Əsas Səhifə > Dünya, Güney Press > Sarkisyan daşnaklarla koalision hökumət qurur
Sarkisyan daşnaklarla koalision hökumət qurur13-05-2017, 10:07 |
Serj Sarkisyan rejimi Ermənistanda aprel seçkilərində yaşanan rəzalətdən sonra koalision hökumətin qurulması istiqamətində ilk addımını atıb. Gözlənildiyi kimi, hər zaman hakimiyyətin "əl buyruqçusu” rolunu oynayan daşnaklar yeni hökumətdə yer alacaq. Ermənistan prezidentinin iqamətgahında hakim Ermənistan Respublika Partiyası (ERP) və Daşnaksütyun Erməni İnqilab Federasiyası (DEİF) arasında koalisiyanın formalaşması ilə bağlı memorandumun imzalanması mərasimi keçirilib. "Novosti Armeniya” yazır ki, ERP tərəfindən memorandumu partiyanın sədr müavini Armen Aşotyan, DEİF tərəfindən isə qurumun ali orqanının nümayəndəsi Aqvan Vardanyan imzalayıblar. Məlumat üçün bildirək ki, hakim respublikaçılar aprelin 2-də keçirilmiş parlament seçkisində 105 mandatdan 58-ni qazanıb. Bu, 50 faizdən çox olsa da, Respublika Partiyasının hökumət təşkil etməsi üçün başqa bir partiya ilə koalisiyaya girməsi zəruri idi. Daşnaksütyun Partiyasının malik olduğu 7 mandat hökumətin mandat sayını 63-ə çatdıraraq beşdə üç çoxluğu təmin etmiş olur. Ehtimal olunur ki, DEİF artıq əldə etdiyi 3 nazir portfelini özündə saxlayacaq və güman ki, həmin şəxslər öz vəzifələrinə yenidən təyin ediləcəklər. Hazırkı Ermənistan hökumətində Regional İdarəetmə, Təhsil və Ətraf mühitin qorunması nazirlikləri Daşnaksütyun partiyasının ixtiyarına verilib. Lakin aprelin 2-də cəmi 7 faiz səs toplayan Daşnaksütyun daha bir nazir portfelini özünə götürməyə çalışır. Daşnaklar Sarkisyandan kifayət qədər geniş maliyyə xərclərinə malik olan əmək və sosial işlər və ya səhiyyə nazirliklərindən birini istəyir. Bundan başqa, ölkənin iki vilayətinin, Araqatsont və Şirak vilayətlərini qubernatorları da daşnakdır. Beləliklə, tənəzzülü getdikcə daha sürətli xarakter alan Ermənistan koalision hökumət yaradılmasına daha çox maraq göstərir və artıq bu istiqamətdə ilkin addımlarını atıb. Lakin erməni mediası yazır ki, yeni koalisiya Ermənistan iqtisadiyyatını fəlakətli durumdan xilas etməyə qabil olmayacaq. Hazırda daşnaklar üçün əsas niyyət hökumətdə mümkün olduğu qədər daha çox vəzifə əldə etməkdir. Hətta iddialar səslənir ki, bu partiya müdafiə naziri vəzifəsini də ələ keçirə bilər. Amma daşnakların da ölkəni tənəzzüldən xilas etməsi mümkün sayılmır. Hazırda bu tənəzzül getdikcə dərinləşir. Ermənistanda iri şirkətlər bu fonda kütləvi ixtisarlara başlayıb. Belə şirkətlər ağır iqtisadi situasiya qarşısında kütləvi ixtisarlara gedərək xərcləri azaltmağa çalışırlar. Son aylarda nə qədər adamın işdən çıxarıldığına dair dəqiq statistika açıqlanmasa da, Maliyyə Nazirliyinin apardığı monitorinq ölkədə qeydiyyatdan keçmiş 520 şirkətin əməkdaşlarının son bir ildə 3600 nəfər azaldığını təsdiq edib. Buna paralel olaraq ölkəni tərk edənlər də artır. Ermənistan Mərkəzi Bankının sabiq sədri Baqrat Asatryan da etiraf edir ki, ölkədə mühacirət artıq bütün miqyasları keçərək ümummilli fəlakətə çevrilib və imkanı olan qaçır. Onun sözlərinə görə, kütləvi mühacirət və vətəndaşların ölkəni tərk etməsi nəticəsində yaxın 5-7 ildə Ermənistanın əhalisi yarıbayarı azala bilər. Yeri gəlmişkən, yayılan xəbərlərə görə, müdafiə naziri Viqen Sarkisyanın baş nazir vəzifəsinə gətirilməsi üçün ictimai rəy formalaşdırılır. "Jamanak” qəzeti xəbər verir ki, Serj Sarkisyan üçün 2017-ci ilin aprel ayından 2018-ci ilin aprel ayının 9-dək bu vəzifəyə ən yaxşı və mümkün namizəd ölkənin müdafiə naziri Viqen Sarkisyandır: "Bu məqsədlə ictimaiyyətin belə böyük dəyişikliklərə hazır olması üçün böyük səylər göstərilir. Məhz bu səbəbdən Viqen Sarkisyan respublikaçıların siyahısında əvvəldə gələcək”. Nəşrin yazdığına görə, prezident səlahiyyətlərinin müddətinin bitməsinə, yəni 2018-ci ilin aprel ayına qədər partiyanın müxtəlif yürüşlər və ictimai tədbirlər keçirmək planları da var: "Həmin tədbirlər zamanı iştirakçılar Serj Sarkisyana hökumətə rəhbərlik etməsi, yəni ölkənin baş naziri olması üçün "yalvaracaqlar”. V.Sarkisyan 2018-ci il aprel ayının 9-dək öz vəzifəsindən imtina edəcək və prezident səlahiyyətlərinin müddəti başa çatdıqdan sonra baş nazir vəzifəsinə keçəcək. Bu halda, Karen Karapetyan özü üçün müvafiq vəzifə tapa bilməsə, bu proqramı pozmaq üçün əlindən gələni etməli və ya böyük məvacibli "qazanc” üçün Rusiyaya qayıtmalıdır”. Lakin məsələ ondadır ki, baş nazir Karen Karapetyan öz postunu tərk etmək niyyətində deyil. Erməni mətbuatı xəbər verir ki, bu yaxınlarda Ermənistana gələn Avstriya "İctimai” radiosunun müxbiri Eliza Vas səfər çərçivəsində baş nazir Karen Karapetyanla görüşüb. "2018-ci ildə baş nazir kimi qalmağa və respublikanın rəhbəri olmağa hazırsınızmı” sualına Karapetyan düşünmədən "bəli, hazıram” deyə cavab verib. Ekspertlər hesab edirlər ki, Sarkisyanla Karapetyan arasında başlayan vəzifə davası Ermənistan hakimiyyətinin parçalanmasına gətirib çıxaracaq. "Haykakan jamanax” qəzeti yazır ki, onların arasında nəinki rəsmi, hətta işğüzar görüş belə keçirilmir. \\kaspi.az\\ Geri qayıt |