyularının sayı 488 ədəd və yaxud 105,6% artıb. Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən il mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,41 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 52,5% aşağıdır. "Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 45-55 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir: "Neftin qiymətinin 45 dollar/barelə yaxınlaşması ABŞ-da aktiv neft quyularının sayının artmasında səngiməyə gətirib çıxaracaq. Qiymətin 55 dollar/barelə yaxınlaşması isə neft quyularının aktivləşməsinə səbəb olur". Geri qayıt |