Əsas Səhifə > Ölkə, Manşet > 6 bank Qarabağ əlilini məhkəməyə verib
6 bank Qarabağ əlilini məhkəməyə verib2-02-2016, 12:25 |
«Finca», «Unibank», BTB, «Bank of Baku», «Kapital Bank», Beynəlxalq Bank...». Aradabir beynini çalışdırıb bankların adını xatırlamağa çalışır. Əsəbi, qayğılı, narahat çöhrəsi gah tutulur, gah açılır... Deyir, quru, cüzi təqaüdlə 6 bankın qarşısında duruş gətirmək zarafat deyil... 17 MİN DOLLARI NECƏ QAYTARMALI?.. Zığ kəndində 2-ci qrup Qarabağ əlili Qulamhüseyn Həsənovun ailəsində bircə sualın cavabı tapılsaydı, bu ailə də əvvəlki rahatlığına qayıdardı – 6 banka 17 min dollar borcu necə qaytarmalı?.. Qulamhüseyn kişi 2 il əvvəl ailəsinin bir problemini həll etməkdən ötrü bankların birindən kredit götürüb. Kredit dollarla hesablanıb, manatla ödənilib. Deyir, əvvəllər balıqçılıqla məşğul olurmuş, krediti vaxtında ödəyirmiş. Sonra balıq tutmasını yasaqlayıblar. O da bir krediti qaytarmaq üçün başqa banklara baş vurmalı olub. Beləcə, ödəniş etməli olduğu bankların sayı 6-ya çatıb. İndi banklara ümumi borcu 17 min dollar civarındadır. «Dollar qalxmamışdan əvvəl, tutaq ki, birinə 70, birinə 60, birinə 160 verirdimsə, indi hamısı artıb. Baxdım ki, hamısının aylıqları gedib çıxıb 200-250 manata. Ödəyə bilmirəm...» PENSİYASINA BANKLAR ƏL QOYUB Qarabağ savaşı görüb, yaralanıb, bir ayağını amputasiya edib protezləşdiriblər. İndi xəstə canı-cəsədiylə, bir ayağı üstə 6 bankla çarpışır. Deyir, işini itirəndən sonra ailəni əlillik pensiyası ilə dolandırırmış. Ona da tezliklə banklar əl qoyub: «Pensiya almıram... Niyə? Çünki Beynəlxalq Bank kartımdan borcumu çıxır. Prezidentə də, xanımına da yazmışam ki, lap dar ayaqda gəlsinlər, protezimi aparsınlar, satsınlar, pulunu götürsünlər. Bizi o dərəcəyə çatdırıblar ki, uşaqlarım deyir, «ata, dar ayaqda böyrəyimizi verək, sataq, bircə banklar bizdən əl çəksin». «Kənd soveti»nə də, hər yerə də demişəm, «üstümə gəlməyin, benzini töküb özümü yandıraram». Başqa çarəm yoxdur. 5 qız böyüdürəm, imkansızlıqdan məktəbə göndərə bilmirəm». Protez ayaq üstə dayanan əlil 17 min dolları banka necə qaytarsın?.. Hələ ki, ölkənin maliyyə naziri bu sualı belə cavablandırır: «Banklar xeyriyyə cəmiyyəti deyil...». Geri qayıt |