Əsas Səhifə > Dünya > Putin Medvedyevi qurban verir
Putin Medvedyevi qurban verir28-03-2017, 09:32 |
Rusiya əyalətlərində martın 26-da başlayan aksiyalar paytaxt Moskvaya və Sankt-Peterburqa çatıb. Şimal qonşumuzdakı hadisələr şübhəsiz ki, Azərbaycanda da diqqətlə izlənir. İndi Azərbaycanda “Qərb Rusiyanı içəridən dağıtmağa qərar verdi” kimi versiyalar daha populyardı. 17 illik Putin hakimiyyətinin gözlənilmədən içəridən “çat verməsi”, özünə gün ağlamayan Qərbin(?) Rusiyada inqilab hazırlaması, polisin əyalətlərdə müxalifət fəallarının qarşısından “qaçması” kimi versiyalar əlbəttə ki, reallıqdan uzaq görünür. Putin hakimiyyəti bəlkə də heç vaxt olmadığı qədər indi güclüdür. Doğrudur, son rəy sorğularında Kreml rəhbərinin ölkədaxili reytinqində müəyyən geriləmə nəzərə çarpırdı, amma bu, ölkəni silkələyəcək həddə deyildi. Son aylar əyalətlərdə və mərkəzi hakimiyyətdə ciddi kadr dəyişikliyi də Putinin mövqelərini xeyli möhkəmlədib. Generalitetdə də özünə sadiq adamları ön vəzifəyə çəkən Putin gələn il keçiriləcək seçkilərə hazırlıq içərisindədir. Amma onun prezidentlik yolunda əngəllərdən biri və bəlkə də birincisi indi Rusiyada baş verənlərin əsas antiqəhrəmanına çevrilmiş baş nazir Dmitri Medvedyevdir. Rusiya prezidenti Vladimir Putin martın 14-də keçirdiyi Nazirlər Kabinetinin geniş iclasında Dmitri Medvedyevin iştirak etməməsini ölkədəki qrip epidemiyası ilə izah etmişdi. Bu toplantıdan sonra həqiqətən də baş nazir “gözdən itdi” və prezidentin Təhlükəsizlik Şurasının iclasında belə iştirak etmədi. Rusiya mediası və sosial şəbəkə dərhal bu xəbərlərə “Putin Medvedyevlə yollarını ayırır” rəngi verərək, baş nazirin gözdən itməsinin qriplə bağlı olduğuna şübhə ilə yanaşdılar. Medvedyevin qısa müddət sonra işə çıxması və “mən xəstə deyildim” söyləməsi bu məsələ ətrafında müəmmanı daha da artırdı. Rosbalt.ru saytı yazır ki, Medvedyev bu sözləri ağır yüklü maşınların sürücüləri ilə görüşündə deyib. Belə ki, sürücülərdən biri baş naziri sağalmasına sevindiyini deyib, Medvedyev isə faktiki olaraq prezidenti təkzib edərək, xəstə olmadığını söyləyib. Yada salaq ki, ötən ilin avqust ayında da Medvedyevin istefaya göndəriləcəyi haqda informasiya yayılmışdı. Medvedyevin istefaya göndəriləcəyi və onun yerinə keçmiş maliyyə naziri, baş nazirin ən qatı əleyhdarı kimi tanınan Aleksey Kudrinin gətiriləcəyi haqda informasiyaları Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təkzib edərək hökumətin tərkibində də heç bir dəyişiklik gözlənilmədiyini bəyan etmişdi. Rosbalt yazır ki, Medvedyevin “siyasi qripi”nə səbəb prezidentin ona istefaya getməsi təklifindən sonra baş verib. Bildirilir ki, Putin hələ 2011-ci ildə baş nazirlə anlaşıb ki, 2018-ci ilə - yəni növbəti prezident seçkilərinə qədər baş naziri dəyişməyəcək. İkinci versiyaya görə isə Medvedyev Navalnının onu korrupsiya ilə ittiham edən filmindən sonra istefasını tələb edən “Kreml qırğılarından” inciyib və paytaxtı tərk edib. Bildirilir ki, Medvedyev yalnız Putinin israrından sonra bugünlərdə iş