Əsas Səhifə > Dünya > Rusiya Krıma raketlər gətirir və “Qafqaz-2016” manevrlərinə hazırlaşır
Rusiya Krıma raketlər gətirir və “Qafqaz-2016” manevrlərinə hazırlaşır13-08-2016, 09:02 |
Rusiya 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krımda yeni hava hücumundan müdafiə sistemlərini yerləşdirdiyini elan edib. Rusiya mediası Krımda S-400 raketlərinin yerləşdiriləcəyi barədə məlumatı hələ bir ay bundan əvvəl vermişdi. Moskva həmçinin gələn həftə Krımda “Qafqaz-2016” kod adlı hərbi manevrlərinin ilkin təlimlərinə başlayacağını elan edib. Təlimlərin əsas hissəsi sentyabr ayında yer alacaq. Bundan az əvvəl Moskva Ukraynanı Krıma təxribat qrupu göndərməkdə ittiham edib. Kreml bildirir ki, “Ukrayna təxribatının” qarşısı Rusiyanın xusisi xidmətləri tərəfindən alınıb. Kiyev Krıma təxribatçı qrup göndərdiyi barədə xəbərləri təkzib edir. Avqustun 12-də etdiyi çıxışda Rusiyanın baş naziri Dmitri Medvedev deyib ki, yaranmış vəziyyətdə Moskva Kiyevlə diplomatik münasibətlərini kəsə bilər. Ukrayna öz silahlı qüvvələrini hərbi həyəcan vəziyyətinə gətirib. Şahidlər Ukrayna tanklarının Krım istiqamətində hərəkət etdiyini görüblər. Raketlər və təyyarələr Krımda yerləşdirilmiş S-400 raket sisteminə gəlincə isə, Rusiyanın Interfax agentliyi bildirib ki, yeni sistemin raketləri hava hədəflərini 400 kilometrlik məsafədə, saniyədə 4, 8 kilometr sürətlə uçan ballistik raketləri isə 60 kilometrədək məsafədə vura bilir. Agentlik bildirib ki, Krımdakı raket sistemlərinin bir vəzifəsi də Suriyadakı Hmeymim hərbi hava bazasının müdafiəsi olacaq. Hərçənd Rusiya Hmeymim bazasının özündə S-400 raketlərini ötən noyabrda, Türkiyə Rusiyaya məxsus hərbi təyyarəni vurduqdan sonra yerləşdirmişdi. Rusiya Müdafiə Nazirliyinin bəyantında deyilir ki, “Qafqaz-2016” hərbi oyunlarının şərti düşmənin kütləvi qırğın silahlarının dəf edilməsi simulyasiya olunacaq. Bu manevrlərdə Rusiyanın radiasiya, bioloji və kimyəvi silahlardan müdafiə qüvvələri də iştirak edəcək. Eyni zamanda Volqoqradda Solntsepyok raket sistemlərindən istifadə olunacaq. Bundan başqa Rusiya özünün Cənub Hərbi Dairəsinə əlavə olaraq 40 döyüş təyyarəsi göndərəcəyini bildirib. SSRİ vaxtında da Cənub Hərbi Dairəsi adlanan əraziyə həm də Azərbaycan, Ermənistan, Gürcüstan daxil idi. Bu hərbi dairə ənənəvi olaraq Türkiyə və İrana qarşı dururdu. Ukrayna və ABŞ narahatdır Rusiyanın misli görünməmiş “hərbi hazırlığı” Ukrayna və Qərbdə ciddi narahatlığa səbəb olub. Ukraynanın BMT-dəki elçisi bəyan edib ki, Rusiya Krım və Ukraynanın sərhədinə 40 min əsgəri qüvvəlik qoşun yığıb. Bu arada ABŞ-ın Avropadakı silahlı qüvvələrinin komandanı bəyan edib ki, Rusiya elan edilmiş manevrlərinə jurnalistlər də daxil müşahidəçiləri dəvət etməlidir. General Ben Hodges Ukrayna sərhədinə 40 min Rusiya əsgərinin cəmləşdirildiyi barədə Ukraynanın narahatlığına şərh verməsə də, deyib ki, Rusiya manevrlərə müşahidəçiləri dəvət etməklə narahatlıqlara son qoymalıdır. Avropadakı ABŞ silahlı qüvvələrinin sözçüsü xatırladıb ki, NATO ötən iyunda Polşada “Anakonda” adlı manevrləri keçirərkən Rusiyanın hərbi müşahidəçilərini dəvət etmişdi. NATO-nun həmin manevrlərində 31 min hərbçi iştirak edirdi. Geri qayıt |