Əsas Səhifə > Ölkə, Manşet > "Rokfeller" köhnə üsulunu yeni ünvanda da tətbiq edir...

"Rokfeller" köhnə üsulunu yeni ünvanda da tətbiq edir...


9-09-2015, 10:45
"Rokfeller" köhnə üsulunu yeni ünvanda da tətbiq edir...
DİA.AZ: - Dövlət Gömrük Komitəsinin rəhbərliyinin Balakən Gömrük İdarəsinin Mazımçay keçid məntəqəsində baş verən biabırçılıqlar barədə dövri mətbuatda gedən tənqidi yazılardan yəqin ki, məlumatınız var. Bildiyimizə görə, bu cür problemləri ört-basdır etmək üçün çox zaman gomrük idarələrində rəhbər işçilərin yerdəyişməsi aparılır. Ümumilikdə, az qala dəb halını almış belə sürüşdürmələr nəticəsində neçə-neçə səhlənkar gömrük işçisi məsuliyyətdən yaxa qurtarmağa müvəffəq olur.Təəssüflə qeyd etməliyik ki, gömrük sistemini cənginə almış belə neqativ idarəçiliyin ən böyük ziyanı ilk növbədə ölkəmizin imicinə toxunur.

Sərhəd-keçid məntəqələrinin nümayəndələri xarici turistlərin ilk üzləşdiyi azərbaycanlılar olaraq gərək tutduqları vəzifənin məsuliyyətini dərindən dərk etsinlər.Milli mədəniyyətimizin və əxlaqımızın ən gözəl nümunələrini davranış və ünsiyyətlərində hər zaman əks etdirməli olan gömrük əməkdaşları özləri də hiss etmədən daim müşahidə altında olurlar. Söhbət heç də vəzifə məsuliyyətinə aid olan məsələlərdən getmir. Demək istəyirik ki, hər bir gömrük əməkdaşının hərəkəti ölkəmizə gəlib gedən insanların diqqəti ilə müşayiət olunur. Ona görə də, gömrükçü yernə yetirdiyi vəzifənin mahiyyətini keyfiyyətcə yeni şəraitə uyğun şəkildə mənimsəməlidir. Lakin bu vacib məsələni qulaqardına vurulmasının şahidi olmaq üçün yetər ki, bircə dəfə Balakən Gömrük İdarəsinə kiminsə işi düşsün. İdarənin rəisi bir müddət öncə Astara Gömrük İdarəsindən transfer edilmiş Hikmət Məmmədovun əvvəlki iş yerindəki reputasiyası heç də hansısa müsbət keyfiyyətlə seçilməyib.

Ona görə də Hikmət Məmmədovun yeni təyinatı Balakəndəki vəziyyətin yaxşılaşması əvəzinə daha da ağrılı mənzərələrlə müşayiət olunmasına səbəb oldu. İdarənin Mazımçay gömrük-keçid məntəqəsində gömrükçülərin vətəndaşlarla təmasları yumşaq desək əda və saymazlıq üzərində qurulub. Burada mədəni, nümunəvi gömrük işçisi əvəzinə mənəm-mənəmlik iddiaları ilə meydan sulayan papanın gül babalarına rast gələ bilərsiniz. Başa düşmək olmur ki, bu adamlar gömrük əməkdaşlarıdır, yoxsa obyekt sahibi. Görünür, elə bu səbəbdəndir ki, ölkəmizə Balakən Gömrük İdarəsinin keçid məntəqələri vasitəsilə təşrif buyuran xarici qonaqlar bizim gömrükçülərin əlindən qan ağlayır. Yolunu Mazımçay keçid məntəqəsindən salanların sinirləri demək olar ki. hər dəfə tarıma çəkilir. Məntəqənin İlkin adlı əməkdaşının qeyri-etik rəftarı nəticəsində yaranmış narazılıqlar barədə yuxarı instansiyalara məlumatlar verilsə də, heç kəsi bu hal maraqlandırmır. Qeydiyyat və yoxlama prosedurlarının bilərəkdən uzadılması, bəzi hallarda vətəndaşlardan məsələyə aidiyyəti olmayan sənədlərin tələb edilməsi və sair situasiyalar ölkə gömrükçülərinin imicinə xələl gətirən hal kimi təhdid edilməlidir. Görünür, cəzasızlıq şəraitinə öyrəşmiş əməkdaşların heç kəsdən və heç nədən qorxusu yoxdur. Oxşar situasiya Balakən Gömrük İdarəsinin Muğanlı gömrük postunda da müşahidə edilməkdədir. Belə biabırçılıqları seyr edəndə, düzü adamın ürəyi ağrıyır. Necə olmasa, qanunun qulpundan yapışıb vətəndaşı sıxışdırmaq üçün bir alət kimi istifadə etmək heç kəsə, o cümlədən gömrük əməkdaşına başucalığı gətirə bilməz. İstər-istəməz düşünməli olursan ki, vəzifəsinin mahiyyətini sonadək dərk edə bilməyən belə gömrük işçiləri olan ölkəyə düşmən əks-təbliğatı lazım deyil. Necə deyərlər hər şey göz qabağındadır.

DİA.AZ xatırladır ki, hələ Astaradan Hikmət Məmmədov "Rokfeller" ləqəbi ilə tanınırdı. İndi isə aydın olur ki, "Rokfeller" köhnə üsullarını yeni ünvanında da təbiq etməyə başlayıb.

Geri qayıt