başına qayıdıb. Rusiya mediası yazır ki, əgər Medvedyevin yaxın günlərdə istefaya göndərilməsi reallaşmasa, o halda əks proses başlaya bilər. Yəni Putin hökumətdə anti-Medvedyev qruplaşmasını dağıtmalı olacaq. Bildirilir ki, aprel ayında Putinin Medvedyevi seçəcəyi, yoxsa onunla vidalaşacağı məlum olacaq. Amma Rusiyada martın 26-da baş verən hadisələr Medvedyevi bütün dünyada hədəfə çıxarıb. Məlumdur ki, martın 26-da müxalifət fəalı Aleksandr Navalnının təşəbbüsü ilə Rusiyanın bir neçə şəhərində korrupsiya əleyhinə keçirilən etiraz aksiyalarının əsas hədəfi də məhz baş nazir olub. Mitinqlərin keçirilməsinə səbəb Medvedyevlə bağlı çoxsaylı daşınmaz əmlak obyektlərinin mövcudluğunu iddia edən Navalnı Fondunun araşdırması olub. Navalnı Medvedyevin gəlirsiz təşkilatlar kimi kölgəli şəbəkələr vasitəsilə daşınmaz əmlak, yaxtalar və üzüm bağları kimi sərvətlərə malik olduğuna dair detallı hesabatından sonra ölkənin əksər bölgələrində aksiya çağırıb. Uzaq Şərqdən paytaxt Moskvayadək əks-səda verən bu mitinqlər 2011-2012-ci illərdə keçirilən mitinqlərdən sonra ən böyük və təşkilatlanmış aksiyalar hesab edilir. Martın 27-də etiraz aksiyaları Moskva və Sankt-Peterburqda davam etdirilib. Paytaxtda müxalifətin təşkil etdiyi aksiyada 3 minədək insan iştirak edib. Maraqlıdır ki, aksiyalarda Putin əleyhinə plakatlar da gözə dəysə də, əsas hədəf baş nazir olub, o, az qala ölkədə baş verən bütün iqtisadi bəlaların səbəbkarı kimi göstərilib. Rusiyanın rəsmi KİV-ləri aksiyalarla bağlı xəbərləri gizlədib, amma məlum olub ki, güc strukturları paytaxtdan kənar keçirilən aksiyalara ciddi müdaxilə də etməyib ki, bu da diqqət çəkir. Çünki Putinin yerli canişinləri miqyasından asılı olmayaraq bu cür etiraz aksiyaların qarşısını dərhal almağa üstünlük verir. Martın 26-da isə Medvedyev əleyhinə aksiyalarda güc strukturları humanist davranıblar ki, bu da yenə diqqətləri baş nazirin istefasına yönəldib. Daha bir maraqlı məqam isə Medvedyevin martın 26-da başlanılan aksiyalar zamanı harada olması ilə bağlı xəbərlərin rus mediasında geniş tirajlanmasıdır. Məlum olub ki, Rusiyanın baş naziri korrupsiya ilə mübarizə şüarı altında mitinqlər keçirilən zaman... xizək sürürmüş. Müxalifət lideri Navalnının həbsinə baxmayaraq, aksiyaların Rusiyanın iri şəhərlərinə çatması artıq Kremlin müdaxiləsini zəruri edir. Martın 27-də polis öz gücünü göstərib, yüzlərlə müxalifət fəalı həbs olunub. Medvedyevin rəhbərlik etdiyi hökumət ağır iqtisadi sanksiyalara baxmayaraq, ötən ilin sonu və bu ilin ilk üç ayında maliyyə bazarında stabilləşməyə nail olub. Rublun kursunun möhkəmlənməsi və ÜDM həcminin cüzi də olsa artması hökumətdən narazılıqları azaldıb. Yəni faktiki olaraq hökumət nə bacarıbsa onu edib. Amma indi əsas hədəf son nəticədə Putin rejimi olsa da, Kremllə narazı kütlənin arasında baş nazir amili qoyulub. Bu, Putinə imkan verir ki, “xalqın basqısı altında” baş naziri istefaya göndərsin və ya onu daha uyğun bildiyi zamanda hökumət rəhbərliyində ayrılmasına razı salsın. “YM” Geri qayıt |